Fəlsəfə doktoru proqramı üzrə doktoranturaya sənəd verənlərin sayı azalıb
Noyabr 17
19:30
2015
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) institutlarına və elmi tədqiqat müəssisələrinə sənəd verənlərin sayı açıqlanıb.
AMEA-nın Elm və Təhsil İdarəsinin rəisi, texnika üzrə elmlər doktoru, professor Əminağa Sadıqov Trend-ə bildirib ki, bu il fəlsəfə doktoru proqramı üzrə doktoranturaya 93 plan yerinə 97 nəfər, fəlsəfə doktoru proqramı üzrə dissertanturaya 136 yerə 195 nəfər, elmlər doktoru proqramı üzrə doktoranturaya 41 yerə 32 nəfər, elmlər doktoru proqramı üzrə dissertanturaya isə 76 plan yerinə 95 nəfər sənəd verib.
Ə.Sadıqov deyib ki, fəlsəfə doktoru proqramı üzrə doktoranturaya sənəd verənlərin sayı əvvəlki illərlə müqayisədə azalıb: "Bəzi ixtisaslar üzrə sənəd verənlərin sayında azalmanın olması hiss edilmir. Elə ixtisaslar var ki, 1 yerə 3-4 nəfər sənəd verib. Bütövlükdə, həm ixtisas, həm fəlsəfə fənni, həm də ingilis dili üzrə tələbi yüksəltmişik. Bu, əvvəlcədən elan olunub. Hiss olunur ki, iddiaçılar bunu nəzərə alıblar və cari ildə daha çox özünə güvənənlər sənəd veriblər. Bu, yaxşı haldır. Bizim də məqsədimiz o idi ki, həqiqətən hazırlığı olanlar sənəd versinlər”.
Onun sözlərinə görə, fəlsəfə doktoru proqramı üzrə dissertanturaya qəbul üçün yüksək müsabiqə vəziyyəti yaranacaq.
İdarə rəisi elmlər doktoru proqramı üzrə doktorantura və dissertanturaya sənəd verənlərin sayını da normal hesab edir.
Qeyd edək ki, bu il Azərbaycan Milli Elmlər Akademiyasında doktoranturaya qəbul olmaq istəyənlər üçün ixtisas fənləri üzrə test imtahanları AMEA-nın institutları, fəlsəfə və xarici dil imtahanları isə AMEA tərəfindən mərkəzləşdirilmiş qaydada keçiriləcək. Test imtahanları iki saat davam edəcək, imtahanda namizədlərə 50 sual təqdim olunacaq. İmtahan zamanı namizədlər sualları kompüterdə cavablandıracaqlar. Nəticələr imtahan bitən kimi elan olunacaq.