SON XƏBƏR

Elmi tur “Keşikçidağ” Dövlət Tarix-Mədəniyyət Qoruğunda olub

Oktyabr 17
09:33 2016
Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu və Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi tərəfindən həyata keçirilən "Qafqaz Albaniyasını öyrənirik” layihəsi çərçivəsində təşkil edilən elmi turun iştirakçıları səfərin üçüncü günündə - oktyabrın 16-da "Keşikçidağ” Dövlət Tarix-Mədəniyyət Qoruğunda olublar.
 
Qlobal.az AZƏRTAC-a istinadən xəbər verir ki, qoruğa səyahət sənətşünaslıq üzrə fəlsəfə doktoru İmaş Hacıyevin, tarix üzrə fəlsəfə doktoru Anar Ağalarzadənin və qoruğun direktoru Musa Mursaqulovun bələdçiliyi ilə keçib.
 
Azərbaycan Respublikasının ali məktəblərində təhsil alan bir qrup tələbə və professor-müəllim heyəti də erkən orta əsrlər dövrünə aid bu abidə ilə tanış olub.
Məlumat verilib ki, Qafqaz Albaniyası abidələrinin qiymətli nümunələrindən olan, Ağstafa rayonunun Böyük Kəsik kəndindən 28 kilometr məsafədə yerləşən "Keşikçidağ” mağara-məbədlər kompleksinə 70-dək mağara, ilkin orta əsrlərə aid bir qala, bir məbəd və bir inanc yeri daxildir. Bu kompleks Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2007-ci il 19 dekabr tarixli Sərəncamı ilə əsasən "Keşikçidağ” Dövlət Tarix-Mədəniyyət Qoruğu elan edilib. Qoruğun ərazisindəki yüksəkliklərdən birinin Azərbaycan Prezidentinin şərəfinə "İlham Əliyev zirvə”si adlandırıldığı tur iştirakçılarının diqqətinə çatdırılıb.
 
Tur iştirakçılarına məlumat verən bələdçilər bildiriblər ki, buradakı təbii mağaraların yaşı iki min ildən çoxdur. Bu abidə Azərbaycan multikulturalizminin ilkin qatlarını təşkil edir. Bu məkan əcdadlarımızın xristianlığa qədər mövcud olan inancları ilə bağlı qiymətli mənbə təqdim edir. Belə ki, Qafqaz Albaniyasının Aya, Günəşə sitayiş edən bütpərəst əhalisi dini inanclarını hifz etmək üçün bu dağlara çəkilib, burada həyat sürüblər. Sonrakı dövrdə atəşpərəstlər dini etiqadlarını davam etdirmək üçün qayaları çaparaq yaratdıqları mağara-sığınacaqlarda yaşayıblar. Eramızın I-II əsrlərindən başlayaraq, Azərbaycan multikulturalizminin ilkin qaynaqlarını mühafizə edən bu məkana Qüdsdən xristian missionerlər gələrək Qafqaz Albaniyasında xristianlığı təbliğ ediblər. 313-cü ildə çar Urnayr Qafqaz Albaniyasında xristianlığı rəsmi dövlət dini elan etdikdən sonra özünəməxsus memarlıq üslubu ilə diqqəti cəlb edən Alban Apostol kilsəsinin məbədlərinin inşasına başlanılıb. VII əsrin ortalarından başlayaraq, Qafqaz Albaniyasında İslam dini yayılmağa başlayır. Lakin xristianlıqdan imtina etməyən albanlar sıldırım qayalıqlarda yerləşən qala tipli tikili inşa edərək öz inanclarını qorumaq üçün burada yaşayıblar.
 
"Keşikçidağ” Dövlət Tarix-Mədəniyyət Qoruğu ilə tanışlıqdan sonra tur iştirakçıları Bakıya qayıdıblar.
 
Qlobal.az
 

 

 

 




Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook