Ərdoğanın təklifi dünyanın diqqət mərkəzində
İyun 08
13:43
2023
Xəbər verdiyimiz kimi, Rusiyanın nəzarətində olan Xerson vilayətində Nova Kaxovka bəndi vurulub. Ukrayna ordusu və NATO Rusiyanı nəhəng bəndi partlatmaqda ittiham edib. Rusiya isə bu iddianı təkzib edərək qarşı tərəfi günahlandırıb. Daşqınlar səbəbindən bölgədən təxliyələr başlanıb, 5 saat ərzində suyun səviyyəsinin kritik həddə çatacağı ilə bağlı xəbərdarlıq edilib. Xerson vilayətinin qubernatoru Aleksandr Prokudin təxminən 16 min insanın daşqınlar səbəbindən "kritik risk" altında olan ərazilərdə olduğunu açıqlayıb.
Nova Kaxovka bəndinin dağılması 1986-cı ildə Çernobıl hadisəsindən sonra Avropada ən böyük texnogen fəlakət adlandırılır.
Musavat.com xəbər verir ki, hadisədən dərhal sonra Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiya Prezidenti Vladimir Putin və Ukrayna Prezidenti Vladimir Zelenski ilə telefon danışığı aparıb.
Ərdoğan Rusiya və Ukrayna ekspertlərinin, Birləşmiş Millətlər Təşkilatının və Türkiyənin də daxil olduğu beynəlxalq ictimaiyyətin iştirakı ilə komissiya yaradıla biləcəyini ifadə edib, Türkiyənin bu kontekstdə üzərinə düşəni etməyə hazır olduğunu bildirib.
Dünya mətbuatı Türkiyə liderinin təklifini diqqətdə saxlayıb.
Beynəlxalq mətbuat yazır ki, Ərdoğan vəzifəyə gəldikdən sonra etdiyi ilk beynəlxalq telefon danışıqlarında ölkəsinin Moskva və Kiyev arasındakı vasitəçi rolunu genişləndirməyə çalışıb.