Gələn il mənzillərin qiyməti necə olacaq? - Ekspert
Dekabr 30
19:06
2015
Daşınmaz əmlak bazarında qiymətlərin azalması, mənzillərin ucuzlaşması prosesi sürətlə gedir.
Bu prosesin 2016-cı ilin ilk rübündə də davam edəcəyi şübhəsizdir.
Bu sözləri Axar.az-a Əmlak Ekspert Mərkəzinin rəhbəri Ramil Osmanlı 2016-cı ildə daşınmaz əmlakın qiymətindən danışarkən deyib.
O, bu prosesin qarşısını alacaq hər hansı bir amilin mövcud olmadığını bildirib:
"Qiymət artımına təkan verəcək hər hansı bir amil mövcud deyil. Buna görə də daşınmaz əmlak bazarında qiymət dəyişikliyini gözləmək yanlış olar.
Mənzillərin konkret nə qədər ucuzlaşacağını demək çətindir. Bizim indiki mərhələdə istəyimiz bazarda dinamikanın olmasından ibarətdir. İnsanlar əllərindəki vəsaiti daşınmaz əmlaka yönəltməlidirlər. Bunun üçün isə vergilərlə bağlı müəyyən güzəştlər elan olunmalıdır”.
Qeyd edək ki, ekspertlərin fikrincə, 2015-ci il daşınmaz əmlak bazarı üçün çətin və passiv il olub. Yaranmış passivliyin növbəti il də davam edəcəyi gözlənilir.