Füzulidə bahar şənliyi keşirilib
Mart 15
16:34
2016
Cəbhə bölgəsində yerləşən Füzuli rayonunda xalqımızın milli bayramı olan Novruzun gəlişi ilə əlaqədar el şənliyi keçirilib.
AZƏRTAC xəbər verir ki, bayram mərasimi Horadiz şəhərindəki Olimpiya İdman Kompleksinin stadionunda təşkil olunub. Meydanda xonçalar və səmənilər düzülüb, Novruz adətləri, milli xörəklər, şirniyyatlar nümayiş etdirilib. Qadınlar yun darayıb, nehrə çalxalayıb, sacda yuxa bişiriblər.
Dədə Qorqud və Bahar qızın meydana gəlişi ilə başlayan bayram tədbirində Novruz tonqalı qalanıb.
Mərasimdə çıxış edən Milli Məclis sədrinin müavini Bahar Muradova və Füzuli Rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev füzulililəri bayram münasibətilə təbrik edib, onlara cansağlığı, xoşbəxtlik, bol ruzi və əmin-amanlıq arzulayıblar. Çıxışlarda Novruzun xalqımızın mədəniyyətini, milli mənəvi dəyərlərini özündə əks etdirən, qədim el bayramı olduğu vurğulanıb. Bildirilib ki, xalqımızın mənəvi dünyasını, milli düşüncə tərzini, azərbaycançılıq məfkurəsini, qədim mifik görüşlərini, folklorunu, milli varlığını Novruz qədər bütün zənginliyi ilə özündə ifadə edən ikinci bir bayram təsəvvür etmək çətindir.
Bolluğun, bərəkətin və xeyirxahlığın təcəssümü olan Novruz bayramı Heydər Əliyev Fondunun prezidenti, UNESCO və İSESCO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın təşəbbüsü ilə UNESCO-nun Qeyri-Maddi Mədəni İrs Siyahısına daxil edilib. BMT-nin Baş Məclisi tərəfindən martın 21-i "Beynəlxalq Novruz Günü” elan olunub.
Əminliklə bildirilib ki, işğal altında olan torpaqlarımız Prezident İlham Əliyevin rəhbərliyi ilə tezliklə azad olunacaq, bütün məcburi köçkünlər, o cümlədən füzulililər Novruzu öz doğma yurdlarında qeyd edəcəklər.
Bayram şənliyində Uşaq Yaradıcılıq Mərkəzinin şagirdləri rəqs edib, uşaqlar yumurta döyüşdürüblər.
İdmançıların nümunəvi çıxışları, kəndirbazlar, Kosa və Keçəlin zarafatları, rayon mədəniyyət evinin musiqiçilərinin konsert proqramı tədbir iştirakçılarının bayram əhval-ruhiyyəsini daha da artırıb.
Qlobal.az