“Evimiz İpoteka” MMC 30-dan artıq vətəndaşa 250 min pul atıb... - Şirkətin direktoru Ramin Əmrahov qaçıb gizlənib
Aprel 11
08:21
2023
Bakıda insanları aldadaraq pul alıb güzəştli şərtlə onlara ipoteka kreditilə ev veriləcəyini vəd edən şirkətlə bağlı polisə şikayət daxil olub. Şikayətçilərin sayı 30-dan çoxdur. Vətəndaşlara dələduzluq yolu ilə atılan pulun məbləği isə 250 min manatdan çoxdur.
Söhbət Xətai rayonu ərazisindəki Ağ Şəhər Mərkəzi, Bulvar küçəsində fəaliyyət göstərən "Evimiz İpoteka” MMC şirkətindən gedir. "Evimiz İpoteka” MMC şirkətinin təsisçisi Əmrahov Vüqar Rasim oğludur. Ancaq ev almaq istəyən vətəndaşlarla müqaviləni Əmrahov Ramin Rasim oğlu bağlayıb. Onun köməkçisi, sənədləri qəbul edən şəxs isə Günel Əmirova olub. Sosial şəbəkədə yayılan videodan da göründüyü kimi vətəndaşların polisə şikayətindən sonra Ramin Əmrahov və onun dəstəsi ofisi tərk edərək qaçıblar.
Videoda şikayətçi Günel Vəliyeva deyir ki, Ramin Əmrahov mənə dedi ki, sənə 4 faizlə güzəştli ipoteka krediti düşür və məndən 15 min manat pul istədi.
Şikayətçi sonra deyir ki, mən pulu Ramin Əmrahova verdim və müqavilə imzaladıq. Alqı-satqıya 2-3 gün qalmış Ramin telefona cavab vermədi, onda bildim ki, bu adam dələduz imiş...
Başqa bir şikayətçi Cəlal Şükürovun sözlərinə görə, sözügedən şirkətin rəhbərliyi fırıldaqlıqla məşğuldur.
Cəlal Şükürovun şikayətini olduğu kimi təqdim edirik: "Nişanlıyam, 24 yaşım var. Mənzilə ehtiyacımız olduğu üçün valideynlərimlə birgə "Evimiz İpoteka” MMC şirkətinə üz tutduq. Mənzili anamın adına ipoteka ilə almaq istəyirdik. Çünki müəllimlərə 4 faizlik güzəşt tətbiq olunduğu bildirildi. Anam müəllimədir. Mən öz adıma 8 faizlə ala bilərdim. Fevral ayının 2-də şirkətin direktoru Əmrahov Ramin Rasim oğlu ilə müqavilə bağladıq. 7 min manat ödəniş etdik. Şirkətin təsisçisi Əmrahov Vüqar Rasim oğludur. Ancaq bütün müqavilələri Ramin adlı şəxs bağlayır.
Qısası, fevralın 18-dən bu günə qədər həmin şəxs zənglərimizə baxmır. Müqavilə bağladığımız yerə də dəfələrlə baxdıq, ancaq heç kimi tapa bilmədik.
Valideynlərinin qapısına gedəndə onlar "bizim belə bir övladımız yoxdur” dedilər. Yəni övladları ilə əlaqəni kəsiblər, həmin şəxs valideynlərinin yanında görəsən o dərəcə hörmətini itiribmi? Sonradan bizə məlum oldu ki, bu şirkət ümumi 30 şikayətçidən təxminən 250 min manata yaxın vəsait mənimsəyib. Bütün aidiyyəti qurumlara müraciət etmişik, cavab gözləyirik”.
Başqa bir şikayətçi Cahid İsmayılov isə deyir ki, güzəştli ipoteka krediti ilə mənzil almaq üçün Ağ Şəhərdəki "Evimiz İpoteka” MMC şirkətindən gedib. Və orada Əmrahov Ramin Rasim oğlu ilə söhbət eləyib, 6 min manat verərək, müqavilə bağlayıb. Sonradan Ramin telefonlara cavab verməyib. Başqa bir şikayətçinin əmisi oğlu Şükürov İlqar bildirir ki, yaxın qohumlarının üçü Samid, Niyaməddin, Arif bunlar da 22 min manat pulu "Evimiz İpoteka” MMC şirkətinin rəhbərinə veriblər. Amma bu günə qədər nə evdən, nə də ki puldan heç bir xəbər yoxdur.
Sözün qısası, 30-dan artıq vətəndaşımız dələduz dəstənin qurbanına çevrilib. Məsələ ilə bağlı Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, bu işlə əlaqədar araşdırma aparılır və ictimaiyyətə əlavə məlumat veriləcəkdir. Biz isə öz növbəmizdə, məsələnin cəmiyyət üçün aktuallığını nəzərə alaraq gündəmdə saxlayacağıq. Bizi izləyin.
Mənbə: gundelik-baku.com
Qlobal.az