SON XƏBƏR

Ermənistan 2027-ci ildə konstitusiya referendumu keçirəcək

Avqust 29
13:42 2024
Ermənistanda konstitusiya referendumunun 2027-ci ildə keçirilməsi planlaşdırılır.

Qaynarinfo xəbər verir ki, bu barədə jurnalistlərə Ermənistanın ədliyyə naziri Qriqor Minasyan bildirib.

Müddətlər ilkin olaraq konstitusiya islahatı komissiyasının işçi müzakirələri zamanı müəyyən edilib. Nazir qeyd edib ki, kompleks sənəd üzərində ətraflı iş görülməlidir və ictimai müzakirələr aparılacaq.

Onun sözlərinə görə, əvvəlcə mövcud konstitusiyaya dəyişikliklərin edilməsi, yoxsa yeni əsas qanunun qəbul edilməsi ilə bağlı mübahisələr olub və sonda ikinci varianta gəliblər.

"Müzakirə etdik və konsensusa gəldik - bizə konstitusiya dəyişiklikləri yox, yeni konstitusiya lazımdır", deyə Minasyan qeyd edib.

Nazir əlavə edib ki, komissiyanın işçi iclaslarında konstitusiyanın ilk üç maddəsinin dəyişdirilməsi məsələsi müzakirə olunmayıb, İstiqlal Bəyannaməsinə istinadın çıxarılması məsələsinə də baxılmayıb.

Hazırda əsas diqqət sabit parlament çoxluğu mövzusuna yönəlib və konstitusiya islahatlarının təşəbbüskarları bu normanı gələcək Konstitusiyada təsbit etmək istəyirlər.

Qeyd edək ki, Azərbaycan sülh müqaviləsi imzalanmadan əvvəl Ermənistanın konstitusiyasında dəyişikliklər edilməsini tələb edir. Çünki hazırkı konstitusiyada 1990-cı il avqustun 23-də qəbul edilmiş İstiqlal Bəyannaməsinə istinad edilir. Bəyannamədə "Ermənistan Respublikası və Dağlıq Qarabağın birləşdirilməsi" haqqında bənd var. 



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook