SON XƏBƏR

Ekologiya və Təbii Sərvətlər Nazirliyində 20 milyonluq tender – ŞOK DETALLAR

Oktyabr 26
23:28 2018
Muxtar Babayevin Ekologiya və Təbii Sərvətlər Nazirliyinə rəhbər təyinatından sonra bu qurumda bəzi problemlər aradan qaldırılsa da, "tender oyun”u hələ də davam edir.

Yeni nazir təyinatından sonra qurum əməkdaşları monitorinqlərin və yoxlamaların sayını artırsalar da, ETSN-nin bu mübarizəsi vətəndaşları və kiçik sahibkarları, eləcə də aşağı vəzifəli məmurları cərimələməkdən o yana keçmədi. 

Nazirlikdəki rəhbər dəyişiklikləri isə sadəcə olaraq, kosmetik xarakter daşıdı. Yəni M.Babayev xələfi Hüseynqulu Bağırovun kadrlarını uzaqlaşdıraraq, öz adamlarını nazirliyə yerləşdirdi.

Diqqətçəkən məqamlardan biri də odur ki, M.Babayev əsas sahələrə öz adamlarını yerləşdirəndən sonra daha rahat hərəkət etməyə başlayıb. 

Mia.az-a daxil olan məlumata görə, hazırda nazirliyin fəaliyyətində rüşvət və korrupsiyaya son qoyulduğu görüntüsü yaradılsa da, milyonluq tender proseslərində şəffaflıq təmin olunmayıb. Bu barədə bizi bilgiləndirən məlumatlı şəxs deyib ki, yeni nazir adının korrupsiyada hallanmaması üçün daha optimal yol tapıb:

"Bildiyiniz kimi, ölkədə su hövzələri Ekologiya və Təbii Sərvətlər Nazirliyinin nəzarətindədir. Onlarla bağlı qərarlar da bu quruma aiddir. Bu səbəbdən də bəzən lazımsız göllərin, yaxud digər xarakterli su hövzələrin qurudulması nazirlik tərəfindən həyata keçirilir. Təbii ki, bu prosesi icra etmək üçün də tender elan olunur və ən uyğun təklif verən şirkət qalib gələrək işi icra edir. 

Bu günlərdə hava limanına gedən yolun ətrafındakı gölməçələrin qurudulması ilə bağlı tender keçirilib. 20 milyonluq tenderdə bir şirkət qalib olub və işin icrasına başlayıb. Amma burada maraqlı məqamlar çoxdur. Öncə onu deyim ki, qalib elan olunan şirkət kənar şəxsin deyil. 

Həmin şirkət Nazirliyin yeni Aparat rəhbəri Vüqar Kərimova yaxın şəxsə məxsusdur. Vüqar Kərimov Muxtar Babayevin inandığı iki-üç nəfərdən biridir. Nazirlikdəki bütün məsələlər Vüqar Kərimovun əli ilə icra olunur. Yəni Muxtar Babayev qeyri-rəsmi olaraq, Vüqar Kərimova əsas səlahiyyəti verib. Tender məsələlərində əsas söz haqqı aparat rəhbərindədir ki, 20 milyonluq tenderi özünə yaxın şirkətə verilməsinə nail olub”.

Müsahibimiz deyib ki, artıq gölün qurudulması prosesi başlayıb. Lakin tenderin şərtləri elə ilk gündən pozulmağa başlanılıb.

"Öncə onu deyim ki, gölün qurudulması üçün nəzərdə tutulan smeta həddindən artıq şişirdilib. Yəni, 20 milyona 5 dəfə ondan daha böyük ərazini qurudub normal vəziyyətə gətirmək olar. Digər tərəfdən, ərazinin qurudulması prosesini təkcə qalib elan edilən şirkət reallaşdırmır. 

Həmin 20 milyonluq işin böyük hissəsinin icrası Bakı Şəhər Ekologiya və Təbii Sərvətlər Departamentinin rəisi Əlişah Rəcəbova tapşırılıb. Onun nazirliyin "ən pullu adamları"ndan olduğu da heç kimə sirr deyil. Bu səbəbdən də onu qeyri-rəsmi olaraq, bu prosesə cəlb edərək tenderi daha az xərc qoyaraq icra etməyə çalışırlar. Yəni büdcədən ayrılan 20 milyonun necə xərcləndiyi ortadadır”, - deyə müsahibimiz fikrini tamamlayıb.
 
(Mənbə: Mia.az)
 
Qlobal.az
 




Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook