SON XƏBƏR

Evlər sürətlə ucuzlaşır

Noyabr 25
17:46 2015
"İnsanların psixoloji baxımdan neqativ gözləntiləri var. Ona görə də əllərindəki vəsaiti xərcləməyə qorxurlar”
 
"Satıcı çoxdur, ancaq alıcı yoxdur”.
 
Bakıda ev alqı-satqısı ilə məşğul olan şirkətlərdən birinin əməkdaşı Günel Kərimova əmlak bazarındakı vəziyyəti qısaca belə təsvir edir. Onun dediyinə görə, ötən aylara baxanda noyabrda vəziyyət daha da durğunlaşıb. Məsələn, bir neçə ay əvvələ kimi ayda bir ev satdıqları halda, indi ancaq 3 aydan bir ev sata biliblər.
 
"Qiymətlər ucuzlaşsa belə, ev almaq istəyən azdır” söyləyir.
 
"Məsələn, 80 minlik evi indi 70 minə, 68 minə satırıq. Dollar qalxandan sonra belə oldu. Çox adam evini satır, pulu çevirir dollara, qoyur qırağa, özü də kirayə axtarır”. Günel Kərimovanın sözlərinə görə, bəzi dəllallar da fürsətdən istifadə edirlər: "Qiyməti öldürüb alırlar ki, bir azdan baha satsınlar. Ucuz alır, baha satırlar, belə deyək də üstündə pul "tuturlar”.
 
"QİYMƏTİ AŞAĞI SALMAĞA ƏLİMİZ GƏLMİR”
 
Şərqiyyə Əliyeva Köhnə Günəşlidə yaşayır. Deyir ki, iki oğlunun da evlənmək yaşı çoxdan çatıb, ancaq ev probleminə görə, iki ildir nişanlı oğluna toy edə bilmir. O, Masazırda aldığı torpaqda ev tikməyə başlayanda güman edirmiş ki, ikiotaqlı mənzilini satıb tikintini davam etdirə biləcək. Ancaq neçə aydır evi satlığa qoysalar da, alıcı tapılmır ki, tapılmır: "Neçə aydır nə gələn var, nə gedən. Bir-iki adam maraqlanıb, sonra səs-soraq çıxmayıb. Qiyməti də aşağı salmağa əlimiz gəlmir, gərək bizə də bir şey qalsın, o pula həm ev tikməliyəm, həm o biri oğluma nəsə saxlamalıyam. Düşünürdük ki, bu pula böyüyə ev tikək, özümüz onun yanında qalaq, balacaya da ipoteka ilə ev götürək. Ancaq bütün planlarımız yarımçıq qaldı”. Əbdül Həmidov isə manatın devalvasiyasından sonra ard-arda üç dəfə şok yaşadığını bildirir. O, bu bir neçə ayda həm işini, həm də evini itirib. Devalvasiyaya qədər özəl şirkətlərdən birində yaxşı işi olan gənc ikiotaqlı mənzil alıb, onu yüksək səviyyədə təmir etdirib. Bu zaman yüksək maaşına güvənən Əbdül Həmidov bankdan kredit də götürüb, amma işini itirəndən sonra krediti qaytara bilməyib. Bir neçə ay içində iş tapmayan və banka borcunun artdığını görən gənc çıxış yolunu evini dəyər-dəyməzinə satmaqda görüb. Banka borcunu qaytarsa da, əlində qalan pula heç nə edə bilməyib. "Həyat yoldaşımla anamgilə yığışmışıq. Üç biz, üç onlar, altı nəfər üçotaqlı evdə qalırıq. Qalan pula da ev düşmür”, – deyir Əbdül Həmidov.
 
"FƏALLIQ 50 FAİZDƏN ÇOX AŞAĞI DÜŞÜB”
 
"Ötən illə müqayisədə əmlak bazarında fəallıq 50 faizdən də çox aşağı düşüb. Yəqin gələn il yanvarın sonuna kimi alıcının da, qiymətin də azalması davam edəcək”. "MBA Group” konsaltinq şirkətinin baş direktoru Nüsrət İbrahimov belə deyir. Onun hesablamalarına görə, əmlak bazarında qiymətlər 22 faiz, konkret mənzil bazarındasa bundan bir qədər çox 26 faiz aşağı düşüb. Mütəxəssis növbəti 3 ayda qiymətlərin təxminən daha 10 faiz düşəcəyini proqnozlaşdırır. O, əmlak bazarındakı durumu həm xarici, həm də daxili amillərlə bağlayır. Nüsrət İbrahimov neftin qiymətinin düşməsinin, Rusiyadan gələn pul kütləsinin azalmasının da ev bazarına birbaşa təsirinin olduğunu bildirir. O ki qaldı daxili amillərə: "İnsanların psixoloji baxımdan neqativ gözləntiləri var. Ona görə də əllərindəki vəsaiti xərcləməyə qorxurlar, qara günlər üçün, ehtiyat üçün saxlayırlar. Başqa səbəb də qiymətlərin çox yüksək olmasıdır. Qiymətlər reallıqla uzlaşmır”. Və təbii ki, banklar da unudulmamalıdır. Nüsrət İbrahimov devalvasiyadan sonra bankların əmlak bazarına yatırımı xeyli azaltdığını və bunun da alıcılıq qabiliyyətinə təsir göstərdiyini söyləyir. "Bakıda söküntü də dayanıb, buna görə də bazar dayanıb”. "Məkan.az” saytının əməkdaşı Vüqar Məkanovdur bunu deyən. O da ev bazarında durumun acınacaqlı olduğunu deyir. Ev alqı-satqısının elanlarını yerləşdirən bir neçə sayta göz atırıq. "Alıram” deyən yoxdur, ancaq satmaq istəyənlər gözə dəyir.
 
(azadliq.org)



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook