SON XƏBƏR

Ekspert: "SOCAR-ın əməliyyat effektivliyi əvvəlki səviyyədə qalıb"

İyul 01
14:04 2020
"Hər il olduğu kimi, Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) 2019-cu il üzrə də maliyyə hesabatları ictimaiyyətə açıqlandı. Hesabata nüfuzlu beynəlxalq audit şirkəti "Ernst Young Holdings (CIS) B.V.” tərəfindən müsbət rəy verilib. Hesabatdan məlum olur ki, ötən ili SOCAR mənfəətlə başa vurub. Onun cəmi mənfəəti 5,8 mlrd manat, xalis mənfəəti 651 mln manat təşkil edib. Şirkətin xalis mənfəətində əvvəlki ilə nisbətən azalma qeydə alınıb”.

"APA-Economics”in məlumatına görə, bu barədə iqtisadçı-ekspert Pərviz Heydərov bildirib.

O qeyd edib ki, xalis mənfəətin əvvəlki ilə nisbətən az olması şərti bir göstəricidir: "Belə ki, sadəcə olaraq keçən ildə bəzi zavodlar istismara verildiyinə görə illər boyu onların tikintisinə qoyulan vəsaitlərin amortizasiyasının hesablanması, statistik olaraq məhz 2019-cu ilə təsadüf edib. Yəni bu bir ildə yaranan yox, bir neçə il ərzində yığılan xərclərdir”.

Ekspert onu da diqqətə çatdırıb ki, xalis mənfəət göstəricisinə təsir göstərən digər faktor da dövlət tərəfindən SOCAR-ın nizamnamə kapitalına yönəldilən vəsaitlərin həcminin azalmasıdır: "Əvvəlki illərdə dövlət şirkətin nizamnamə kapitalını artırmaqla böyük vəsaitlər köçürürdü, ötən ildə isə bu köçürmələr azaldı və dayandı. Yəni xalis mənfəətin azalması şirkətin əməliyyat effektivliyi ilə bağlı deyil. Belə ki, SOCAR-ın əməliyyat effektivliyi əvvəlki səviyyədə qalıb”.

P. Heydərovun sözlərinə görə, SOCAR-ın bir dövlət şirkəti olaraq hər il bütün maliyyə hesabatlarını ictimaiyyətə açıqlaması onun şəffaflıq prinsiplərinə nə dərəcədə həssas yanaşmasının göstəricisidir və təqdir olunmalıdır: "Belə ki, heç də bütün dövlət şirkətləri analoji yanaşmanı nümayiş etdirmirlər Məsələn, Səudiyyə Ərəbistanının dövlət şirkəti olan "Saudi Aramco”, demək olar ki, heç bir maliyyə göstəricilərini ictimaiyyətə açıqlamır. Üstəlik, SOCAR açıqladığı hesabatları neytral olan üçüncü tərəfə, "ErnstYoung" kimi aparıcı audit şirkətinə də yoxlatdırır. Bu da hesabatların düzgünlüyü ilə bağlı hər hansı şübhələri kökündən neytrallaşdırır”.

Xatırladaq ki, audit olunmuş maliyyə hesabatlarına görə, ötən ilin sonuna SOCAR-ın cari aktivləri 19,2 mlrd manat, cari öhdəlikləri isə 17,3 mlrd. manat təşkil edib. Ötən il üçün şirkətin uzunmüddətli aktivləri 46,2 mlrd manat, uzunmüddətli öhdəlikləri isə 23,8 mlrd. manat olub. Hesabat dövründə SOCAR-ın cəmi kapitalı 24,3 mlrd. manatdan çox olub, nağd pul vəsaitləri isə 7,1 mlrd. manata yüksəlib. Eyni zamanda 2019-cu maliyyə ilində SOCAR-ın ümumi dövriyyəsi (gəlirləri) 83,8 mlrd. manat təşkil edib.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook