Fransada pensiya haqqında qalmaqallı qanun qüvvəyə minir
Sentyabr 01
11:13
2023
Fransa hökumətinin pensiya islahatı çərçivəsində qəbul etdiyi, kütləvi etirazlara və tətillərə səbəb olan bir sıra fərmanlar bu gün, sentyabrın 1-dən qüvvəyə minir.
Həmçinin sentyabrın 1-dən Paris nəqliyyat idarəsinin əməkdaşları, enerji şirkətləri və Fransa bankının əməkdaşları da daxil olmaqla, xüsusi pensiya rejimləri ləğv edilməyə başlayacaq.
"Report" xəbər verir ki, əsas dəyişikliklərdən biri pensiya yaşının artırılması olacaq.
Belə ki, sentyabrın 1-dən ödənişlərin tam şəkildə alınması üçün minimum pensiya yaşı 62 deyil, 62 yaş 3 ay olacaq.
Hakimiyyət 2030-cu ilə qədər bu rəqəmi 64 yaşa çatdırmaq üçün hər il üç ay artırmaq niyyətindədir. Dəyişikliklər həm də dövlət qulluqçularına təsir edəcək. Onların minimum pensiya yaşı müvafiq olaraq 57-dən 59-a və 52-dən 54-ə yüksələcək.
Bundan əlavə, adi fransızlar tam pensiya almaq üçün daha uzun müddət işləməli olacaqlar. Əksər pensiyalar üçün tələb olunan iş təcrübəsi 2027-ci ilə qədər tədricən 42 ildən 43 ilə qədər artacaq.