SON XƏBƏR

Əliş Ləmbəranski: Bir çıxışı ilə on minlərlə kasıb insanın həyatını rəngləndirən insan!

Aprel 30
15:47 2020
Azərbaycanda mühüm dövlət vəzifələrində çalışmış, rəhbərlik etdiyi memarlıq nümunələri ilə Bakını daha zənginləşdirən, gözəlləşdirən əməkdar mühəndis Əliş Cəmil oğlu Ləmbəranski 10 may 1914-cü ildə Bərdə rayonunun (O zaman Şuşa qəzası) Ləmbəran kəndində anadan olub.

Əliş Ləmbəranski M.Əzizbəyov adına Azərbaycan Sənaye İnstitutunu (indiki Azərbaycan Dövlət Neft Akademiyası) bitirib.
 
Ə. Ləmbəranski 1936-cı ildə Azərbaycan Sənaye institutunu bitirmiş, zavodlarda müxtəlif vəzifələrdə işləyib. 1939-1941–ci illərdə hərbi xidmətə yollanır, hərbi xidmətdən qayıdandan az sonra böyük vətən müharibəsi başlayır. Əliş bəy könüllü olaraq xidmətə gedir və 1944 –cü ildə cəbhədə yaralanır. O zaman Gəncə hospitalında həkim işləyən atası Cəmil Ləmbəranski oğlunu öz yanına apararaq onun sağalması ilə bir başa özü məşğul olur. Əliş Ləmbəranskinin çəliklə yeriyəcək qədər sağalmasına öz atası Cəmil bəy nail olur. 
 
Müalicə olunduqdan sonra sənayə sahəsində əmək fəaliyyətinə başlayan Əliş Ləmbəranski Çaparidze adına zavodun baş mühəndisi, 1943-cü ildən 1945-ci ilədək isə direktoru vəzifəsində çalışıb. 
 
1945-1947-ci illərdə "Bakı Neftayırma zavodları” trestinin müdiri vəzifəsində, 1947-1950-ci illərdə isə Ə.Qarayev adına neftayırma zovodunun direktoru vəzifəsinə təyin olunur.
 
Yorulmaz fəaliyyəti, yüksək bacarıq və təşkilatçılıq qabiliyyəti ilə seçilən Əliş Ləmbəranski 1950-1959 -cu illərdə "Azərbaycan Neftayırma zavodları” birliyinin rəisi işləyib. 1954-cü ildən eyni zamanda Azərbaycan SSR Neft Sənayesi nazirinin müavini idi. 1959-66 –cı illərdə Bakı şəhər ZDS İcraiyyə Komitəsinin sədri, 1966-cı ildə SSRİ Nazirlər Soveti yanında Mikrobiologiya Sənayesi Baş İdarəsi rəisinin birinci müavini vəzifəsinə təyinat alır. Çoxsaylı orden və mükafatlara layiq görülür. 
 
Bakıdakı bir çox mühüm tikinti obyektlərinin ucaldılmasında onun böyük əməyi olmuşdur.
 
Əliş Ləmbəranski vətənini, insanları sevən şəxs idi. Sadəliyi, təvazökarlığı ilə diqqət çəkən bu yorulmaz insanın böyük yaradıcılıq enerjisi var idi. Əməksevərliyinə, təşkilatçılıq və savadına görə sadə insanların sevgisini, hörmətini qazanan Əliş Ləmbəranskiyə vəzifədə işlədiyi dövlərdə dövlət rəhbərliyi tərəfindən daim diqqət və ehtiram göstərilib. 
 
Sovet Azərbaycanına uzun müddət rəhbərlik edən Mircəfər Bağırovun sədrliyi ilə keçirilən plenium iclaslarının birində Əliş Ləmbəranskinin çıxışı zamanı ölkədə evsizlərin sayının çox olduğunu və dövlətin bu sahədə təcili addımlar atmağının vacib olması haqqında çıxış etməsi on minlərlə kasıb, evsiz insanın həyatında parlaq iz buraxır. Belə ki, Ə. Ləmbəranskinin bu çıxışından sonra Mircəfər Bağırov onu Bakı İcraiyyə Komitəsinin sədri təyin edir və aparılacaq tikinti işlərini ona tapşırır. Həmin dövrlər zavod və fabriklərdə çalışan, on minlərlə evsiz insanlar bu böyük insanın çıxışı və gecə-gündüz əməyi nəticəsində ev almağa nail oldular.

Əliş Ləmbəranski Bakı şəhərinin əsas simvollarından olan binaların əksəriyyətinin tikilişlərinə rəhbərlik etmişdir. "Bağırov körpüsü", "Dövlət sirki", "Respublika" sarayı, "Qaqarin körpüsü”, Məişət Kondisionerləri zavodu, Opera və Balet Teatrının bərpası, Yeni Bakı Neftayırma zavodu, Musiqili Komediya Teatrı, Yaşıl teatr, Gülüstan sarayı və başqalarını saymaq olar. O, gözəl insan olmaqla yanaşı, ölkəsini, vətənini sevən, xaricdə gördüyü hər bir gözəl tikintini Azərbaycanda da tikib yaratmaq istəyən, sənətinə vurğun böyük və bacarıqlı bir mühəndis idi. Deyilənlərə görə xarici səfərlərin birində bir binanın tikintisindən xoşu gələn Ləmbəranski həmin binanın planını kibrit karobkasının üzərində çəkərək Bakıya qayıtmış və həmin binanın oxşar formasının Bakıda tikilməsinə nail olmuşdur.

Əliş Ləmbəranski bir çox orden və medallarla təltif edilmişdir. SSRİ dövlət mükafatı laureatı, Azərbaycanın əməkdar mühəndisidir.

O, 1999-cu ildə Bakıda vəfat edib, birinci Fəxri Xiyabanda dəfn edilmişdir.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2004-cü ildə imzaladığı Sərəncamı ilə Əliş Ləmbəranskinin xatirəsini əbədiləşdirmək məqsədilə onun yaşadığı binaya xatirə lövhəsi vurulub.
 
Prezident İlham Əliyevin 2014-cü ilin fevral ayında imzaladığı Sərəncamla Əliş Ləmbəranskinin dövlət idarəçiliyinin müxtəlif sahələrində uzunmüddətli səmərəli fəaliyyətini, respublikada mühüm əhəmiyyətə malik sənaye və mədəniyyət müəssisələrinin qurulmasında, Bakı şəhərinin infrastrukturunun təkmilləşdirilməsində təqdirəlayiq xidmətlərinə görə 100 illik yubileyi keçirilib.
 
(Mənbə: "Yeni Evim")
 
Qlobal.az
 




Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook