SON XƏBƏR

“Ermənistanın gizli yolla gətirdiyi silahlar müharibənin taleyini dəyişə bilməz” - ekspert

Oktyabr 17
09:25 2020
Ermənistan sentyabrın 27-dən sonra Qarabağ cəbhəsində aldığı ağır zərbələrdən sonra dünyadan silah-sursat "dilənməyə” davam edir. Son olaraq, İraqın şimalındakı Kürdüstan Muxtariyyətinin ikinci böyük şəhəri olan Süleymaniyyədən İrəvana təyyarə yollanıb. Süleymaniyyədən Ermənistana, İrəvandakı Zvartnots aeroportuna HYA7016 reysi ilə uçan Boeing 737-400 yük təyyarəsi gizli uçuşu həyata keçirib. Təyyarə Yunanıstanın "Olympis Airlines” aviaşirkətinə məxsus olub.

Belə ki, bu aviareys barədə Süleymaniyyə aeroportunun saytında, habelə İraq Kürdüstanının müvafiq rəsmi qurumlarının veb-resurslarında heç bir məlumat yoxdur. Aviareys o qədər məxfi saxlanılıb ki, Süleymaniyyə aeroportuna enən istisnasız olaraq bütün (!) təyyarələrə xidmət göstərən yerli "Azmar Air Handling and Airport Services” şirkətinin saytında da hər hansı informasiya yer almayıb. "Olympis Airlines”ın saytında isə, ümumiyyətlə, aviaşirkətin Süleymaniyyə şəhərinə uçuşlar gerçəkləşdirmədiyi yazılıb. Yunan aviaşirkətinin İrəvana reysləri var, o da sərnişindaşıma marşrutudur.

Ermənistana gizli şəkildə silah daşınması ilə bağlı xəbərlər Azərbaycan tərəfdə haqlı narahatlıq doğurub. Özü də Vətən müharibəsində ölkəmizi dəstəkləyən dövlətlər sırasında yer alan İraqdan silahların təcavüzkar ölkəyə daşınması barədə bu xəbərə inananlar da, inanmayanlar da var.

Polkovnik Şair Ramaldanov bu xəbəri ehtimal saymır: "Ermənilər bu qədər silah-sursat itirəndən, canlı qüvvələri tükənəndən sonra imkanları da azalır. Diasporlar və başqa yollarla nəyisə təmin etmək istəyir. Bu təbiidir. Çatışmayan silah-sursatlar təmin olunmalıdır. Belə olmursa, demək hər şey dayanmalıdır. Proseslər hələ də gedir. Döyüşlər də davam edir. Bilirsiniz ki, yaşayış məntəqələrini də atəşə tuturlar. Hansı silahları bu cür yollarla gətirə biləcəkləri barədə sualınıza gəlincə, mənə elə gəlir ki, ya raket yayım sistemləri üçün raketlər gətirə bilərlər, ya da düşünürəm ki, artilleriya qurğuları, toplar üçün mərmilər gətirə bilərlər. Texnikanın gətirilməsini düşünmürəm. Ancaq ən çox istifadə nələr olunursa, onu gətirməyə çalışacaqlar. Bilirsiniz ki, bu dəqiqə ən çox istifadə olunan raket və mərmilərdir. Bir neçə yolla bu cür silah-sursatları gətirirlər. Bu haqda məlumatlar da var. Azərbaycanın müvafiq orqanları bununla məşğul olur. Hansı tədbirlər görülməldirsə, bunlar edilir. Ancaq gizli yollar həmişə olub, var, olacaq da. Hazırda özəl şirkətlər kifayət qədər çoxdur. Hansı ki, bu işlərlə məşğuldur. Dövlət yolu ilə olmasa da, şəxsi firmalar yolu ilə bu proses gedir. Bunu saxlamaq mümkün olmayacaq”.

Polkovnik düşmənin bu cür yollarla itkilərinin yerini doldurub-doldurmayacağı barədə yaranan suallara bu cür aydınlıq gətirdi: "Hər halda hələ ki, doldura bilir ki, atəş intensivliyi yaşayış məntəqələrinə azalmır. Bunu görürük. Digər tərəfdən orada Rusiyanın bazasının olmasını nəzərə alsaq, bu da nəzərə alınmalı olan məsələdir. Ola bilsin ki, Rusiya de-yure iştirak etmir, silahlı qüvvələri müəyyən bir şəkildə iştirakçı deyil, amma de-fakto çox məsələlər var ki, Rusiyanın orada olan bazasından onlar faydalana bilərlər, həm də silah-sursat cəhətdən”.

Ş.Ramaldanov Azərbaycanı dəstəkləyən ölkələr sırasında İraqın da adının yer almasından çıxış edərək, bu məlumat dezo ola biləcəyi barədə ehtimallardan da danışdı: "Biz dövlət və ayrı-ayrı şəxslərin belə məsələlərdə iştirakını ayırmalıyıq. Dövlətlərdə, özü də İraq kimi bir ölkədə hər şeyi nəzarət altına almaq olmur. İndi o qədər firmalar var ki, hər işlə məşğuldur. Əsas gəlir mənbəyini belə əldə edirlər. Ermənistanda bu cür vasitələrə tələbat böyükdür. Şirkətlər əlbəttə qazanc əldə etmək üçün bu cür bazara üz tutacaqlar. Bunu da təbii bir hal kimi qəbul etmək lazımdır. Bizim onu bağlamağımız mümkün deyil”.

«Xəzər» Müdafiə Tədqiqatları Mərkəzinin rəhbəri, hərbi şərhçi Ramil Məmmədli: "Hazırda Ermənistan ordusunun silahlandırılması, gücləndirilməsi döyüş meydanında uğur qazanılması ilə nəticələnməyəcək. Çünki canlı qüvvə və döyüş texnikası baxımından Ermənistan artıq döyüş meydanında uduzub. Qeyd edilən istiqamətə gətirilən silahlar ənənəvi döyüş silahlarıdır. Zirehli maşınlar, atıcı silahlar, artilleriya qurğuları ola bilər. Bu isə müharibənin taleyini dəyişə bilməz. Azərbaycan Ordusu müasir döyüş aparır. Bu döyüşə qarşı da onların hava hücumundan müdafiə sistemi yoxdur. Çünki Qarabağ bölgəsində hava məkanına hazırda Azərbaycan nəzarət edir”.

"Yeni Müsavat”


Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook