Fazil Məmmədovun qudasını Nur-Sultanda “yıxdılar” – qalmaqal
Sentyabr 20
10:14
2019
Qazaxıstanın paytaxtında keçirilən dünya çempionatına sərbəst güləşçilərimiz baş məşqçi Saypulla Absaidovsuz gedib, onun harada olduğu bilinmir; güləşçilərimizin uğursuzluğuna görə "çempionatı yola verək” deyən Güləş Federasiyasının prezidenti Namiq Əliyev hansı məsuliyyəti daşıyır?
Məlum olduğu kimi, Qazaxıstanın paytaxtı Nur-Sultanda sərbəst güləş üzrə dünya çempionatında Azərbaycan idmançıları ilə bağlı qalmaqal yaşanıb. Bunlar barədə bir qədər sonra…
"Report” xəbər verib ki, federasiyanın sərbəst güləş üzrə vitse-prezidenti Firdovsi Umudov dağıstanlı mütəxəssisin bu addımını şərh etmək istəməyib.
"Yeni Müsavat” bildirir ki, Saypulla Absaidov 68 kq çəki dərəcəsində 2 dəfə SSRİ çempionu olub. 1980-cı ildə olimpiya və Avropa, növbəti il dünya çempionatında qızıl medal qazanıb.
2009-cu ildə sərbəst güləş üzrə Azərbaycan milli komandasının baş məşqçisi təyin olunub.
10 il baş məşqçi işləyən Absaidovun qəfil yoxa çıxması, hətta qaçması haqda iddialara isə hələ ki cavab yoxdur. Daha dəqiqi var, amma o cavablar müəmmaları azaltmayıb, əksinə…
Belə ki, Azərbaycan Güləş Federasiyasının prezidenti vəzifəsini icra edən Namiq Əliyev yalnız bir gün sonra Saypulla Absaidovun niyə milli komanda ilə gəlməməsinin səbəbi barədə danışıb. Amma qeyd etdiyimiz kimi, onun dedikləri də məsələyə aydınlıq gətirməyib.
Namiq Əliyev dağıstanlı baş məşqçi üçün dünya çempionatına biletin sifariş olunmasına dair fikirlərə isə belə münasibət bildirib: "Bilet çox adama alına bilər. Akkreditasiyadan isə bir ay öncədən keçmək lazımdır. İdmançı öz psixoloji durumunun pozulmaması üçün öz şəxsi məşqçisi ilə hazırlaşmaq istəyir. Bu cür amillər də var”.
2020-ci il Tokio Yay Olimpiya Oyunlarına lisenziya verəcək çempionat haqda federasiya rəhbərinin dedikləri də maraq doğurur. "Dünya çempionatını yola verək, daha sona bu məsələ ilə bağlı geniş açıqlama verəcəyik”, – deyə, o bildirib.
Amma məlumdur ki, çempionatı asan " yola vermək” mümkün olmayıb.
Belə ki, sentyabrın 18-də sərbəst güləşçi Hacı Əliyev ilk görüşünə çıxıb. 65 kq çəki dərəcəsində yer alan titullu pəhləvan təsnifat mərhələsində rusiyalı Hacımurad Rəşidovla üz-üzə gəlib. İlk hissədə üçqat dünya çempionumuz Hacı Əliyev hesabda geri düşsə də, ikinci yarıda vəziyyəti öz xeyrinə dəyişib – 2:1. Lakin sona doğru Rəşidov önə çıxıb – 3:2. Bununla belə, güləşçimiz son saniyələrdə 2 xallıq fənd işlədib. Hakimlər əvvəlcə bu xalı qeydə alıb və azərbaycanlı pəhləvan yenidən irəli çıxıb – 4:3. Lakin Rusiya tərəfi qərara etiraz edib. "Çelenc”ə baxıldıqdan sonra onların etirazı qəbul edilib. Nəticədə Əliyevin 2 xalı silinib, rəqibinə 1 xal verilib. Beləliklə, rusiyalı qalib elan olunub – 4:2.
Sentyabrın 19-da daha bir sərbəst güləşçimiz Mahir Əmiraslanov 1/16 final görüşünə çıxıb. 57 kq çəki dərəcəsində yer alan Əmiraslanov rusiyalı Zavur Uquyevlə qarşılaşıb. Minsk-2019 II Avropa Oyunlarının qalibi ilk hissədə 1:0 hesablı üstünlük əldə edib. Lakin ikinci hissədə Uquyev hesabı öz xeyrinə dəyişərək qalib gəlib – 4:3.
Qeyd edək ki, hələlik Azərbaycan təmsilçilərindən qadın güləşçi Mariya Stadnik (50 kq) qızıl medal və 2020-ci il Tokio Yay Olimpiya Oyunlarına lisenziya, yunan-Roma güləşçisi Rafiq Hüseynov (82 kq) gümüş, Eldəniz Əzizli (55 kq) bürünc medal qazanıb.
"Yeni Müsavat” yada salır ki, Namiq Əliyev sabiq vergilər naziri Fazil Məmmədovun qudasıdır. Belə ki, Fazil Məmmədovun qızı Namiq Əliyevin gəlinidir. Onlar qohum olana qədər də birlikdə işləyiblər. Namiq Əliyev F.Məmmədovun həm Vergilər Nazirliyində, həm də AGF-də müavini vəzifəsini tuturdu.