Elçin Zeynalov: Qarşıdakı illərdə kanoe üzrə Avropa və dünya çempionatları Bakıda keçirilə bilər
Noyabr 25
00:50
2016
Çox şadam ki, Beynəlxalq Kanoe Federasiyasının (ICF) XXXVI Konqresi Bakıda keçirilir. Bu, ölkə idmanı, o cümlədən federasiyamız üçün böyük uğurdur.
AZƏRTAC xəbər verir ki, bu sözləri Azərbaycan Milli Avarçəkmə Federasiyasının (AMAF) prezidenti Elçin Zeynalov noyabrın 24-də jurnalistlərə açıqlamasında deyib.
E.Zeynalov bildirib ki, ICF-in XXXVI Konqresi AMAF-ın yaradılmasının on illik yubileyi ilə eyni vaxta təsadüf edir. Konqresdə 87 ölkədən 200-dən çox nümayəndə iştirak edir. İclasda bəzi struktur dəyişiklikləri gözlənilir. Sabah isə ICF-in yeni prezidenti seçiləcək.AMAF prezidenti qarşıdakı illərdə kanoe üzrə Avropa və dünya çempionatlarının da Bakıda keçirilə biləcəyini vurğulayaraq deyib: "Ötən il "Bakı-2015” birinci Avropa Oyunlarının proqramına kayak və kanoe də daxil edilmişdi. İdmanın bu növləri üzrə yarışlar Mingəçevirdə keçirildi. Amma dünya və Avropa çempionatlarını keçirmək üçün kanal lazımdır. Üstəlik, bu kanal Bakıda yaradılmalıdır. Bundan başqa, belə yarışlarla əlaqədar ölkəmizə çoxsaylı qonaqlar gəlir. Onların yerləşdirilməsi, asudə vaxtlarının təşkili də önəmli məsələlərdəndir. Bu baxımdan düşünürəm ki, belə çempionatlar Bakıda keçirilməlidir. Bununla bağlı müəyyən işlər görülür. Şübhəsiz, Bakıda kanal yaradılsa, biz həm Avropa, həm də dünya çempionatını təşkil edə bilərik”.
ICF-in XXXVI Konqresi noyabrın 26-da başa çatacaq.