Əliqismət Lalayev Beynəlxalq konfransda qaçqın teatrlarımızdan danışdı
Oktyabr 31
14:56
2016
İran İslam Respublikasının paytaxtı Tehran şəhərində bu gün öz işinə başlayan Beynəlxalq Teatr Konfransında ölkəmizi Dövlət Musiqili Teatrının direktoru, Əməkdar incəsənət xadimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru Əliqismət Lalayev təmsil edir.
Azərbaycan Dövlət Musiqili Teatrının Mətbuat katibi Samir Sədaqətoğlu bildirib ki, Ə. Lalayev konfransda "Azərbaycan teatrı və onun inkişaf yolları” movzusunda çıxış edib. Ə. Lalayev çıxışı zamanı cəmiyyətdə teatrların yeri və rolu barədə söhbət açarkən dünyada analoqu olmayan qaçqın teatrlarımızdan xüsusi olaraq danışıb. O, Ermənistanın ölkəmizə qarşı hərbi təcavüzündən sonra köçkünlük şəraitində fəaliyyətini davam etdirən İrəvan Dövlət Azərbaycan Dram Teatrı, Şuşa Dövlət Musiqili Dram Teatrı, Ağdam Dövlət Dram Teatrı və Füzuli Dövlət Dram Teatrının hazırki fəaliyyətindən, vəziyyətindən, onlara göstərilən dövlət qayğısından söz açıb. Ə. Lalayev müharibə zamanı bu sənət məbədlərinə ciddi ziyan dəydiyini, onların əmlaklarının, səhnə dekorasiyalarının, rekvizitlərinin, səhnə geyimlərinin döyüş bölgələrində - Azərbaycanın işğal olunmuş əzəli-əbədi, tarixi ərazilərində qaldığını, həmin teatrların binalarının azğın ermənilər tərəfindən vəhşicəsinə talan edilərək dağıdıldığını qeyd edib.
Qeyd edək ki, iki gün davam edəcək konfransda İran, Əlcəzair, Əfqanıstan, İraq, Livan, Oman, Pakistan, Qətər, Suriya, Tunis və başqa ölkələrdən dəvət olunmuş mədəniyyət xadimləri və tanınmış teatr sənətçiləri iştirak edirlər.
Qlobal.az