SON XƏBƏR

GƏMİQAYA və NUH əfsanəsi.

Yanvar 26
10:57 2016
Gəmiqaya təsvirləri dəniz səviyyəsindən 3907 m yüksəklikdə yerləşən Qapıcıq zirvəsinin cənub və qərb yamaclarındakı Nəbiyurdu, Camışölən və Qaranquş yaylaqlarındadır (Naxçıvan MR Ordubad rayonu ərazisində). Qaya təsvirlərinin toplandığı başlıca bölgə Qaranquş yaylağıdır. Boz və qara rəngli qaya parçaları üzərinə çəkilən təsvirlər başlıca olaraq çəhrayı görünüşdədir. Rəsmlər qazma və döymə texnikası ilə icra edilmişdir. Orta əsrlərə aid az miqdar rəsmlər isə cızma texnikası ilə icra olunmuşdur.
 


Rəsmlərin yerləşdiyi ərazi topoqrafik baxımdan olduqca mürəkkəbdir. Qaya təsvirləri qrup halında, başlıca olaraq su qaynaqlarının yaxınlığında yerləşir. Dəli bulaqdan şimal şərqdə 5-6 yerdə belə qruplara rastlanır. Lakin qruplardan kənarda çəkilmiş təsvirlər də vardır. Su qaynaqlarından uzaqlaşdıqca rəsmlər azalır. Qaya təsvirlərinin yaxınlığında iribuynuzlu və xırdabuynuzlu heyvanlar üçün hazırlanmış arxaclara-yataqlara təsadüf olunur. Yataqların bir qismi dairəvi formadadır. Divarlar bəzi yerlərdə 0,7 – 1 m yüksəklikdə saxlanılmışdır. Etnoqrafik müşahidələr bu tip yataqların iribuynuzlu heyvanlar üçün nəzərdə tutulduğunu göstərir. Qaranquş yaylağında saxlanan bu tip tikintilər, Orta əsrlərə aiddir. Yaxınlıqda Orta əsr qəbirlərinin olması da bunu sübut edir. Bu ərazidə qədim dövrdə də mövsümi yaşayış olduğu sübhəsizdir. Onların ortaya çıxarılması üçün arxeoloji araşdırmalara ehtiyac vardır.
 
Onu da qeyd edək ki, qaya təsvirlərinin yerləşdiyi ərazi o qədər də zəngin bitki örtüyünə malik deyildir. Məlum olduğu kimi, Naxçıvanda bitki örtüyü ilə daha çox zəngin olan yaylaqlar vardır. Batabat yaylağı, Xurs yaylaqları buna nümunə ola bilər. Ancaq bu yaylaqlarda qaya təsvirləri yoxdur. Gəmiqaya təsvirləri yalnız köçəri, yaxud yarımköçəri maldarlıqla bağlı deyil. Qaya təsvirlərinin yaranması təkcə yarımköçəri maldarlıqla deyil, insanların inancları ilə də bağlı olmuşdur. Gəmiqaya təsvirlərinin repertuarı da bu fikiri təsdiq edir. Belə ki, burada təsvir olunan yırtıcı heyvanların, balıq, ilan və həşərat təsvirlərinin maldarlıqla bilavasitə əlaqəsi yoxdur. Bunlar yalnız insanların inancları ilə bağlıdır.
 
Gəmiqaya ilə bağlı Nuh əfsanəsinin mövcudluğu, Kiçik Qafqazın ən yüksək zirvəsinin Qapıcıq dağında yerləşməsi, Qaranquş yaylağının yaxınlığında Bibqətəl ziyarətgahının olması da bununla bağlıdır. Bu ərazinin dağları və suları qədim insanlar tərəfindən müqəddəs hesab edilmişdir. Dəli bulağın yaxınlığında çəkilən Qaranquş rəsmi Qaranquş yaylağının bu quşa olan inanclarla bağlı olduğunu göstərir. Bəzi tədqiqatçıların qayaüstü təsvirlərin müqəddəs ziyarətgahların ətrafında yaranması ilə bağlı fikirləri, bu mənada özünü doğruldur. Gəmiqaya təsvirləri 1965-ci ildə ilk dəfə geoloqlar tərəfindən aşkar olunmuşdur. Rəsmlər aşkar olunduqdan sonra müxtəlif ixtisas sahiblərinin diqqətini cəlb etmiş, abidə haqqında müxtəlif fikirlər irəli sürülmüşdür. Bu baxımdan Vəli Əliyevin 1968-ci ildən başlayaraq apardığı tədqiqatlar xüsusilə diqqətəlayiqdir. Tədqiqatçıların apardığı araşdırmalar zamanı rəsmlərin böyük bir qisminin fotoşəkili çəkilmiş və nəşr edilmişdir. Vəli Əliyevin 1993-cü ildə nəşr olunan kitabında bu araşdırmalar yekunlaşdırılmışdır. Gəmiqaya abidələri və buradakı rəsmlər haqqında Ə.Hüseynov, F.Y.Səfərli, N.Müseyibovun və başqalarının məqalələrində də məlumat verilmişdir.
 

 
Dünyanın bir çox yerlərində yayılan qayaüstü təsvirlər piktoqrafik yazı nümunələridir. Piktoqrafik yazı əsl mənada yazı olmayıb, məzmunun işarələr və rəsmlərlə verilməsidir. Odur ki, qayaüstü təsvirlərdəki hər bir rəsmin konkret məzmun daşıdığı şübhəsizdir. Qeyd etmək lazımdır ki, Gəmiqayanın tədqiqi ilə məşğul olan bəzi araşdırıcıların bu rəsmləri mixi yazı, yaxud runi yazı adlandırılması da maraq doğurur. Araşdırıcıların Gəmiqaya təsvirlərində əlifba elementləri axtarmaq cəhdi də bununla bağlıdır. Bu baxımdan bəzi rəsmlərin məhsuldarlıq və totemizmlə bağlı olması haqqındakı fikirlər, yaxud bəzi rəsmlərin tamğa olması ehtimalı uğurlu hesab edilə bilər.
 
Dünya mədəniyyətinin nadir incisi olan Gəmiqayadan danışarkən bu abidə haqqında mövcud olan Nuh əfsanəsinə toxunmadan keçmək olmaz. Azərbaycan xalqı içərisində olduqca müxtəlif variantları olan bu əfsanənin tarixi kökləri qədim şumerlərlə bağlıdır. Mesopotamiyada aparılan arxeoloji tədqiqatlaradək dünya xalqlarına bu əfsanənin yalnız yəhudi variantı məlum idi. Arxeoloji tədqiqatlar zamanı Mesopotamiyada aşkar olunan mixi yazıların oxunması ilə gil lövhələrin bir qrupunda Dünyanı su basması haqqında şumer əfsanəsinin yazıldığı müəyyən edilmişdir. Əfsanənin yazıldığı gil lövhələr e.ə II minilliyin birinci yarısına aid edilir.
 
Əfsanəyə görə dünya tufanı zamanı Ziusudra canlı aləmi öz gəmisinə alaraq onları məhv olmaqdan xilas etmişdir. Bilqamıs haqqında əfsanəyə görə isə bu vəzifəni Utnapiştim yerinə yetirmişdir. Gil lövhələr üzərində yazılan bu əfsanələr oxunduqdan sonra dünya alimlərinə məlum oldu ki, Bibliyada saxlanan Nuh tufanı haqqında yəhudi əfsanəsi öz mövzusunu şumer əfsanələrindən götürmüşdür. Şumerlərin tarix səhnəsindən çıxması, mixi yazıların, elm aləmindən uzun müddət gizli qalması nəticəsində şumer əfsanələri unudulmuş, dünya xalqları isə yalnız Bibliyada təsvir olunan Nuh əfsanəsi ilə tanış olmuşlar. Dünya tufanı haqqında müsəlman əfsanəsinin əsasını təşkil edən Nuh əfsanəsi bir sıra Şərq xalqlarının, o cümlədən Azərbaycan türklərinin ədəbiyyatına təsir etmişdir. Bu təsir həm də o dərəcədə böyük olmuşdur ki, bir sıra Orta əsr müəllifləri türk xalqının mənşəyini Nuhla bağlamışdır. Əfsanənin Gəmiqaya ilə bağlı variantının qısa məzmunu belədir: - Yer üzünü su alır. Nuhun gəmisi dəryada xeyli dolandıqdan sonra bir dağa dəyir. Nuh deyir ki, nə ağır dağdır. Bu dağın adı Ağrı dağı qalır. Nuhun gəmisi ikinci dəfə yenə bir dağa toxunur. Nuh deyir: İnan ki, dağdır. Bu dağın da adı İnan dağ-İlanlı dağ qalır. Üçüncü dəfə Nuhun gəmisi qayaya toxunanda deyir ki, kəmçi qayadır. Kəmkidən sonra Nuhun gəmisi Gəmiqayaya yan alır.
 
Rəvayətə görə Nuhun gəmisi Gəmiqayada qalaraq daşlaşmışdır. Gəmidə olan insanlar isə quruya çıxaraq həyatı davam etdirmişdir. Bu əfsanənin bütün aspektlərinin real olduğunu qəbul edənlər Ağrı dağı və Gəmiqayada Nuhun gəmisinin qalıqlarını da axtarmağa cəhd etmişlər. Bu əfsanəyə əsaslanan Orta əsr müəllifləri bəşər tarixinin Nuhdan başlanması ilə bağlı fərziyyələr irəli sürmüş və türk xalqının mənşəyini Nuhla bağlamışlar. Son zamanlar Naxçıvan Nəhəcir, Nehrəm toponimlərinin Nuhla bağlı olması haqqında da ehtimal irəli sürülmüşdür. Gəmiqaya rəsmlərinin Nuhun gəmisindən enən ilk insanlar tərəfindən çəkilməsi ilə də bağlı fikirlər vardır. Yeri gəlmişkən qeyd edək ki, tədqiqatçılar haqlı olaraq Naxçıvan toponiminin Nuhla bağlı olmadığını söyləmişlər. Bu toponimin tayfa adı bildirən "naxçı” və məkan bildirən "van” şəkilçisinin birləşməsindən yarandığını söyləyənlər, bizcə, haqlıdırlar. Şübhəsiz ki, Nuh əfsanəsində əks olunan mifoloji epizodlar xalqımızın keçmiş düşüncə tərzinin öyrənilməsi üçün əhəmiyyətlidir. Lakin bunlar türk xalqının mənşəyini Nuhla bağlamağa əsas vermir. Türklərin mənşəyi ilə bağlı olan əfsanə və rəvayətlərə islam və yəhudi əfsanələrinin qarışdığını vaxtilə Mirəli Seyidov da qeyd etmişdir.
 


 
Dünya tufanı haqqında əfsanənin həqiqət olub olmaması alimləri uzun müddət düşündürmüşdür. Nəhayət, Mesopotamiyada aparılan qazıntılar bu suala cavab vermişdir. Qazıntılar zamanı məlum olmuşdur ki, e.ə lV minillikdə Mesopotamiyada böyük daşqın olmuşdur. Daşqın zamanı Mesopotamiyanın düzənlik qismi, Elamdan Suriya yaylasınadək su altında qalmış, Əl-Obeyd və Rəcəbiyyə kimi yaşayış yerləri tərk edilmişdir. Daşqın Əl-Obeyd mədəniyyətini məhv etsə də, orda yaşayış davam etmişdir. Araşdırmalar göstərmişdir ki, bu daşqın lokal xarakter daşımış, Mesopotamiyadan çox da kənara çıxmamışdır. Lakin Mesopotamiyadakı yaşayış məskənlərinin əksəriyyəti su altında qaldığından insanlara elə gəlmişdir ki, bütün dünyanı su alıb. Göründüyü kimi Nuhun gəmisi ilə bağlı olan əfsanənin heç də bütün detalları doğru deyildir. Bəşər cəmiyyəti yarandıqdan sonra bütün dünyanın su altında qalması kimi bir hadisə olmamışdır. Əfsanədəki hadisələr müəyyən qədər şişirdilmişdir. Bütün bunlara baxmayaraq, Nuhun tarixi şəxsiyyət olması, hətta onun qəbrinin Naxçıvanda olması haqqında xalq arasında rəvayətlər dolaşmaqdadır. Bu fikirlərin tədqiqatçılar arasında yayılmasında K.A.Nikitinin nəşr etdirdiyi "Naxçıvan mahalı və Naxçıvan şəhəri” adlı məqalənin müəyyən rolu olmuşdur. B.Kəngərlinin çəkdiyi "Nuhun qəbri” rəsm əsəri bu fikirləri daha da möhkəmləndirmişdir.
 
Qeyd edək ki, bəşər tarixi nəinki Nuh əfsanəsi ilə bağlanmır, əksinə insanın yaranması və onun fəaliyyəti bu əfsanədən çox-çox qədimdir. Dünya arxeologiya elminin uğurları insan cəmiyyətinin 2,5 - 3 milyon il bundan əvvəl yarandığını göstərir. Azərbaycanda aparılan qazıntılar ölkəmizdə insanların 1,5 milyon il bundan əvvəl məskənləşdiyini və Azərbaycanın antropogen zonasına daxil olduğunu göstərmişdir. Azıx mağarasında aşkar olunan ibtidai insanın daşlaşmış çənə sümüyü dünyada ən qədim tapıntılardan biridir. Naxçıvan ərazisində insanların Orta Paleolit dövründə məskənləşdiyi arxeoloji tədqiqatlarla sübut edilmişdir. Aydındır ki, Naxçıvanın tarixini qədimiləşdirmək üçün Nuh əfsanəsinə ehtiyac yoxdur. Həm də bu əfsanənin tarixi yalnız 7-6 min il bundan əvvələ aiddir. Digər tərəfdən Mesopotamiyada baş verən daşqın Azərbaycanı əhatə etməmiş, e.ə V-lV minilliklərdə burada çiçəklənən mədəniyyətlər olmuşdur.
 
Nuh əfsanəsinə əsaslanaraq Gəmiqaya rəsmlərini ən qədim rəsm əsəri hesab edənlər yanılırlar. Çünki, yuxarıda qeyd etdiyimiz kimi bu əfsanə bəşər cəmiyyətinin yaranması ilə müqaisədə çox gəncdir. Digər tərəfdən ilk insanlar heç zaman incəsənət əsərləri yaratmamışdır. Arxeoloji araşdırmalar sübut edir ki, incəsənətin meydana çıxması, ağıllı insanın yaranması və fəaliyyəti ilə bağlı olmuşdur. Paleolit dövrünün son mərhələsinə aid rəsmlərə İspaniyada Altamira, Fransada Lyasko, Sibirdə Lena vadisində və digər yerlərdə rastlanmışdır. Azərbaycanda Mezolit dövrünə aid ən qədim rəsm əsərləri Qobustanda aşkar olunmuşdur. Gəmiqaya rəsmlərinin əksəriyyəti Tunc dövrünə aid edilmişdir. Lakin burada daha qədim rəsmlərin olduğu da ehtimal olunur.
 
gemiqaya.nakhchivan.az



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook