SON XƏBƏR

Əlimizdə 5 milyon maska qalıb, alan yoxdur - “Bakı Tekstil Fabriki”nin rəhbəri

Aprel 19
11:20 2023
Hazırda tibbi maska istehsalı tamamilə dayanıb.

Bunu Modern.az-a açıqlamasında "Bakı Tekstil Fabriki" MMC-nin təsisçisi Səkinə Babayeva deyib. Onun sözlərinə görə, müəssisənin xeyli məbləğdə borcu yaranıb:

"Maska istehsalı müəssisənin sosial layihəsi idi. Bu layihə pandemiya zamanı dövlət üçün olduqca vacib idi. Yetəri qədər maska istehsal olunmalı idi. Həm Nazirlər Kabineti, həm də İqtisadiyyat Nazirliyi bu layihənin arxasında olduğunu bəyan etdi. Biz də layihənin dövlət üçün əhəmiyyətini nəzərə alaraq işə başladıq. Əslində, biz bilirdik ki, pandemiya müvəqqətidir. Artıq pendemiya demək olar ki, yoxdur. Hazırda bütün əlaqələrimiz kəsilib və müəssisənin borcu qalıb. Biz prosesin bu qədər sürətli olacağını və maskanın satılmayacağını bilmirdik. Hazırda 5 milyon maskamız var. 10 milyon ədədlik də maska xammalı mövcuddur".

Şirkət rəhbəri vurğulayıb ki, tibbi maskanın qiyməti 5 qəpiyə düşsə də, alıcı tapılmır:

"2 ildir ki, maskanı 5 qəpiyə satırıq. Əlbəttə, bu qiymət aldığımız xammalın maya dəyərindən aşağıdır. Orta hesabla 11 qəpiyə başa gələn məhsulu 5 qəpiyə satırıq. Bu işə başlayanda xammalı 51 dollara, daha sonra isə 26 dollara aldıq. Bunlar antiseptik və non-woven adlı materiallar idi. Həm selikli qişadan gələn mikrobları, həm də havadan gələn mikrobu orta xəttə saxlayır. Onu da bildirim ki, Dövlət Gömrük Komitəsi və SOCAR da üzərinə müəyyən öhdəliklər götürmüşdü. Biz əvvəlcədən danışıqlar apardıq. Biz sosial məsuliyyət çərçivəsində dəstəyimizi göstərdik. Lakin qurumlar öhdəlikləri yerinə yetirmədilər".

S.Babayeva ölkənin ən ağır günündə mübarizədən geri çəkilmədiklərini söyləyib.

"Pandemiya günlərində çox ağır şərait yaranmışdı. Bir maskanın, bir güllə qədər dəyərli olduğu vaxtlar idi. Belə şəraitdə ölkəmə dəstək olmağı düşündüm. Bu da alındı. Həmin vaxt 50-70 qəpiyə satılan tibbi maskanı biz 30 qəpiyə təklif etdik. Sonradan 10 qəpiyə düşməsinə baxmayaraq, maskanı satan aptek şəbəkələri qiyməti aşağı salmadılar. Biz Nazirlər Kabinetinə, İqtisadiyyat Nazirliyinə dəfələrlə bu barədə məlumat verərək, məhsulun qiymətinin aşağı salınmalı olduğunu bildirdik. Tibbi maska zamanında qoruyucu vasitə kimi öz rolunu oynadı. İndi isə istehsal demək olar ki, dayanıb".


Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook