Ermənistanda daha bir məhbus aclıq elan etdi
Fevral 12
17:46
2019
Ermənistanda daha bir məhbus – ömürlük həbsə məhkum edilmiş 39 yaşlı Aram Xaçikyan bu gündən etibarən aclıq aksiyasına başladığını elan edib.
Qeyd olunur ki, 2006-cı ildə törədilən qətl üzrə açılan cinayət işi çərçivəsində ömürlük azadlıqdan məhrum edilən Xaçikyan ona qarşı edilən haqsızlığa qarşı bu cür addım atdığını deyib.
Məhbusun sözlərinə görə, vaxtilə məhkəmədə hakimin çıxardığı hökm qeyri-obyektiv və qərəzlidir. Aclıq aksiyası elan etməklə Xaçikyan aidiyyəti qurumların diqqətini ədliyyə sistemindəki haqsızlıq və özbaşınalığa çəkmək və ona qarşı açılan cinayət işinə və çıxarılan hökmə yenidən baxılmasını istəyir.
Hazırda Ermənistanın "Armavir” cəzaçəkmə müəssisəsində ömürlük həbsə məhkum edilmiş digər məhbus Vaqarşak Avetisyan da artıq 14 gündür ki, aclıq aksiyası keçirir.
Erməni KİV-ləri son zamanlar Ermənistan həbsxanalarındakı həm siyasi, həm də digər məhbuslar arasında aclıq edənlərin sayının artmasına və aksiyanın ölümlə nəticələnməsinə diqqət çəkirlər. Ən son nümunə isə "Nubaraşen” həbsxanasında saxlanılan "Ermənistan qartalları - Vahid Ermənistan” partiyasının sədr müavini, hökumət əleyhinə çıxdığına görə həbs olunan Mqer Yeqiazaryanın 44 günlük aclıq aksiyasından sonra yanvarın 26-da ölməsidir.