Çempionlar Liqası: 2 oyunda 10 qol vurulub
Aprel 10
06:23
2024
UEFA Çempionlar Liqasında (ÇL) 1/4 final mərhələsinə start verilib.
"Report”un məlumatına görə, ilk gündə iki oyun keçirilib.
Hər iki görüşdə məhsuldar bərabərlik qeydə alınıb. Azarkeşlər bu matçlarda ümumilikdə 10 qol izləyiblər.
Turnirin favoritləri "Real”la "Mançester Siti” birincilərin meydanında üz-üzə gəliblər. ÇL-in ən titullu komandası ilə son çempionun dueli dramatik alınıb. Start fitindən cəmi 2 dəqiqə sonra qonaqlar hesabı açıblar. Çox keçmədən "kral klubu” üç dəqiqə ərzində iki dəfə fərqlənərək, vəziyyəti lehinə dəyişib. Lakin ikinci hissədə "şəhərlilər” analoji addımla yadda qalıblar.
Digər qarşılaşma Londonda baş tutub. "Arsenal” "doğma divarlar” arasında "Bavariya”nı qəbul edib. Bu görüş də məhsuldar alınıb və bənzər ssenari yaşanıb. Komandalar hərəyə bir dəfə önə keçsələr də, sonda bərabərliklə kifayətləniblər – 2:2.
Mərhələnin "Atletiko” (İspaniya) – "Borussiya” (Dortmund) və PSJ (Fransa) – "Barselona” (İspaniya) oyunları aprelin 10-da keçiriləcək.
Qeyd edək ki, cavab matçları aprelin 16-17-də təşkil olunacaq.
UEFA Çempionlar Liqası
1/4 final, ilk oyunlar
9 aprel
"Real” (İspaniya) – "Mançester Siti” (İngiltərə) – 3:3
Baş hakim: Fransois Letexye (Fransa).
Madrid, "Santyaqo Bernabeu” stadionu.
"Arsenal” (İngiltərə) – "Bavariya” (Almaniya) – 2:2
Qollar: Bukayo Saka, 12, Leandro Trossard, 76 – Serj Qnabri, 18, Harri Keyn, 32 (pen.).
Baş hakim: Qlenn Nuberq (İsveç).