SON XƏBƏR

Estonlar öz dillərinə necə qayğı göstərir

Mart 14
08:20 2016
Estoniyada yaşayan azərbaycanlı Vidadi Məmmədov Facebook səhifəsində estonların dillərinə necə qayğı göstərməsindən yazıb.
 
Onun yazdıqlarını təqdim edirik: "Estonlar (est. eestlased) — Estoniyanın fin-uqor xalqıdır. XX əsrin əvvəllərinə qədər estonlar özlərini "maarahvas” (kənd camaatı) adlandırırdı ki, bu da onların, məhz bu dövrə qədər, bütün tarix boyu kölə vəziyyətində qaldıqlarının göstəricisi idi. Yerli feodallar heç zaman eston millətindən olmayıb. Onlar ya isveç, ya da alman zadəganları olublar, "kənd camaatı” ilə də, aydın məsələdir ki, eston dilində deyil, ali təbəqənin – zadəganların dilində danışıblar. Odur ki, eston dili həmişə aşağı təbəqənin dili – hörmətsiz dil olub. Yeri gəlmişkən, 1632-ci ildən tarixi başlayan məşhur Tartu Universitetinin də tədris dili heç zaman eston dili olmayıb. Dərslər ilk zamanlar isveç dilində, sonra uzun müddət alman dilində, daha sonra rus dilində keçirilib. Eston dilində tədris yalnız 1919-cu ildən başlayıb.
 
Millətin adının dəyişməsi, yəni "kənd camaatı”nın ("maarahvas”) "estonlar”la ("eestlased”) əvəzlənməsi maraqlıdır. 1857-ci ildə, eston jurnalistikasının əsasını qoymuş Y.V. Yannsen (Johann Voldemar Jannsen – 1819-1890), indiyədək işlədilmiş "maarahvas” əvəzinə yeni söz – "eestlased” təklif edir. O, almanların və İsveçlilərin bu torpağın adı kimi işlətdikləri, uyğun olaraq "Ehsten” və "Esten” sözünün kökünü est millətin gələcək adı "eestlased” (estonlar) üçün əsas kimi irəli sürərək işlətməyə başlayır. Və göründüyü kimi, xalq da bu adı, öz adı kimi məmnuniyyətlə qəbul edib. Nəticədə "kəndçi dili” ("maarahvade keel”) adı da dəyişərək eston dili (eesti keel) olub.
 
Yadıma düşmüşkən onu da deyim ki, Y.V.Yannsen, eston dramaturgiyasının banisi Lidiya Koydulanın (Lydia Koidula – 1843-1886) atasıdır. Lidiya Koydula həm də gözəl vətənpərvər şair kimi tanınıb. Xalq onu, oyanmaqda olan milli hisslərin ifadəçisi kimi, "Emayıqi bülbülü” ("Emajõe ööbik”) adlandırırdı. Estonlar SSRİ müstəmləkəsindən azad olunandan sonra, dövriyəyə buraxdıqları milli valyutanın 100 kronluq əskinaslarında Lidiya Koydulanın şəkli basılmışdı.
 
Dünyada cəmisi 1–1,1 million estondilli insan yaşayır. Onların 900-920 min nəfəri Estoniyada, qalanları Rusiyada (əsasən, Rusiyaya qatılmış eston torpaqlarında və sürgün edildikləri Sibir zonasında), ABŞ, Kanada, Avstraliya, Böyük Britaniyada (əsasən Sovet istilasından qaçanlar), Almaniya (tarixi metropoliyaya köçənlər, Sovet istilasından qaçanlar), Latviyada (həmsərhəd ərazilərdə) yaşayırlar. Dil daşıyıcılarının sayına görə eston dili, dünyanın ən kiçik dövlət dillləri sırasındadır. Buna baxmayaraq, o ictimai həyatın bütün sahələrində işlədilir.
 
Eston dili bu gün elm, təhsil, mətbuat, internet və bilgisayar proqram təminatı dilıidir. Eston dövləti öz dilinin qədrini bilir, qayğısına qalır. Bu həm də bir-çox adamın xidməti borcudur. Dil müfəttişliyi, Dövlət dilinin işlədilməsini tənzimləyən qanun və hüquqi aktların təmin olunmasına nəzarət edir. Təhsil nazirliyi yanında Dil Xidməti Estoniyanın dil siyasətini müəyyən edir. Dil Soveti isə eston dilinin inkişaf strateqiyasını hazırlayır.
 
Eston dilini araşdırmaqla Eston Dili İnstitutu, Kibernetika İnstitutu, Tartu Universiteti, Tallinn Universiteti məşğul olurlar. Araşdırma mərkəzlərindən başqa, eston dili mütəxəssislərinin bir qisminin fəaliyyəti qeyri-kommersiya birliklərində yer alır. Eston dili Cəmiyyəti, Ana dili müəllimləri Cəmiyyəti, Eston Terminoloji Cəmiyyəti, Eston tətbiqi linqvistika Cəmiyyəti var. Estoniya Kibernetika İnstitutu, yeri gəlmişkən deyim, mənim səsimi lentə alıb Fonetika bazasına əlavə ediblər ki, gələcək nəsil, azərbaycanlıların, eston dilində necə koloritlə danışdığını bilsinlər. Uzun illərdir ki, Tartu Universiteti "Emakeel ja teised keeled” (Ana dili və digər dillər) adlı konfrans keçirir.
 
Ölkədə Hüquq dili günü, Mətn günü, periodik olaraq Tətbiqi Linqvistika konfransı, 14 martda Ana dili günü, 27 iyunda tanınmış dilçi Y.V.Veski -yə həsr olunmuş doğma dil konfransı və daha nələr, nələr keçirilir. Eston Dili İnstitutu çoxlu adda yazılı və elektron lüğətlər çap edir. Cürbəcür sorğu kitabları, izzahlı lüğətlərd, etimoloji lüğətlər, yad sözlər leksikonu, eston dilinin əsas leksikonu, frazeologiya sözlükləri, sinonimlər, omonimlər, antonimlər sözlükləri, şivə, ləhcə sözlükləri, slenq və s. və i”.
 
azadlıq.info



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook