Gənclərin İnkişaf və Karyera Mərkəzi seksual cinayətkarı tenderdə qalib edib - ARAŞDIRMA
Sentyabr 30
22:53
2021
Gənclərin İnkişaf və Karyera Mərkəzi 40 nümayəndəliyində həyata keçirilməsi nəzərdə tutulan müxtəlif layihələr üzrə mal və xidmətlərin satın alınması üçün "Alono M” MMC ilə müqavilə imzalayıb.
Bu müqavilədə diqqət çəkən məsələ odur ki, onun altında təchizatçı kimi seksual xarakterli cinayət törətmiş şəxsin imzası var.
Gənclərin İnkişaf və Karyera Mərkəzi ilə "Alono M” MMC arasında sentyabrın 24-dən gələn ilin sentyabrın 24-ə qədər yerinə yetirilməli olan müqavilənin dəyəri 46 256 manat təşkil edir.
Gənclərin İnkişaf və Karyera Mərkəzinin nümayəndəsi Ədalət Qasımov Turana bildirib ki, qanunvericilik kotirovka sorğularına qatılan iddiaçılar üçün bir sıra tələbləri müəyyən edir və onların arasında potensial mal (iş və xidmət) təchizatçısının texniki və digər imkanları ilə bağlı heç bir meyar yoxdur.
Həmçinin iddiaçının qanuni nümayəndəsinin şəxsiyyəti yoxlanılmalı deyil.
"Alono M” MMC (VÖEN: 1804324661) 2019-cu ilin fevralın 18-də Bakı şəhəri Sabunçu rayonundakı mənzillərin birində qeydiyyata alınıb.
Gənclərin İnkişaf və Karyera Mərkəzi Azərbaycan Respublikası Gənclər Fondu yanında yaradılıb. 2019-cu ilin oktyabr ayında prezident İlham Əliyev Mərkəzin regional nümayəndəliklərinin yaradılması və fəaliyyətinin təmin edilməsi məqsədilə 4 milyon manatın ayrılması ilə bağlı sərəncam verib.
Gənclərin İnkişaf və Karyera Mərkəzinin ölkənin şəhər və rayonlarında əsasən Heydər Əliyev Mərkəzlərində yerləşən 43 nümayəndəliyi var.
Mənbə: TURAN
Qlobal.Az