SON XƏBƏR

FED protokolları uçot dərəcəsinin mart ayında artırılmasına şübhələr yaradıb

Fevral 24
02:09 2017
ABŞ Federal Ehtiyat Sistemi (FED) fevralın 22-də keçirdiyi son iclasın protokollarını dərc edib.

"Report"un "Forexpf.ru" saytına istinadən verdiyi xəbərə görə, protokollara əsasən FED Açıq Bazar Komitəsi (FOMC) tezliklə uçot dərəcələrinin artırılacağını, lakin bunun üçün inflyasiya göstəricisinə diqqət edilməsi zəruriyyətini bildirib. Komitə həmçinin dolların möhkəmlənməsinin iqtisadi artıma mənfi təsir edə biləcəyini və dünya ölkələrində maliyyə qeyri-sabitliyi yaradacağını qeyd edib. Nəticədə FOMC pul-kredit siyasətinin tədricən sərtləşdirilməsini mümkün sayıb.

"Report"un analitik qrupu dünənki protokolların nəticələrini təhlil edərək bildirir ki, FED-in bu il martın 14-15-də keçirəcəyi növbəti iclasında uçot dərəcələrini artırması şübhə altındadır. Belə ki, protokollara əsasən, faizlərin tezliklə artırılacağı, onun mart ayında artırılacağı mənasını daşımır. Həmçinin FED ABŞ-da yeni vergi islahatlarının iqtisadi nəticələrini görmək istəyəcək.

Protokolların açıqlanmasından sonra əsas valyuta cütlüyü sayılan USD/EUR-un məzənnəsi 1,0490-dan 1,0560-a qədər yüksəlib. Yaxın günlərdə dolların bir qədər də ucuzlaşması ehtimal olunur. Hər bir halda USD/EUR-un 1,04-dən aşağı düşməsi gözlənilmir. Belə ki, FED-in güclü dollardan narahat olduğu dünənki protokollarda bir daha vurğulanıb.

FED-in protokolları Azərbaycan manatının tədricən möhkəmlənməsinə gətirib çıxaracaq. Zəif dollar həmçinin neftin qiymətinin yüksək səviyyədə qalmasına kömək edəcək. Lakin 2018-ci ilin ortalarından etibarən dolların yenidən yüksəliş trendinə başlaması ehtimal edilir.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook