SON XƏBƏR

Fəxriyyə Xələfova Avropa moda mükafatı ilə təltif olundu

İyul 16
05:47 2016
Vyanada növbəti dəfə Avropanın məşhur "Fashion for Europe” moda festivalı keçirilib. Vyana Dövlət Operasında təşkil edilən beynəlxalq tədbirdə ölkəmizi tanınmış rəssam-modelyer, Əməkdar İncəsənət Xadimi Fəxriyyə Xələfova təmsil edib.
 
Avropanın müxtəlif ölkələrindən brend və dizaynerləri bir səhnədə birləşdirən festivalın əsas hədəfi moda rəngarəngliyini nümayiş etdirmək olub. "Moda ilə körpülər quraq" devizi ilə keçirilən festivalda Avropanın tanınmış dizaynerlərinin hazırladıqları geyimlərdən ibarət kolleksiyalar nümayiş etdirilib.
 
Festivala ikinci dəfə qatılan rəssam-modelyer Fəxriyyə Xələfovanın təqdim etdiyi kolleksiya həm tamaşaçılarda, həm də moda ekspertlərində böyük maraq doğurub. Azərbaycanlı modelyer F.Xələfova təqdim etdiyi maraqlı geyim kolleksiyasına görə beynəlxalq festivalın təsis etdiyi "European Fashion Award 2016" mükafatına layiq görülüb.
 
Fəxriyyə Xələfovanın kolleksiyası mətbuatın xüsusi diqqətinə də səbəb olub, festivalın mükafatçısı kimi Avstriya Teleradiosu (ORF) ondan xüsusi müsahibə alıb. Azərbaycanlı dizayner uğur düsturunun nədən ibarət olması sualına belə cavab verib: "Uğurlarımın sirri işimə əzm və xüsusi məsuliyyətlə yanaşmağımdadır, çünki yaradıcılığımda əsas diqqəti hazırladığım geyimlərlə Azərbaycanın geyim mədəniyyətini yüksək səviyyədə tamaşaçılara çatdırmağa yönəldirəm.
 
Geyimlərin nümayişi zamanı bütün şou bir vəhdət şəklində təqdim olunur. Bu zaman çalışıram ki, təqdim etdiyim kolleksiya həm tamaşaçıların, həm də moda ekspertlərinin zövqünü oxşasın."
 
Azərbaycanlı dizaynerin kolleksiyasının təqdimatı zamanı uğurlu musiqi kompozisiyası da tamaşaçılar tərəfindən rəğbətlə qarşılanıb. Bəstəkar Eldar Mansurovun "Humayun" kompozisiyası geyimlərdəki milli üslubla uğurlu ahəng yaradaraq moda ekspertlərinin marağına səbəb olub.
 
Vyana Dövlət Operasının foyesində F.Xələfova üçün ayrılmış stenddə onun geyimləri, eləcə də müəllifi olduğu ətirlər, xüsusilə "Caspian Rose" ətiri böyük maraqla qarşılanıb.
 
Festivalın qalibi olaraq Fəxriyyə Xələfova ilin sonunadək Avropada keçiriləcək moda festivallarına fəxri qonaq qismində dəvət alıb.
 
Qlobal.az
 




Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook