Gəncə Dövlət Dram Teatrı yeni mövsümü açıq elan edib
Sentyabr 16
23:15
2016
Cəfər Cabbarlı adına Gəncə Dövlət Dram Teatrının yaradıcı kollektivi yeni teatr mövsümündə tamaşaçıların görüşünə Şəfaət Mehdiyevin "Sabir” pyesi ilə gəlib.
Qlobal.az AZƏRTAC-a istinadən xəbər verir ki, yeni tamaşanın quruluşçu rejissoru, teatrın baş rejissoru İradə Gözəlova, quruluşçu rəssamı Elnur Axundov, musiqi tərtibatçısı isə Tünzalə Mustafayevadır.
Tamaşada Xalq Artisti Alim Məmmədov, Əməkdar Artist Faiq Qasımov və teatrın digər aktyorları yer alıblar.
Açılış mərasimində çıxış edən teatrın direktoru Əli Qasımov bildirib ki, "Sabir” pyesi Mədəniyyət və Turizm Nazirliyinin dövlət sifarişi ilə hazırlanıb və böyük şairin 154 illiyi ərəfəsində onun xatirəsinə hədiyyədir.
Xalq artistləri Vaqif Şərifov, Pərvanə Qurbanova, Əməkdar Artist Elxan Yunis çıxış edərək əlamətdar gün münasibətilə teatr işçilərini, həmçinin teatrsevərləri təbrik ediblər.
Sonra Şəfaət Mehdiyevin "Sabir” pyesi əsasında Gəncə Dövlət Dram Teatrı aktyorlarının səhnələşdirdiyi tamaşanın nümayişi ilə yeni mövsüm açıq elan olunub.
Tamaşa şəhər ziyalılarının, ictimaiyyət nümayəndələrinin marağına səbəb olub və aktyorların ifası alqışlarla qarşılanıb.
Qlobal.az