Ələsgər Məmmədli və Ruslan İzzətli saxlandı
Mart 08
15:42
2024
Tanınmış media eksperti, "Toplum Tv"-nin təsisçisi, hüquqşünas Ələsgər Məmmədli bu gün səhər saatlarında mülki geyimli şəxslər tərəfindən saxlanılıb.
"AzPolitika.info” xəbər verir ki, bu barədə onun yaxınları sosial şəbəkədə məlumat paylaşıb.
Xatırladaq ki, iki gün əvvəl "Youtube" platforması üzərindən yayımlanan "Toplum TV"-nin əməkdaşları, həmçinin III Respublika Platformasının təsisçiləri həbs edilib. Bu gün onların məhkəmə qarşısına çıxarılacaqları gözlənilir. Jurnalistlər qaçaqmalçılıqda ittiham olunur.
Media ekspertinin qohumu Gülzar Məmmədli bildirib ki, saat 11.00 radələrində Məmmədli müayinə olunduğu "İstanbul" klinikasından çıxarkən saxlanılıb. Məmmədli maşınına yaxınlaşanda mülki geyimli şəxslər tərəfindən tutularaq başqa maşına mindirilib və naməlum istiqamətə aparılıb.
"Turan.az"-ın məlumatına görə, bu gün Xətai polisinin binası qarşısında III Platformanın üzvü Ruslan İzzətli də saxlanılıb. Toplum TV-nin baş redaktoru Xədicə İsmayıl bildirib ki, onu qara rəngli avtomobilə mindirərək naməlum istiqamətə aparıblar.
Qeyd edək ki, İzzətli martın 6-da saxlanılsa da, gecə yarısı sərbəst buraxılmışdı.