SON XƏBƏR

Gənclər Fondu, bank və müşavir... - Yarım milyondan çox mənimsəmə ittihamı üzrə məhkəməyə start verildi

Fevral 01
04:03 2023
Dələduzluqda və mənimsəmədə təqsirləndirilən Beynəlxalq Münasibətlərin Araşdırılması Mərkəzi (BMAM) sədrinin beynəlxalq əlaqələr üzrə sabiq müşaviri Cəbrail Fərzəliyevin cinayət işi üzrə məhkəməsinin hazırlıq iclası keçirilib.

Qlobal.az "Report"a istinadla xəbər verir ki, hakim Fərid Namazovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

Məhkəmədə bildirilib ki, zərərçəkmiş şəxs qismində Azərbaycan Gənclər Fondu və banklardan biri təmsil olunur.

Təqsirləndirilən şəxsin vəkili Turan Abdullazadə vəsatət qaldıraraq bildirib ki, müvəkkilinin qandalda gətirilməsi qadağan edilsin.

Vəsatət təmin olunub.

Digər vəsatət isə məhkəmə baxışına xitam olunaraq yenidən ibtidai istintaqa göndərilməsi olub. Ancaq məhkəmə qısa müşavirədən sonra vəsatəti təmin etməyib.

Vəsatətlərin çox olması səbəbindən hakim Fərid Namazov prosesin təxirə salındığını açıqlayıb.

Məhkəmənin hazırlıq iclasının vaxtı fevralın 14-nə təyin olunub.

Qeyd edək ki, Cəbrail Fərzəliyev 527 min manat mənimsəmədə ittiham olunur.

O, həm də özünü politoloq kimi təqdim edib.

Ona qarşı Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda ziyan vurmaqla), 179.3.2-ci (Mənimsəmə və ya israf etmə külli miqdarda törədildikdə), 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham irəli sürülüb, barəsində məhkəmə qərarı ilə həbs qətimkan tədbiri seçilib.

P.S. Xatırladaq ki, bu iş üzrə bəzi maraqlı məqamlar var, məhkəmə prosesi boyu bu məqamlarla bağlı araşdırma və dəqiqləşmələrimz olacaq.


Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook