SON XƏBƏR

Ekologiya Nazirliyində şübhəli tender əməliyyatı: ”Kənan İnşaat və Ticarət” MMC nə iş görüb?

Yanvar 23
00:47 2019
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin tabeliyində fəaliyyət göstərən "Azərbaycan yaşıllaşdırma və landşaft quruluşu” ASC-nin sifarişçisi olduğu "Çuxurdərə gölməçələrinin ekoloji vəziyyətinin sağlamlaşdırılması və landşaftın bərpası işləri" üzrə tender keçirib.
 
Tender üzrə təkliflər sorğusunda iştirak etmək istəyən şirkətlərin sənədləri 2018-ci il 20 sentyabrına qədər qəbul edilib.
 
2018-ci ilin oktyabr ayının 9-da isə "Azərbaycan yaşıllaşdırma və landşaft quruluşu” ASC ilə "Kənan İnşaat və Ticarət" MMC arasında 6,6 milyon (6584179) manatlıq müqavilə imzalanıb. 
 
Həmin ilin (2018) dekabr ayının 5-də isə "Azərbaycan yaşıllaşdırma və landşaft quruluşu” ASC "Kənan İnşaat və Ticarət" MMC ilə daha bir müqavilə bağlayır.
 
Bu dəfəki tender müqaviləsinin dəyəri isə 804500.00 manat olub. 
 
Şirkətlər arasında bağlanan tender müqavilələrində görüləcək işlərin həcmi barədə və eləcə də tenderdə iştirak edən digər şirkətlər barədə heç bir informasiya yoxdur.
 

 
"Azərbaycan Yaşıllaşdırma və Landşaft Quruluşu” ASC-nin sədri Ramik Əşrəfov
 
İddialara görə "Azərbaycan yaşıllaşdırma və landşaft quruluşu” ASC ilə "Kənan İnşaat və Ticarət" MMC arasında 6,6 milyon (6584179) (+ 804500.00) manatlıq tender müqaviləsində görüləcək işlərin həcmi barədə məlumatın verilməməsinə səbəb burada görülən işlərin həddindən artıq şişirdilməsidir.
 
Qeyd edək ki, sözügedən müqavilənin bağlanılmasından 4 aya yaxın zaman keçsə də, nə rəsmi, nə də qeyri-rəsmi media resurslarında bu barədə informasiya getməyib. 
 
 
"Kenan Construction & Trade” Birgə Müəssisəsinin Baş Direktoru Əlihüseyn Əsgərov
 
"Kənan İnşaat və Ticarət" MMC haqqında apardığımız araşdırma zamanı isə məlum oldu ki, kifayət qədər ciddi nizamnamə kapitalı (2568950 manat) olan şirkətin rəsmi saytında da qeyd olunan tender üzrə görülən işlər barədə heç bir informasiya yoxdur.
 
Belə ki, şirkətin rəsmi saytının (http://kenan.az/az/current.php) "layihələr" bölümündə "Bütün layihələr" adlı qrafada göstərilən məlumatlar 2015-ci ilə qədər olan məlumatlardır.
 
"Cari layihələr" adlı qrafada göstərilən məlumatlar isə 2016-ci ilə qədər olan məlumatları əks etdirir. 
 
Qlobal.az-ın əldə etdiyi digər məlumat isə "Kənan İnşaat və Ticarət" MMC-nin fəaliyyəti ilə bağlıdır.
 
Belə ki, məlumata görə 1996-cı ildə təsis edilən şirkətin məhsuldar fəaliyyəti 2005-ci ildən başlayıb.
 
2005-2015-ci illər "Kənan İnşaat və Ticarət" MMC-nin tarixində ən "parlaq" dövrdür. 
 

 
Qlobus Plaza
 
"Məlumata görə Kənan İnşaat və Ticarət" MMC-nin ən çox gəlir əldə etdiyi layihələrdən biri dövlətin milyonlarla vəsaitini talan etmiş sabiq deputat Dünyamin Xəlilova məxsus "Qlobus Plaza"-da yerləşən "Harvey Nicols" Brend mağazasının yenidən qurulması və tərtibatı, eyni zamanda otaqların təmiri işlərindən əldə edilib.
 


Dünyamin Xəlilov
 
Qeyd edək ki, məhkəmə sənədlərindəki materiallara görə "Qlobus Plaza"-nın yenidən qurulması zamanı hazırda 15 il həbs cəzası almış "Beynəlxalq Bank"ın rəhbəri Cahangir Hacıyevlə 13 il həbs cəzasına məhkum edilmiş Dünyamin Xəlilov 150 milyon (o vaxtkı ekvivalentlə 200 milyon dollar) manata qədər vəsaiti mənimsəyiblər.
 

 
Cahangir Hacıyev
 
Bu mənimsəmələrin böyük qismi isə əsasən "Qlobus Plaza"-da görülən işlərin qiymətlərinin və həcmlərinin şişirdilməsi hesabına aparılıb. 
 
Qlobal.az eyni zamanda "Azəryaşlandşaft” ASC-nin də rəsmi saytına (http://www.ayl.eco.gov.az/index_4_id159_az.html) görülən işlər barədə məlumat əldə etmək məqsədilə baxış keçirib.
 
"Azəryaşlandşaft” ASC-nin saytında da sözügedən tender müqaviləsi üzrə görülən işlər barədə heç bir məlumat qeyd edilməyib. 
 
Tender qanunvericiliyində şirkətlərə qarşı ixtisas tələblərini şərtləndirən müddəa var. Şirkətin bu işi görmək üçün texniki və texnoloji imkanları və kadr potensialı olmalıdır. Bütün bunlarla yanaşı "Azərbaycan yaşıllaşdırma və landşaft quruluşu” ASC-nin keçirdiyi tenderlərdə iştirak edən şirkətlərin adları və təklifləri açıqlanmır. 
 
"Kənan İnşaat və Ticarət" MMC-nin profil üzrə hansı işləri görməsi, kadr və texniki imkanları barədə də heç bir məlumata rast gəlinmir. 
 
 "Azərbaycan yaşıllaşdırma və landşaft quruluşu” ASC ilə "Kənan İnşaat və Ticarət" MMC arasında bağlanmış 6,6 milyon (6584179) manatlıq tender müqaviləsində "çirklənmiş ərazisinin ekoloji vəziyyətinin sağlamlaşdırılması və landşaftın bərpası işləri"nin konkret müddəaları nədən ibarət olması, tenderdə başqa hansı şirkətlərin iştirak etməsi və görüləçək işlərin həcmi barədə Ekologiya və Təbii Sərvətlər nazirliyinə müraciət etdik. 
 
"Azərbaycan Yaşıllaşdırma və Landşaft Quruluşu” ASC-nin Qlobal.az-ın elektron poçtuna ünvanladığı məktubda  Heydər Əliyev adına Beynəlxalq Hava Limanına yaxınlığındakı 272 hektar neftlə çirklənmiş ərazinin, qrunt və çirkab sularından əmələ gəlmiş gölün təmizlənməsi məqsədilə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə "Çuxurdərə gölməçələrinin ekoloji vəziyyətinin sağlamlaşdırılması və landşaftın bərpası” layihəsinin işlənməsi üçün vəsait ayrıldığı deyilir.
 
"Ekologiya və Təbii Sərvətlər,  Maliyyə, İqtisadiyyat və Sənaye nazirliklərinin, eləcə də "Azərbaycan Yaşıllaşdırma və Landşaft Quruluşu” ASC-nin nümayəndələrinin iştirakı ilə tender komissiyası yaradılmış və tender prosedurları həyata keçirilmişdir. 21 sentyabr 2018-ci il tarixində keçirilən tenderdə 9 şirkət iştirak etmiş və ”Kənan İnşaat və Ticarət” MMC tenderin qalibi olmuşdur. 04 oktyabr 2018-ci il tarixində "Kənan İnşaat və Ticarət” MMC ilə "Azərbaycan Yaşıllaşdırma və Landşaft Quruluşu” ASC arasında müqavilə bağlanmışdır"-deyə, məktubda qeyd olunur. 
 
"Azərbaycan Yaşıllaşdırma və Landşaft Quruluşu” ASC məktubunda daha sonra görüləcək işlər barədə də məlumat verir: "Kənan İnşaat və Ticarət" MMC tərəfindən ərazidə neft şlamı,  əhəng daşı, qrunt  daşınması, (D 250 mm), (D 500 mm), (D 600 mm), (D 800 mm) polietilen boru kəmərlərinin, (D 1 m),  (D 1,5 m),  (D 2 m) yığma d/b drenaj quyularının quraşdırılması işləri həyata keçirilir. İşlərin 2019-cu ilin fevral ayının sonuna yekunlaşması planlaşdırılır". 
 
Qlobal.Az
 

 

 

 




Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook