Gəncədə Qafqazın ən böyük kitab evi açılıb
İyun 16
00:41
2016
İyunun 15-də Gəncədə "Əli və Nino” adlı kitab evinin açılışı olub.
AZƏRTAC xəbər verir ki, ölkədə kitab işi və mütaliə mədəniyyətinin yüksəldilməsi məqəsdilə açılan mərkəz Qafqazın ən böyük kitab evi hesab olunur.
Tədbirdə Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev, Milli Məclisin depuatları, alimlər, ziyalılar və ictimaiyyət nümayəndələri iştirak ediblər.
AMEA-nın Gəncə bölməsinin direktoru, akademik Fuad Əliyev açılış mərasimində vurğulayıb ki, yeni kitab evi oxuculara lazımi elmi və bədii ədəbiyyatların əldə edilməsinə xidmət göstərəcək.
Milli Məclisin deputatı Pərvin Kərimzadə çıxış edərək Gəncədə kitaba marağın artmasının və kitab evlərinin açılmasının vacibliyindən danışıb.
Tədbirdə çıxış edən digər iştirakçılar da elm və bilik mənbəyi olan kitabın insan həyatında və şəxsiyyətin formalaşmasındakı rolundan söz açıb, yeni fəaliyyətə başlayan kitab evinin açılışı münasibətilə kitabsevərləri təbrik ediblər.
Sonra kitab evi ilə tanışlıq olub. AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun direktor müavini Şəmil Sadiq bildirib ki, üçmərtəbəli kitab evində oxucu klubu və müxtəlif şirkətlərin dəstəyi ilə hazırlanan "Qoy-götür” guşəsi təşkil olunub. İnsanlar buraya kitab gətirib hədiyyə edə bilərlər.
Vurğulanıb ki, oxuculara minlərlə adda kitabın təqdim olunduğu məkanda zəngin elektron baza yaradılıb. Kitab evində 5000-ə yaxın əyani, elekton bazada isə 20 minədək kitab var. Mərkəzdə istər Azərbaycanda, istərsə də ölkənin hüdudlarından kənarda olan istənilən kitabı oxumaq və sifariş vermək mümkündür.
Qlobal.az