Gənc müğənni Rəsulzadəyə görə efir qadağası ilə üzləşib
Noyabr 23
11:01
2015
Müğənni Qismət Məmmədzadəyə efir qadağası qoyulub. Bu barədə müğəninin özü feysbuk səhifəsində məlumat paylaşıb.
Onun yazdığına görə qadağa siyasi motivlidir."Artıq neçə aydır ki mənə efirlərdə niyə görünmədiyim barədə suallar yazılır. Hər kəsə tək-tək cavab vermək imkanım olmadığı üçün ümumi olaraq bu statusla cavab yazıram.
Bu ilin aprel ayından etibarən facebook səhifəmdəki müxalif yönlü paylaşımlarıma görə (sonradan bir güvənli mənbədən öyrəndim ki, ən çox da M. Ə. Rəsulzadə ilə bağlı paylaşımlarıma görə) (!) Azərbaycan telekanallarına mənimlə bağlı qadağa qoyulub.
Belə ki aprel ayında ATV kanalının bir prodüseri zəng vuraraq öncədən dəvət etdikləri bir verilişə gəlməyimin daha lazım olmadığını bildirdi. Sonra İctimai TV-dən kliplərim yığışdırıldı.
Daha sonra isə Lider TV-yə öncədən dəvət olunduğum bir çəkiliş üçün getdiyim zaman efir rejissoru mənə "yuxarıdan” göstəriş olduğunu və kanalın binasını təcili tərk etməli olduğumu bildirdi. Və sairə və ilaxır….
Yalnız ANS istisna oldu və məni bu kanalda iyun ayına qədər iki verilişə dəvət etdilər. Bu da çox hörmətli Kamran Həsənlinin təşəbbüsü nəticəsində baş verdi.
Qısacası o vaxtdan indiyə qədər bu qadağa hələ də davam edir.
Bu barədə deyəcək sözüm çoxdu amma uzatmadan sonda bir şey də deyim.
Bu hadisəyə görə əsla üzülmürəm. Çünki qadağanı qoyan məmur hər kimdisə bu qərarı ilə özü də bilmədən mənə böyük bir yaxşılıq etdi və Azərbaycan TV-lərində baş verən və hər gün bir az daha artan məddahlıqdan, yaltaqlıqdan və səviyyəsizlikdən məni kənarlaşdırdı”, – deyə müğənni yazıb.