Əqli Mülkiyyət Agentliyi Azərbaycanın oğurlanan xalq mahnısı ilə bağlı məlumat yaydı
İyun 05
12:57
2020
Əqli Mülkiyyət Agentliyi "youtube” portalında "Küçələrə su səpmişəm" xalq mahnısının fars mahnısı kimi təqdim edilməsi ilə bağlı məlumat yayıb.
Agentlikdən "Report"a bildirilib ki, son günlər ölkə mətbuatında və sosial şəbəkələrdə "Küçələrə su səpmişəm” Azərbaycan xalq mahnısının Youtube portalında fars mahnısı kimi verilməsi haqqında məlumatlar yayılıb.
Əqli Mülkiyyət Agentliyi dərhal bu məsələni nəzarətə götürüb və müvafiq araşdırma aparılıb.
Müəyyən edilmişdir ki, bir sıra YouTube kanallarında, o cümlədən, chekhabar1234 və Persian Song adlı kanallarda İranlı musiqiçi Fereydoun Asraeinin ifasında "Dooset daram” adlı mahnı yerləşdirilmiş və həmin mahnının Azərbaycan xalq mahnısı olması barədə məlumat qeyd edilməmişdir.
Bununla bağlı bildiririk ki, qeyd edilən mahnının musiqisi Azərbaycan xalq mahnısı "Küçələrə su səpmişəm” mahnısının musiqisidir. Burada mahnının sözləri dəyişdirilmiş və musiqinin mənşəyi barədə məlumat göstərilməmişdir. Mahnının musiqisinin bu cür mənimsənilməsi və dolayısı yolla fars musiqisi kimi təqdim olunması kobud hüquq pozuntusudur. Bu həm də Ümumdünya Əqli Mülkiyyət Təşkilatının (ÜƏMT) Müəlliflik hüququna dair Müqaviləsinin və ÜƏMT-nin İfalar və fonoqramlara dair Müqaviləsinin müddəalarına ziddir.
Mahnının Azərbaycan xalqının mədəni irsinə məxsusluğu çoxlu sübutlarla təsdiqlənir. "Küçələrə su səpmişəm” mahnısı XX əsrin əvvəllərindən başlayaraq bir sıra Azərbaycan xalq mahnıları toplularına daxil edilmişdir. Misal üçün, görkəmli Azərbaycan bəstəkarları Üzeyir Hacıbəyov və Müslüm Maqomayevin 1927-ci ildə nəşr olunan "Azərbaycan türk el nəğmələri”, Bülbül Məmmədovun 1956-cı ildə nəşr olunan "Azərbaycan Xalq Melodiyaları” (I cild Səid Rüstəmov), görkəmli Azərbaycan bəstəkarı Fikrət Əmirovun 1952-ci ildə nəşr olunan "Azərbaycan xalq mahnıları”, Davud Məmmədbəyovun 1965-ci ildə nəşr olunan "Azərbaycan lirik xalq mahnıları”, Salih Turhanın 1991-ci ildə Türkiyənin Ankara şəhərində nəşr olunan "Azerbaycan halk mahnıları” kitablarında "Küçələrə su səpmişəm” mahnısının notları və sözləri birlikdə çap olunmuşdur.
Mahnı eyni zamanda 1954-cü ildə çəkilmiş "Doğma xalqıma” adlı filmdə səsləndirilmişdir.
"Küçələrə su səpmişəm” xalq mahnısını həmçinin Azərbaycanın məşhur ifaçılarından Bülbül, Şövkət Ələkbərova və başqaları tərəfindən də səsləndirilmiş, maddi daşıyıcılara yazılaraq YouTube səhifələrinə yüklənmişdir.
Xüsusi olaraq vurğulamaq istəyirik ki, "Küçələrə su səpmişəm” xalq mahnısı İranlı musiqiçi Fereydoun Asraei tərəfindən Azərbaycan və fars dillərində ifa olunaraq "Khuneh be Dush” adlı albomda "Dustat daram” adı ilə 8-ci sırada yer almış, həmin albom onun razılığı ilə www.amazon.com saytında yerləşdirilmiş və ən əsası Azərbaycan folklor nümunəsi (by Azeri Folk) kimi qeyd edilmişdir.