Füzuli rayonunda hər biri 1000 hektar sahəni əhatə edən 4 taxılçılıq təsərrüfatı yaradılıb
Oktyabr 06
11:43
2016
Füzuli Rayon İcra Hakimiyyətində keçirilən müşavirədə taxılçılığın inkişafı müzakirə edilib.
Qlobal.az xəbər verir ki, kənd təsərrüfatı üzrə aidiyyəti idarə, müəssisə və təşkilatların nümayəndələrinin, yerli icra hakimiyyəti orqanlarının, bələdiyyələrin, fermerlərin, taxıl istehsalçılarının iştirak etdiyi toplantıda Füzuli Rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev çıxış edərək, dövlətimizin başçısının aqrar sahənin inkişafı, yerli istehsalın artırılması, idxaldan asılılığın azaldılması, torpaq sahələrindən səmərəli istifadə olunması ilə bağlı tapşırıqlarının rayonda uğurla icra olunduğunu, strateji məhsul olan taxılçılığın inkişafına xüsusi diqqət yetirildiyini, məhsul bolluğu yaradılması istiqamətində ciddi işlər görüldüyünü vurğulayıb.
Bildirilib ki, Füzuli rayonunda iqtisadiyyatın əsasını kənd təsərrüfatı təşkil edir. Hələ sovetlər dövründə Füzuli rayonu taxılçılıqda qazandığı yüksək nəticələri ilə respublikanın digər rayonlarından fərqlənib, bu sahədə özünəməxsus yeri olub. Rayonun taxıl istehsalçılarından 4 nəfər əldə etdikləri yüksək nəticəyə görə Sosialist Əməyi Qəhrəmanı adına layiq görülüb. Müstəqillik illərində də taxılçılığın inkişafına xüsusi diqqət yetirilib, taxıl istehsalı ildən-ilə artırılıb.Qeyd edilib ki, son altı ildə rayonda 650 min tondan çox taxıl istehsal olunub, Füzuli rayonu respublikamızda hər il 100 min tondan artıq taxıl istehsal edən 5 rayondan birinə çevrilib. Cari ilin məhsulu üçün 35 min 818 hektarda taxıl yetişdirilib və rayon tarixində ilk dəfə olaraq 121 min tona yaxın taxıl tədarük edilib. Rayonun taxıl istehsalçıları bu nəticəni də son hədd hesab etmirlər.
Qazanılan uğurlu nəticələrdə iri taxılçılıq təsərrüfatlarının xüsusi rolu var. Rayonun Haramı ərazisində yaradılmış "Kraun KO” taxılçılıq təsərrüfatı əldə etdiyi yüksək nəticələri ilə daim seçilib. Prezident İlham Əliyevin tapşırıq və göstərişlərinə uyğun olaraq rayonda bu il hər biri 1000 hektar sahəni əhatə edən 4 iri taxılçılıq təsərrüfatı yaradılıb. Füzuli rayonunda yaxın bir neçə ildə taxıl istehsalını hər hektarın məhsuldarlığını artırmaq şərti ilə 130-150 min tona çatdırmaq qarşıya məqsəd qoyulub.
Bildirilib ki, yeni yaradılan taxılçılıq təsərrüfatlarında aqrotexniki tədbirlərin həyata keçirilməsinə yerli mütəxəssislər cəlb olunacaq, həmin təsərrüfatlarda yüzlərlə məcburi köçkün işlə təmin ediləcək. Təsərrüfatlarda istehsal olunan yüksək keyfiyyətli taxıl Dövlət Taxıl Fonduna tədarük olunacaq.
Müşavirədə çıxış edənlər rayon ərazisində iri taxılçılıq təsərrüfatlarının yaradılmasını müsbət qiymətləndiriblər. Qeyd edilib ki, taxılçılıq təsərrüfatlarının yaradılması həm iqtisadi cəhətdən daha artıq gəlir əldə edilməsinə, həm də rayon sakinlərinin məşğulluğunun təmin olunmasına səbəb olacaq.
Qlobal.az