Ermənistanın Gəncədə törətdiyi növbəti terrordan üç il keçir
Oktyabr 17
07:32
2023
İkinci Qarabağ müharibəsi dövründə Gəncə şəhərinin Ermənistan silahlı qüvvələri tərəfindən 5-ci dəfə raket hücumuna məruz qalmasından üç il ötür.
"Report” xatırladır ki, 2020-ci il oktyabrın 17-də gecə saat 01 radələrində düşmən cəbhə zonasından kənarda yerləşən, Azərbaycanın ikinci böyük şəhərinin mərkəzindəki Cavadxan qəsəbəsini SCUD/Elbrus əməliyyat-taktiki ballistik raketləri ilə növbəti dəfə xain və qəddarcasına atəşə tutub.
Nəticədə 15 nəfər şəhid olub, 55-dən artıq şəxs yaralanıb, çoxsaylı mülki infrastruktur obyektlərinə, nəqliyyat vasitələrinə külli miqdarda ziyan dəyib. Şəhid olanlar və xəsarət alanlar arasında azyaşlılar, qadınlar və qocalar da var.
Düşmənin hücumu zamanı yaşayış evləri tamamilə dağılıb, sakinlər dağıntılar altında qalıb.