SON XƏBƏR

Fərhad Xəlilovun Rusiya Dövlət Şərq Xalqları İncəsənəti Muzeyində “Görüş”ü

Noyabr 11
14:38 2016
Moskvada, Rusiya Dövlət Şərq Xalqları İncəsənəti Muzeyində Azərbaycanın Xalq Rəssamı, Azərbaycan Rəssamlar İttifaqının sədri Fərhad Xəlilovun "Görüş” adlı sərgisi açılıb. Fərhad Xəlilovun 70 illik yubileyinə həsr olunmuş sərgi sentyabrın 7-də "Xalq Təsərrüfatı Nailiyyətləri Sərgisi” (XTNS) kompleksində start götürüb. Burada rəssamın son onilliklər ərzində yaratdığı təqribən 50 əsəri nümayiş etdirilib. Rusiya Dövlət Şərq Xalqları İncəsənəti Muzeyində isə rəngkarlıq əsərlərini sevənlər rəssamın erkən əsərlərini görəcəklər. Rusiya Mədəniyyət Nazirliyi, Azərbaycan Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycanın Rusiyadakı səfirliyi tərəfindən təşkil edilən sərgi müəllifin Moskvada artıq onuncu fərdi sərgisidir.
 
Muzeyin direktoru Aleksandr Sedov hamını sərginin açılışı münasibətilə təbrik edərək, uzun illər muzeylə əməkdaşlıq etdiklərinə görə müəllifə, Heydər Əliyev Fondunun Rusiya nümayəndəliyinə təşəkkürünü bildirib. O deyib: "Biz muzeyimizin qapılarını yaxın və uzaq ölkələrin rəssamlarının üzünə açmağa həmişə şadıq. Azərbaycan rəssamlarının sərgilərini tez-tez təşkil etməyimiz ölkənizdə rəssamlıq ənənələrinin və bütövlükdə incəsənətin nə dərəcədə yaxşı və dolğun inkişaf etdiyini göstərir.
 
Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu Fərhad Xəlilovu "Şərəf” ordeni ilə təltif edilməsi münasibətilə təbrik edərək deyib: "Lap bu yaxınlarda Fərhad Əliyev Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamı ilə yüksək mükafata layiq görülüb. Dövlət bu mükafatla rəssamın çoxillik əməyini qeyd edib”.
Səfir vurğulayıb ki, Fərhad Xəlilovun yaradıcılığı təkcə Vətəndə deyil, onun hüdudlarından kənarda da şöhrət qazanıb. Sentyabr ayında XTNS-də Rusiya Dövlət Şərq Xalqları İncəsənəti Muzeyinin ekspozisiyası çərçivəsində "Görüş” adlı sərgi layihəsi start götürüb. Sərgidə rəssamın son onilliklər ərzində yaratdığı təqribən 50 irihəcmli rəngkarlıq əsəri nümayiş etdirilib. Şərq Xalqları İncəsənəti Muzeyində isə onun erkən əsərləri toplanıb.
 
Rəssamı sərginin açılışı münasibətilə "Beynəlxalq Rəssamlar İttifaqları Konfederasiyası” İctimai Birliklər Assosiasiyasının icraiyyə komitəsinin sədri Məsut Fatkulin, Moskva Teatr, Kino və Televiziya Rəssamları Assosiasiyasının prezidenti Boris Messerer, tanınmış rusiyalı fotoqraf və jurnalist Yuri Rost, Rusiyanın Xalq Artisti Sergey Abdraşitov, Rusiyanın Xalq Rəssamı Sergey Alimov və başqaları təbrik ediblər.
 
F.Xəlilov AZƏRTAC-ın müxbirinə müsahibəsində deyib: "Bir rəssam kimi mənim bir neçə məkanım var. Sənətimin dərk edilməsi baxımından Moskva məkanı mənim üçün çox doğmadır. Moskva artıq onuncu fərdi sərgimin şahidi olur. Məndən həmişə xəbər alırlar: "Sərgidən nə gözləyirəm?”. Mən böyük hörmət, böyük məhəbbət bəslədiyim dostlarımın sənətim barədə fikirlərini eşitmək istəyirəm. Ən başlıcası isə onlardan prinsipiallıq gözləyirəm. Sənətim barədə onların xoş sözləri mənim üçün böyük stimuldur. Məhz buna görə də sərgilərimi təşkil edirəm. Əmin olmaq istəyirəm ki, doğru yoldayam. Burada deyilən sözlər ancaq ürəkdən gəlməlidir. Dostlarımı tanıyıram. Onlar ya danışacaqlar, ya da susacaqlar. Amma dedikləri hər bir söz ürəkdən deyilən söz olacaq”.
Rəssam qeyd edib ki, Abşeron, onun təbiəti və ruhu mövzusu onu həmişə ruhlandırıb, ruhlandırır və bundan sonra da ruhlandıracaq.
 
"Görüş” sərgi layihəsinin ikinci hissəsində nümayiş etdirilən əsərlərin bir hissəsi ilk dəfədir sərgiyə çıxarılır. Tamaşaçı rəssamın 1970-2000-ci illərdə yaratdığı təqribən 50 əsərə tamaşa edəcək. Həmin əsərlərdə onun daimi ilham mənbəyi olan Abşeronun xarakteri və siması tanış nişanələrdə - qədim kənd küçələrində, dənizin maviliyində, mənalı ağac siluetlərində əks olunub. Ustad doğma yurda şəfqətini, onun səxavətli bəxşişlərinə, insanlarına heyranlıq hisslərini ifadə etmək üçün xüsusi bədii vasitələrə müraciət edib.
 
Fəridə Abdullayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook