“Evrascon” şirkətində 3 minə yaxın fəhləyə 5 aydır maaş verilmir – ŞİKAYƏT
Yanvar 25
14:03
2016
"Biz etiraz etmək istəyirik, amma dövlət başçımıza sədaqətimizdən və iğtişaş yaratmaq istəmədiyimizdən dözürük”
Azəraycanın iri inşaat şirkətlərindən olan, hətta dünyanın bir neçə ölkəsində də inşaat layihələrinin icraçısı olan "Evrascon” şirkəti 2015-ci ilin sentyabr ayından bəri işçilərinin maaşını vermir.
Bu barədə Qafqaz Xəbər Agentliyinə müraciət edən Xırdalandakı 5 saylı İstehsalat Bazasının (beton zavodu) fəhlələri bildirib.
Vətəndaşlar Qafqaznews.az saytına bildiriblər ki, sonuncu dəfə dekabr ayının 30-unda adambaşı 100 manat maaş alıblar: "Bu da sentyabr ayının maaşından hesablanmışdı. Ondan sonra bir qara qəpik də ala bilməmişik. Rusiyada, Qazaxıstanda iri layihələr həyata keçirən, milyonlarla dollar qazanan şirkətin rəhbərliyi 5 aydır digər bazalarda da olmaqla, 3 minə yaxın işçinin maaşını vermir. Nə qədər müraciət etsək də, hər dəfə bir bəhanə uydururlar. Bu dəfə deyirlər ki, guya devalvasiyaya görə pul yoxdur. Ondan-bundan borc alıb işə gəlirik, kreditlərimiz, ailə məsrəflərimiz var. Narazılıq edənlərə isə deyirlər ki, öz hesabınıza məzuniyyətə gedə bilərziniz, qapı üzünüzə açıqdır. Fəhlələrin əksəriyyəti də işsiz qalmaq qorxusundan etiraz etmir.Pensiya kartımıza (Dövlat Sosial Müdafiə Fondunu nəzərdə tuturlar – red.) heç bir məbləğ köçürülmür, amma o pulu hər ay bizim məvacibdən tuturlar. Bazar günləri işləyirik, o da hesaba alınmır.
Biz etiraz etmək istəyirik, amma dövlət başçımıza sədaqətimizdən və iğtişaş yaratmaq istəmədiyimizdən dözürük. Şirkət rəhbərliyi isə elə bilir ki, biz ya qorxuruq, ya da ağlımızı itirmişik”.
İndi isə "böhranla əlaqədar olaraq”, işçilərə maaşın 20-25 faizə qədər azalacağı bəyan olunub.
Maraqlıdır ki, şirkətin rəsmi vebsaytı olan "evrascon.com” ünvanında iftixarla bu sözlər qeyd olunub: "«Avrasiya tikinti korporasiyası Evrascon» 50 min sahibkarlıq subyekti arasında birincidir. Korporasiyada 5541 nəfər işləyir”.
Şikayətçi vətəndaşların adından "Evrascon”un rəhbəri Əfəndi İsmiyevdən soruşmaq istərdik:
Görəsən, özü də bu şərtlər altında – aylarla maaşsız, istirahətsiz, əmək hüquqlarının pozulduğunu bilə-bilə, həm də böhranlı bir zamanda pulsuz-parasız işləyərdimi?..
Qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq. Mövzunu diqqətdə saxlayacağıq. Bizi izləyin.