Ekspertlər istirahət üçün ən yaxşı adanın adını açıqlayıblar
İyul 19
00:12
2019
Filippinin paytaxtı Manilanın 800 kilometrliyində yerləşən Siarqao adası firuzəyi suyu, ağ qumsallı çimərlikləri, gözəl kokos və manqra meşələri sayəsində dünyanın ən yaxşı çimərliyi sayılıb. Bu barədə "Daily Star” nəşri yazıb.
AZƏRTAC "Turizm.ru” saytına istinadla xəbər verir ki, bu ada mağaraları öyrənən, snorkelinq və ya sörfinqlə məşğul olan turistlər arasında çox populyardır.
Siarqaonun məşhur turizm istiqaməti olmasına baxmayaraq, bura gələn turistlərin sayı bir o qədər də çox deyil. Məsələ bundadır ki, adaya gəlmək çox çətindir. Bura ya qayıqla üzüb gəlmək, ya da yaxınlıqdakı şəhərlərdən kiçik təyyarələrlə uçub gəlmək olar. Gözdən uzaq yerdə yerləşən adanın təqribən 200 əhalisi var. Turistlərin çoxu Siarqoaya Maniladan gəlirlər. Azərbaycandan Siarqoaya təyyarə dəyişməklə Əbu-Dabi, Dubay, Honkonq, Sinqapur və Dohadan gəlirlər.
Siarqao Filippində sörfinqin paytaxtı sayılır. Sörfinq həvəskarları avqustun sonlarından oktyabr ayınadək bura axışırlar. Yerli kurortların və otellərin çoxu onları lazımi ləvazimatla təchiz edir, habelə naşı sörfinqçilərə dərslər keçirlər. Çimərlik istirahətinin həvəskarları, yaxşı olar, adaya oktyabrın əvvəlindən iyunun ortalarına qədər gəlsinlər. Siarqaoda əyləncələrin siyahısı çox genişdir. Turistlərə kayakla Suqba laqununda üzmək, Maqpupunqkoda qayalarla əhatə olunmuş göllərdə olmaq, heyrətamiz Kavxaqan adasında gəzişmək və ya meduzalarla üzmək üçün qayıqla qonşuluqdakı Bukas-Qrande adasına yollanmaq təklif olunur. Ekspertlər adada gəzişmək və onun görməli yerlərini görmək üçün motosiklet və ya skuter icarəyə götürməyi məsləhət görürlər.