SON XƏBƏR

Fikrət Yusifov: İqtisadi amnistiya heç kimi çaşdırmasın...

May 24
11:14 2016
May ayının 20-də ölkə başçısı Milli Məclis tərəfindən qəbul edilmiş "Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikasının Qanunu” nu təsdiq etdi. Əslində bu sahibkarlara, iş adamlarına iqtisadi amnistiya verən bir sənəddir. 

Dəyişikliklər iş adamlarına diqqətsizlik, səhv və hətta səhlənkarlıq nəticəsində dövlətə vurduqları zərərə görə cinayət məsuliyyətindən maksimum uzaq ola bilmək şansı verir. Nələrdən ibarətdir bu dəyişikliklər? İlk öncə buna qədər Cinayət Məcəlləsi ilə nəzərdə tutulan "xeyli miqdar” və "küllü miqdar” anlayışlarına məbləğ etibarilə yeni yanaşım edilir. Köhnə qaydalar ilə "xeyli miqdar” dedikdə 1000 manatdan 7000 manata qədər olan məbləğ başa düşülürdüsə, yeni qaydalarla bu rəqəmin minumum həddi 20 dəfə artırılaraq, 1000 manatdan 20 000 manata, maksimum həddi isə 14,3 dəfə artırılaraq, 7000 manatdan 100 000 manata çatdırıldı. Eyni qayda ilə "küllü məbləğ” kimi müəyyənləşdirilən və CM-nin "İqtisadi Cinayətlər " bölməsindəki əksər maddələr üzrə tətbiq edilən 7000 manatdan artıq olan məbləğin də dəyişdirilərək minimum həddi 100 000 manatdan yuxarı ola biləcək məbləğlə əvəzləşdirildi.  Cinayət Məcəlləsinin 213-cü  "Vergi ödəməkdən yayınma” maddəsinin "qeyd” hissəsində  nəzərdə tutulan və 2000 manatdan 50000 manata qədər olan "xeyli miqdar” kimi  və 50 000 manatdan yuxarı olan "küllü miqdar”  kimi müəyyən edilmiş məbləğlər də müvafiq olaraq 20 000 manatdan 100 000 manata qədər və 100 000 manatdan artıq olan məbləğlə əvəzləşdirildi. Burada da minimum və maksimum hədlər 2 dəfədən 10 dəfəyə qədər artırıldı.  

Cinayət Məcəlləsində edilən və əslində sahibkarlara, iş adamlarına daha çox üstünlük gətirən ən maraqlı yenilik isə onlara vergidən yayınma və qanunsuz fəaliyyətlə məşğulluğa görə yayındırılmış məbləğin və dövlətə vurulmuş zərərin bir neçə mislini büdcəyə ödəməklə cinayət məsuliyyətindən azad olmaq şansının verilməsindən ibarətdir. Məsələn, Cinayət Məcəlləsinin 213-cü  "Vergi ödəməkdən yayınma” maddəsinin sanksiya nəzərdə tutan 213.1 bəndinin əvvəlinə "cinayət nəticəsində vurulmuş ziyanın iki mislindən dörd mislinədək miqdarda cərimə”  ödəməyi nəzərdə  tutan əlavə, vergi ödənişi üzrə qanunu pozduğuna görə əslində cinayət məsuliyyətinə cəlb edilməli olan iş adamına vurduğu ziyanın 2-4 mislini ödəməklə cinayət məsuliyyətindən qurtarmaq  imkanı yaradır. Bu kimi dəyişikliklər CM-nin bir çox digər maddələrinə də edilən yeniliklərdir. Bir sözlə bütün bu dəyişikliklər iş adamlarını diqqətsizliyə,  səhvlərə və hətta bəzən səhlənkarlığa görə cinayət məsuliyyətinə cəlb edilməkdən qurtarmağa yönəli addımlardır.
 
Bəs dövlətin, ölkə başçısının bu addımlarına iş adamları, sahibkarlar necə cavab verəcəklər? Bax bu çox ciddi bir məsələdir. Əgər vergidən yayınma və qanunsuz fəaliyyətlə məşğul olmaq kimi cinayət tərkibli əməllərə görə dəymiş ziyanın məbləğini dövlət 10-20 dəfəyə qədər artırısa və eyni zamanda bunun bilərəkdən və  ya bilməyərəkdən  baş verməsinin fərqinə varmadan, dəymiş ziyanın bir necə misli qədər ödənişi qəbul edib, iş adamını, sahibkarı cinayət məsuliyyətindən qurtarırsa, deməli iş adamları, sahibkarlar da üzlərini 180 dərəcə dövlətə tərəf çevirməyi bacarmalıdırlar. Bu gün sahibkar da iş adamı da başa düşməlidir ki, hər bir məsələdə olduğu kimi burada da münasibətlərin qarşılıqlı olması vacibdir. Əgər sahibkar, iş adamı bu gün onun üçün yaradılan bu münbit şəraiti düzgün qiymətləndirə bilməsə və dövlətin bu addımlarını ona "vergidən daha çox yayınmaq” və "daha çox qanunsuz fəaliyyətlə məşğul olmaq”  şansı kimi dəyərləndirərsə, bir müddətdən sonra bunun acı nəticələrinin ola biləcəyini də göz önünə gətirməlidir. Yəni belə olarsa, onda dövlət verdiyi bu şansı haqlı olaraq ciddi cəzalarla əvzləyə bilər. Odur ki, bu gün bu məsələ hər bir iş adamını, sahibkarı dərindən düşündürməlidir. Hər kəs dövlətin bu addımlarından sonra büdcə qarşısında vergi borclarını ödəmək məsələsində maksimum intizamlı olmalıdır.  Necə ki, dövlət cinayət halı yarada bilən məbləği 10-20 dəfəyə qədər artıraraq iş adamının, sahibkarın vəziyyətini yüngülləşdiribsə, iş adamı da, sahibkar da bunun qarşılığını dövlətin büdcəsinə vergi borcunu ödəmək sahəsində öz məsuliyyətini bir o qədər artırmaqla verməlidir. 
 
Bu gün hansısa ticarət obyekti öz rəsmi dövriyyəsini 40 dəfəyə qədər gizlədib vergidən yayınırsa və hələ bu az imiş ki, vergi güzəşti əldə etmək üçün dövlətin üzərinə yeriməyə cəhd edirsə, deməli belələrini mütləq cəzalandırmaq lazımdır. Beləsinə heç bir güzəşt ola bilməz. (Musavat.com)  


Fikrət Yusifov  
"Ekonomiks” Beynəlxalq İqtisadi Araşdırmalar 
Birliyinin sədri, iqtisad elmləri doktoru, professor






Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook