“Gənclər şəhərciyi” yaşayış kompleksində işlər davam etdirilir- NAXÇIVANDA
Fevral 20
18:47
2016
Muxtar respublikamızda həyata keçirilən tikinti-quruculuq tədbirləri çərçivəsində əhalinin mənzil-məişət şəraitinin yaxşılaşdırılması üstün istiqamət verilən sahələrdən biridir. Son illərdə Naxçıvan şəhərində və rayon mərkəzlərində onlarla yaşayış binası yenidən qurulub, yeni binalar tikilib.
Muxtar respublikada əhalinin mənzil-məişət şəraitinin yaxşılaşdırılması istiqamətində atılan bu addımlar gənc ailələrin də yeni mənzillərlə təmin olunmasına imkan verib. Əgər gənc ailələrin bir qismi fərdi ev inşa etməyi seçirsə, digər böyük bir hissəsi isə hazır mənzil almağa üstünlük verir.
Muxtar respublikada gənclərin mənzilə olan tələbatının ödənilməsi məqsədilə Naxçıvan şəhərinin Əziz Əliyev küçəsində yeni yaşayış kompleksinin – "Gənclər şəhərciyi”nin tikintisi aparılır. "Gənclər şəhərciyi” bu məqsədlə inşa olunan ilk yaşayış kompleksidir. Kompleksin ümumi ərazisi 23 min 109 kvadratmetrdir.
Ərazidə ikisi 9 mərtəbəli, ikisi 11 mərtəbəli, ikisi isə 13 mərtəbəli olmaqla, 6 bina yerləşir. Hazırda buradakı 9 mərtəbəli iki binada son tamamlama işləri aparılır, 11 mərtəbəli iki binanın isə fasad hissəsi boyanır. Digər 13 mərtəbəli binalarda isə hörgü işləri başa çatdırılıb, dam örtüyü vurulub, hazırda daxildə suvaq işləri davam etdirilir.
Tikinti obyektindən verilən məlumata görə, yeni yaşayış kompleksindəki 4 binada mənzillər iki və üçotaqlı, 13 mərtəbəli binalarda isə bir, iki, üç və dördotaqlıdır. Ümumilikdə, binalarda 506 mənzil yerləşir. Bundan əlavə, yaşayış kompleksinin qarşı tərəfində 133 avtomobil yerlik yeni park da istifadəyə hazırdır. Digər 188 yerlik avtopark isə binada yaşayan sakinlərə xidmət edəcək.
Şəhərciyin kommunal-məişət şəraiti və sosial infrastrukturu da ən müasir tələblər səviyyəsində qurulacaqdır. Həyətyanı sahədə müasir işıqlandırma və təhlükəsizliyi təmin etmək üçün videonəzarət sistemləri quraşdırılacaq, idman və istirahət meydançaları yaradılacaq. Bundan əlavə, ərazidə yeni uşaq bağçasının tikintisi və kompleksi "Cahan” Ticarət Mərkəzi ilə birləşdirən keçidin qurulması da nəzərdə tutulub.
Qeyd edək ki, yaşayış binalarının tikintisi yüksək keyfiyyətlə aparılır və obyektdə yerli inşaat materiallarından istifadəyə üstünlük verilir.
şerqqapısı.az