Ərəb investorları Azərbaycanda onlara əkin sahələrinin ayrılmasını istəyirlər
Oktyabr 20
12:03
2017
"2018-ci ildə Bakıda Körfəz ərəb dövlətləri Əməkdaşlıq Şurası (KƏŞ) üzv ölkələrinin məhsullarının sərgisinin keçirilməsinə icazə almaq istərdik".
"Report" xəbər verir ki, bu təkliflə Bakıda keçirilən Azərbaycan-KƏŞ ölkələrinin biznes-forumunda çıxış edən KƏŞ Ticarət Palatalar Federasiyasının baş katibi Əbdülrahim Həsən Nəqi çıxış edib.
"Belə bir sərgi həm Körfəz ölkələrinin məhsullarının təşviqinə, həm də KƏŞ ölkələri ilə Azərbaycan arasında münasibətlərin inkişafına kömək edər. Bundan başqa, KƏŞ ölkələrinin maliyyə təşkilatları, habelə İslam İnkişaf Bankı Azərbaycanla reallaşdırılacaq layihələr üçün lazım olan investisiyanı təmin edə bilər. Qarşılıqlı iqtisadi əlaqələrin inkişafı məqsədilə biznes şirkətlərinin qeydiyyat prosesinin asanlaşdırılması və xüsusi portal yaradıla bilər. Həmçinin, dəniz vasitəsilə daşınmaların həyata keçirilməsini təklif edirik", - deyə Ə.Nəqi bildirib.
Baş katib bundan əlavə, KƏŞ ölkələrinin iş adamları üçün kənd təsərrüfatı sahəsində əkinə yararlı torpaqların ayrılmasını təklif edib: "Çox istərdik Körfəz məhsullarına tətbiq edilən gömrük rüsumları da azaldılsın. Hazırda bu göstərici 200%-ə çatır. Habelə KƏŞ vətəndaşları üçün nəzərdə tutulan 20 dollarlıq viza rüsumu ləğv edilərək, biletin ümumi dəyərinə əlavə olunmasını istərdik. Bundan başqa, Azərbaycanda maliyyə kreditlərinin əldə olunmasını asanlaşdırmaq, ikiqat vergitutmanın həcminin azaldılmasını da təkliflərim sırasında qeyd etmək istərdim. Düşünürəm ki, Azərbaycan və KƏŞ ölkələri investisiya fondu yaradıla bilər. Öz növbəsində Azərbaycan iş adamlarının da KƏŞ ölkələrinin bazarından istifadə etmək üçün geniş imkanları mövcuddur".