“Fitch” “Cənub Qaz Dəhlizi”nin avrobondlarının reytinqini yüksəldib
Avqust 13
11:05
2024
"Fitch” beynəlxalq reytinq agentliyi "Cənub Qaz Dəhlizi” QSC-nin (SGC) yüksək səviyyəli təminatsız avrobondlarının xarici valyutada uzunmüddətli reytinqini "BB+” səviyyəsindən "BBB-” səviyyəsinə yüksəldib.
Xatırladaq ki, SGC ölkə Prezidentinin "Şahdəniz" qaz-kondensat yatağının istismarının II mərhələsi və Cənub Qaz Dəhlizinin yaradılmasına dair digər layihələrlə bağlı bəzi tədbirlər haqqında” 25 fevral 2014-cü il tarixli sərəncamı ilə,"Şahdəniz” qaz-kondensat yatağının tammiqyaslı istismarı, Cənubi Qafqaz Boru Kəmərinin (CQBK) genişləndirilməsi, TANAP və TAP layihələrində dövlətin iştirak paylarının birləşdirilməsi, idarə edilməsi və maliyyələşdirilməsi məqsədi ilə yaradılıb. Onun nizamnamə kapitalı 2 milyard 415,8 milyon ABŞ dolları təşkil edir. Şirkətin səhmlərinin 51 %-i İqtisadiyyat Nazirliyinə, 49 %-i isə Azərbaycan Dövlət Neft Şirkətinə (SOCAR) məxsusdur.
"Report” xəbər verir ki, bu barədə agentlik məlumat yayıb.
Məlumata görə, yeni reytinq səhmdar cəmiyyətinin 2026-cı ilə qədər dövriyyədə olacaq 2 milyard ABŞ dolları məbləğində avrobondlarına görə tam və vaxtında ödənişlə bağlı dövlətin verdiyi qeyd-şərtsiz, subordinasiyasız və geri alınmaz zəmanəti əks etdirir. Nəticədə "Fitch” istiqrazların reytinqini Azərbaycanın uzunmüddətli defolt reytinqinə (IDR) bərabər hesab edir.