Fransa Yeni Kaledoniyada baş verənlərlə bağlı repressiyaları gücləndirir
İyun 24
14:00
2024
Fransa dənizaşırı müstəmləkəsi olan Yeni Kaledoniyada 2 polis məmuru da daxil olmaqla, 9 nəfərin həyatına son qoyan, 300-dən çox insanın yaralandığı iğtişaşların səbəbləri araşdırır.
Paris Yeni Kaledoniyadakı vəziyyətdən son dərəcə narahatdır və Prezident Emmanuel Makron görünməmiş sərtlik nümayiş etdirərək bölgədə Fransanın idarəetməsini bərpa etməkdə qərarlı görünür.
Son məlumatlara görə, Teyn ilə birlikdə daha 6 etirazçının mühakimə olunmaq üçün Fransaya göndərildiyi məlum olub. Onlar silahlı soyğunçuluq və adam öldürməyə cəhddə ittiham oluna bilərlər.
Yeni Kaledoniyanın müdafiə hərəkatının rəhbərinin həbs olunması və Parisə gətirilməsi əslində, rəsmi Parisin idarəçilik üsulunun ötən yüzilliklər ərzində dəyişmədiyini göstərir. Bu hadisə Fransanın müstəmləkə işğalına qarşı üsyan qaldıran Haiti üsyançılarının lideri Fransua Tussen-Luvertyurun taleyini xatırladır. O da 1802-ci ildə sülh əldə olunmasına baxmayaraq, evində həbs olunaraq Fransaya aparılmış, 1803-cü ildə burada For-de-Ju qəsrində ölmüşdü. Bu hadisədən 200 ildən çox vaxt keçməsinə baxmayaraq, Fransa hələ də dənizaşırı koloniyalarında azadlıq mübarizəsinin liderlərinə qarşı eyni metodlar tətbiq edirlər. Bu mənada Kristian Teynin vətənindən uzaqda, metropoliyada işgəncələrə məruz qalacağı, qondarma ittihamlarla üzləşəcəyi və həyati təhlükəsinin olduğunu demək olar. İndiyədək 11 nəfər həbs edilib.
Teynin vəkilləri onun siyasi oyunların qurbanı olduğunu bildirir. Lakin daxili işlər naziri Jerald Darmanin Teynin başçılıq etdiyi Yerlərdə Fəaliyyətin Koordinasiya Qrupunun "mafioz xarakterli" bir quruluş olduğunu söyləyib.
Azərbaycanın Yeni Kaledoniyada baş verən hadisələrdə əli olduğunu iddia edən Dermanin bu dəfə də səsləndirdiyi iddialarını konkretləşdirməmək, əsaslandırmamaq qərarına gəlib. Bütövlükdə, Yeni Kaledoniyada baş verən hadisələr Emmanuel Makronun diktator metodlarına baş vurması anlamına gəlir. İndiyə qədər hər şey Fransa hüquq-mühafizə orqanlarının repressiya dalğasını sona qədər aparacağı kimi görünür. Yeni Kaledoniyadakı iğtişaşlarla bağlı həbslər Prezident Emmanuel Makronun populyarlığını artırmaq üçün müəyyən uğur fürsəti də ola bilər. Fransada çoxları onu kifayət qədər sərt lider hesab etmir. Bundan başqa o, Afrikada Fransanın təsirini qoruyub saxlaya bilməməkdə ittiham olunur. Bu kontekstdə Yeni Kaledoniyada yerli kanak xalqının konstitusiya dəyişikliyinə qarşı etirazlarını fürsət bilən Makron öz sərt, diktator yanaşmasını burada tam sərgiləmək imkanı qazanıb. O, Yeni Kaledoniyanın başlıca adası olan Qrande Terrə səfəri zamanı heç bir güzəşt olmayacağını və etirazçıların zorakılığının əsassız olduğunu bildirib. Bundan əvvəl də insan hüquqlarının kobud şəkildə pozulduğu Fransa Olimpiya Oyunları ərəfəsində repressiyalarını artırıb. Maraqlıdır ki, hər fürsətdə digər ölkələrdə insan hüquqlarının pozulmasını car çəkən, baş verən prosesləri mikroskop altında izləyən Avropa İttifaqı, ABŞ və beynəlxalq insan hüquqları təşkilatları baş verənlərə susur.
Fransanın dənizaşırı müstəmləkəsində yerli xalqların etiraz, azadlıq haqlarını pozması, onları kütləvi həbs etməsi, bəzi hallarda öldürməsinə susqunluq Qərbin insan haqlarının pozulması hallarına seçici yanaşdığını, əsl məqsədlərinin heç də hüquq və azadlıqların təmin olunması olmadığını, geosiyasi maraqlarını hər şeydən üstün tutduğunu sərgiləyir.