SON XƏBƏR

Əjdər Zeynalov : "Həyatımda teatrı heç nə əvəz edə bilməz"

İyun 10
14:38 2021
Nə vaxtsa məhşur bir filmin qəhrəmanı belə bir söz demişdi: "vaxt gələcək televiziya, bütün sənətləri əvəz edəcək... "Düşünürəm ki, o vaxt gəldi amma təəssüf ki, teatr sənətini əvəz edə bilmədi... Çünki canlı ünsiyyətin insana bağışladığı əvəzolunmaz təsir hər şeydən güclüdür... Və mənim teatr qəhrəmanımı tanıdığınız zaman bunun şahidi olacaqsınız...

İstedadlı aktyor Əjdər Zeynalov İrəvan teatrının aktyorudur. Böyük tarixə malik olan bu teatrda yaddaqalan obrazlar yaradıb, özünü tamaşaçıya sevdirə bilib... Lakin günlərin bir günündə haqsız olaraq teatrdan uzaqlaşdırılıb... Bu günə qədər niyə? nə üçün? suallarına nə özü cavab tapır, nə də cavab verən var...
Amma yaradıcılığı bu günə qədər davam edir. Seriallara, bədii filmlərə çəkilir.

- Əjdər bəy kino, teatrı əvəz edə bilirmi?

- Mümkündürmü? Əlbəttə yox... Mən teatra bir məbədgah kimi baxıram... Təsəvvür edin böyük bir yaradıcı heyət aylarla məşq edir və sonda o böyük an gəlir: tamaşaçının alqışı... Bu alqış hər şey deməkdir... Sənətinə verilən ən böyük qiymət... Bax bu canlı ünsiyyəti heç nə əvəz edə bilməz... Bu alqışı tamaşaçı da gözləyir ki, sənə öz təəssüratını çatdırsın, aktyor da...

- Mənfi obrazların mahir ifaçısı kimi yadda qalmısız... Bu nədən irəli gəlir?

- Məncə, müsbət obrazları oynamaq çox asandır, amma mənfi obraz, aktyordan gərgin iş tələb edir... Komediya da belədir, güldürmək çox çətindir... Əgər aktyor işini sevərəkdən görürsə, nəticə mütləq gözəl olacaq.

- Baxın professional aktyorsuz, amma zaman zaman bəzən kommersiya xatirinə çəkilən filmlərdə də çəkilirsiniz?... Niyə?

- Doğrudur... Bu gün zəif filmlər, seriallar da var və bunu inkar etmək olmaz. Və əgər mən teatrdan uzaqlaşdırılmışamsa demək ki, bu sahədə çalışmalıyam... Çünki, aktyor olaraq, başqa gəlir yerim yoxdur... Amma məsələnin başqa bir tərəfi də var... Professional aktyorun zəif filmlərdə yer alması filmə müsbət təsir göstərir və onun reytinqini də bəzən qaldıra bilir. Bizdə bu sahədə uğurlu gənclər də çoxdur... Zamanla hər şey düzələcək.

- Ən əsas sual, İrəvan teatrının aktyoru Qarabağ sevincini necə qarşıladı?

- Sanki ali baş komandanımız İlham Əliyev cənabları dünyanı bizə bağışladı... İnanın, bu ruhən insanın sevincdən uçuşuna bənzəyir. Şuşanın alınması Azərbaycanın bütövlüyü, birliyi, gücü deməkdir. Mən hər zaman dövlətimi dəstəkləmişəm və inanıram ki, biz hələ dövlət olaraq çox uğurlara imza atacağıq.

- Hazırda teatrdan uzaqlaşdırılmısınız və yəqin ki, haqq mütləq öz yerini tapacaq və siz teatra yenidən qayıdacaqsız... Amma rol baxımından yaş ötür və siz zaman itirirsiniz...

- Doğrudur... Yaş ötdükçə rollar da dəyişir və sənin fiziki imkanların da əvvəlki olmur... Bunu mənə yaşadanlar əlbəttə ki, nə vaxtsa cavab verəcəklər. Ən azından Tanrı qarşısında.

- Teatrda, özünüzə qarşı haqsızlıqdan sonra bu sənəti tamam atmaq fikri olmayıb sizdə?

- Açığı, maddi baxımdan çox çətin durumda olanda özümə bu sualı çox vermişəm. Çünki, mən tək deyiləm, ailəm qarşısında bir kişi olaraq sorumluluqlarım var... Müxtəlif təkliflər də olub maddi baxımdan... Amma bacarmamışam... Sənətə xəyanət etmək mənlik deyil!

Bəli hələ də dünyada mənəvi zənginliyi maddi zənginlikdən üstün tutanlar var... Az da olsa var... Əgər elə insanların axtarışına çıxsanız çox uzağa getməyin... Elə öz milli teatrlarımıza üz tutsaz yetər... Bilsəniz, orda nə qədər sənət fədailəri var... Onların ən böyük zənginliyi tamaşaçı alqışıdır... Kim bilir, bəlkə də bu fani dünyada ən böyük mükafat elə ruhun göylərdə pərvaz etməsidir ki, onu da yalnız aktyorlar bacarır özü də səhnədə...
Kim bilir...

DJB.az Təranə Feyzullayeva



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook