SON XƏBƏR

Elnur Məmmədli olimpiadakı uğursuzluğumuzdan danışdı: "Pandemiya və püşk səbəb deyil"

İyul 29
15:35 2021
"Bizim komanda sadəcə psixoloji cəhətdən yarışa hazır deyildi. Uşaqlar özlərinə güvənsəydilər, nəticələr qat-qat yaxşı olacaqdı".

Hit.Az xəbər verir ki, bunu Fanat.Az-ın millimizin Tokio 2020-də uğursuz çıxışı ilə bağlı sualını cavablandırarkən, Azərbaycan Cüdo Federasiyasının vitse-prezidenti Elnur Məmmədli deyib. 

Qurum rəsmisi Yay Olimpiya Oyunlarında mübarizəsini başa vuran 7 cüdoçumuzun "quru" nəticəsinə səbəb kimi pandemiya və püşkü qabartmağın doğru olmadığını bildirib: "Pandemiya tək bizim üzləşdiyimiz problem deyil. Dünyanın hər yerində vəziyyət necədirsə, Azərbaycanda da elədir. Səbəb budursa, digər ölkələr də zəif çıxış etməli idilər. Hər şeyi pandemiyanın, ya da püşkün üstünə atmaq doğru olmaz. Bunlar səbəb deyil. Olimpiya Oyunlarında onsuz da zəif rəqib yoxdur. Sadəcə, komanda psixoloji cəhətdən yarışa hazır deyildi. Uşaqlar özlərinə güvənsəydilər, nəticələr qat-qat yaxşı olacaqdı. Mənim öz bacım oğlu qorxa-qorxa döyüşdü ki, nə var-nə var, qarşısındakı dünya çempionudur. Digər uşaqlar da onun kimi. Əvvəl uduzduqları rəqiblərlə görüşdə üzərlərində təzyiq hiss etdilər, nəticə də göz qabağındadır. Bu cür çıxışı qətiyyən gözləmirdik. Komandaya çox ümid bəsləyirdik. Çünki onlar üçün federasiya tərəfindən hər bir şərait yaradılmışdı".

Pekin 2008-in qalibi qonşu Gürcüstan seçməsinin uğuruna diqqət çəkib: "Gürcülərin elə bir parlaq çıxışını görmədim. Sadəcə, ürəkli döyüşdülər. Nəticəsi də üç medaldır. Halbuki bizim komandaya yaradılan şərait onlara yaradılmır. Şəxsən mən heç bir cüdoçumuzu onlardan zəif saymıram".

Yerli məşqçilərlə çalışmağın tərəfdarı olan Olimpiya çempionu, millimizin üzvləri Tokiodan döndükdən sonra nəticələr əsasında addımların atılmasını istisna etməyib: "Burada məşqçilik nəsə yoxdur. Hamı deyir Zayzenbaherin dövrü yaxşı idi. Bizim vaxtımızda Zayzenbaher var idi? Rioda cüdoya iki Olimpiya medalını Zayzenbaher qazandırmadı. Heç bir məşqçi cəmi 9 ayın içində Olimpiya finalçısı hazırlaya bilməz. Mən öz məşqçilərimizin tərəfdarıyam. 

Maşurenkonun postunda qalıb-qalmayacağı ilə bağlı nəsə deyə bilmərəm. Komanda Tokiodan qayıtdıqdan sonra bir araya gəlib, müzakirələr aparacağıq. Orada hansısa qərarlar verilə bilər".



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook