Əlincəqalaya yürüşdə 150-dən çox idmançı iştirak edib
May 20
12:21
2016
Naxçıvan Muxtar Respublikasının ali və orta ixtisas təhsili müəssisələrinin tələbələri arasında "Heydər Əliyev kuboku” uğrunda Əlincəqalaya yürüş üzrə Naxçıvan Muxtar Respublika açıq birinciliyində 150-dən çox idmançı mübarizə aparıb.
AZƏRTAC xəbər verir ki, tədbiri Naxçıvan Muxtar Respublikası Gənclər və İdman, Təhsil nazirlikləri və muxtar respublikanın Hava və Ekstremal İdman Növləri Federasiyasının birgə təşkil edib.
Birinciliyin açılış mərasimində Naxçıvan Muxtar Respublikasının gənclər və idman naziri Azad Cabbarov, Hava və Ekstremal İdman Növləri Federasiyasının sədri Hafiz Yaqubov, təhsil naziri Məmməd Qəribov çıxış ediblər. Çıxışlarda muxtar respublikada həyata keçirilən idman siyasətindən, bu sahədə əldə olunan nailiyyətlərdən söhbət açılıb. Bildirilib ki, müstəqil Azərbaycan Respublikasının uğurlu idman siyasətinin formalaşması ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Bu gün dövlətin apardığı idman siyasəti keyfiyyətcə yeni mərhələdə davam etdirilir. Prezident İlham Əliyevin həyata keçirdiyi bu siyasət nəticəsində gənclərimiz cəmiyyətimizin inkişafında fəal sosial təbəqəyə çevriliblər.
Vurğulanıb ki, gənclərin bütün sahələrdə irəli çəkilməsi, onların intellektual səviyyələrinin artırılması, asudə vaxtlarının səmərəli təşkili, vətənpərvər ruhda tərbiyə olunması, beynəlxalq əhəmiyyətli tədbirlərdə yaxından iştirakı məsələləri daim diqqətdə saxlanılır.
Sonra yarışa start verilib.
Beş yaş qrupu üzrə keçirilən yarışda 14-16 yaşlı qızların mübarizəsində Naxçıvan şəhər 9 nömrəli tam orta məktəbin şagirdi Zülfiyyə Mehdiyeva birinci olub.
Digər iki pillədə isə Naxçıvan Dövlət Texniki Kollecinin tələbələri Qaratel Camalova və Telli Abbasova yer alıb. 17-19 yaşlı qızlar arasında isə Əlincəqalanın zirvəsinə daha tez Naxçıvan Dövlət Texniki Kollecinin tələbəsi Sahilə Nəbiyeva çatıb. Naxçıvan şəhər 17 nömrəli tam orta məktəbin şagirdi Aynur Musazadə ikinci, Naxçıvan Dövlət Texniki Kollecinin tələbəsi Ceyhunə Kalbalıyeva isə üçüncü olublar.
Oğlanların yarışında (14-16 yaş) Heydər Əliyev adına Hərbi Liseyin kursantları Cəfər Quliyev, Vüqar Abdullayev və Mustafa Mustafazadə ilk üç pillədə qərarlaşıblar. 17-19 yaşlı oğlanlar arasında isə Heydər Əliyev adına Hərbi Liseyin kursantları Ramin Bağırov, Mirdamət Eminov və Naxçıvan şəhər 2 nömrəli tam orta məktəbin şagirdi Elşad Əliyev zirvəni daha tez fəth ediblər.
Sonda qaliblərə diplom, hədiyyə və kubok təqdim olunub.
Qlobal.az