SON XƏBƏR

Gizli polisdə almanlar qadınlardan necə istifadə edirdi?

Noyabr 25
00:16 2019
20-ci əsrin ən güclü xüsusi xidmət orqanlarından biri sayılan ŞTAZİ-nin başçısı Markus Volf 19 yanvar 1923-cü ildə Ştutqardda yazıçı və doktor olan Fridrix Volfun ailəsində dünyaya gəlmişdi.

Almaniyada NSDAP-ın (Nasional Sosialist Partiyası) hakimiyyətə gəlməsi ilə qatı bir kommunist olan Fridrix Volf öz ailəsini öncə İsveçrəyə, daha sonra isə Fransadan Moskvaya aparır. Markusun sonrakı həyatının bir hissəsi artıq bu şəhərlərlə bağlı olacaqdı. Moskvada ilk vaxtlar miqrantların oxuduğu məktəbdə Marks, Lenin, Stalinin fikirləri və Oktyabr inqilabı abu-havası təsirində təhsil alan Markus əqidəli bir kommunist kimi formalaşmaqda idi. Onun həyatının bu mərhələsini sonralar sürgündə olan Komintern məktəbinin üzvləri belə xarakterizə edirdi: "Çox ağıllı biri idi, rəsmi sakitliklə hər zaman arxada dayanar, öz yoldaşlarının ciddi yanaşdığı, mübarizə apardığı, ilhamlandığı hər şeyə şahmat oyunu kimi yanaşardı. O, bir "Arxada dayanan idarəçi” idi. O, və onun kimilər heç nədən ilhamlanmır, heç nə onların sakitliyini poza bilmirdi. Onlar ehtiyyatla və diqqətlə növbəti taktiki gediş üçün özlərini kənarda saxlayırdılar.”

Müharibənin başlanması onun təhsil sahəsindəki uğurlarını da kölgələmişdi. Onun məktəbi müharibə ilə əlaqədar Ufanın 60 mil yaxınlığında yerləşən Kusnarenkovoya köçürülmüşdü. Zaman isə onun lehinə işləyirdi. 1942-43-cü illərdə Stalinqrad yaxınlığında alman ordusunun məğlubiyyətindən sonra onun üçün işıqlı gələcək görünməyə başlamışdı. Stalin artıq müharibədən sonranı düşünür və öz planlarını həyata keçirmək üçün Almaniyanı idarə edəcək savadlı və sədaqətli kadrlara ehtiyac olduğunu başa düşürdü.

Volf 1945-ci ildə sonradan Alman Sosialist Partiyasının rəhbəri olacaq Valter Ulbriçin qrupunda jurnalist kimi vətəninə qayıtdı və sovetləşdirilmiş Almaniyanı müharibədən əvvəlki vəziyyətinə gətirmək üçün fəaliyyətə başladı. Artıq Markus "Mişaya” çevrilmişdi və onun üçün bu dövrdən etibarən milliyyət "yarım rus” və Sovet İttifaqı isə "ikinci vətən” sözləri ilə anılmağa başlanmışdı. Volf hələ gənc olmasına baxmayaraq Almaniyaya geri qayıdanlar arasında rus dilində axıcı danışması və "Rusiya ilə parlaq əlaqələri” ilə fərqlənirdi. Bu tip üstünlükləri onun statusunu müəyyənləşdirən amillərə çevrilmişdi. Hələ iyirmi yaşında olmasına baxmayaraq, ona Glienecker gölü yaxınlığında görkəmli bir ev verildi. Halbuki həmin vaxt onun yoldaşları daha aşağı dərəcəli yerlərdə yaşayır və təminat baxımından da ondan geridə idilər. Qısası onun Sovet "rəhbərləri” var idi və "Mişa”ya öz işlərində köməklik göstərirdilər.

Mişa, Gerta, Klara…

Volf ilk vaxtlarda ADR (Almaniya Demokratik Respublikası) diplomatik missiyasının tərkibində tez-tez Moskvada olurdu. Yaşının az olmasına baxmayaraq önəmli dövlət işləri üçün seçilmiş bir kadr idi. Qısa müddət ərzində yeni hökumətdə irəliləməyi bacaran Markus yeni yaranmış dövlətin kəşfiyyat xidmətinə cəlb olunur. Özünün ilk vaxtlar jurnalist olmasına baxmayaraq sonralar xatirələrində "ən pis agentlər hər zaman jurnalistlərdir” deyən Markus ANP adlanan yeni təşkilata daxil olur. ANP-xarici polis kəşfiyyat xidməti kimi ŞTAZİ-nin ilkin versiyası idi və personal sayı cəmi 200 nəfərdən ibarət idi. Volf gizli əməliyyatlara 20 yaşı olanda – 1943-cü ildə elə Komintern məktəbinə seçildiyi vaxtda başlamışdı. Onun sonrakı fəaliyyəti dövründə də keçmişindəki yetişdirildiyi məktəbin təsiri özünü göstərirdi. O, hər zaman "Biz Moskvanın baş müttəfiqi idik” deyərək əslində iki sosialist dövlət arasındakı münasibəti açıqca ortaya qoyurdu.

Zaman keçdikcə Markus çoxlarının qorxulu yuxusuna çevriləcək "görünməz adam”a çevriləcəkdi. Volf APN-də bir sıra uğurlarla yanaşı ilkin çətinliklərlə də qarşılaşırdı. APN/İVF-dakı (elektron-sənaye kəşfiyyatı) fəaliyyətində bir sıra uğursuzluqlar az qala onun karyerasını bütünlükdə bitirə bilərdi. Belə ki, 1951-ci ildə Qərbi Almaniyada APN-nin bir neçə agentdən ibarət gizli cəsus şəbəkəsi deşifrə olunmuşdu. Bunlar içərisində Qothold Krausla bağlı olan hadisənin xüsusi önəmi vardı. Belə ki, Kraus Qərbi Almaniyada bir bankir adı altında gizli fəaliyyət göstərən və APN tərəfindən yerləşdirilən bir agent idi. O, iqtisadi kəşfiyyat işlərini aparmalı idi. Qısa müddətdə şöbə müdirinin müavini vəzifəsinə qədər yüksəlməyi bacarmışdı. Kraus 1953-cü ilin aprelində ABŞ-a qaçdı və özü ilə APN zabitləri, agentləri və informatorları ilə bağlı məlumatları da apardı. Sonralar Volf "Mən bu hadisəni ağır şəxsi zərbə kimi qəbul elədim və bu mənə yenicə yaranmış xidmətimizin təhlükəsizlik baxımından hələ çox geridə olduğunu bir daha dərk elətdirdi”,- deyə yazacaqdı.

1953-cü ildə APN ləğv edildi, onun əməkdaşları və arxivi əsasında KQB modelində Dövlət Təhlükəsizlik Nazirliyi (ŞTAZİ) yaradıldı. Markus Volf nazirliyin HA XV (xarici kəşfiyyat) əsas şöbəsinə təyin edildi. Xüsusi xidmətlər arasında öz gizliliyi və üstünlüyü ilə açıqca fərqlənməyi bacaran, Sovet KQB-nin Avropadakı gözü olan ŞTAZİ, daxildə olduğu kimi xaricdə də amansız və əzəmətli idi. Təkcə qonşu Almaniya Federativ Respublikasının 100.000 vətəndaşı ŞTAZİ üçün informatorluq fəaliyyəti ilə məşğul olurdu. Var olduğu müddət ərzində ŞTAZİ miqrant adı ilə minlərlə hazırlanmış agenti Qərbi Almaniyaya keçirməyi bacarmış və Qərb xüsusi xidmətlərini belə demək mümkünsə üçüncü şəxs kimi oyundan çıxarmağı bacarmışdı.

Hədəfdə Qərbi Almaniya..

Markus Volf ŞTAZİ-in Xarici Kəşfiyyat Bölümündə 1952-86-ci illər arasında 34 il xidmət edib. Bu dövr demək olar ki Soyuq Müharibəni bütövlüklə əhatə edir. Bu dövr ərzində ŞTAZİ-in xarici sferada qazandığı uğurlar birbaşa Markus Volfun adı ilə bağlı idi. Volfun hədəfində isə ilk yeri hər zaman qonşu AFR tuturdu. Xatirələrində də yazdığı kimi, ən xırda detallara belə önəm verən Markus xüsusilə, agent hazırlığını ciddi qiymətləndirirdi. Hazırlıqlar o qədər ciddi idi ki, təlimlərdə belə onlarla əməkdaş həlak olurdu. Lakin Markusun metodları demək olar ki, yüzdə yüz özünü doğruldurdu. Volfun agentləri çox az hallarda uğursuz olurdu. Qərbi Almaniya sistemindəki bu üstünlüyün əsas səbəbi Şərqi Almaniya əleyhinə yaradılmış qurumlarının say çoxluğu idi. Markus qurumlar arası rəqabət və çoxsaylılıq amilindən ustalıqla istifadə edirdi. Elə bunun nəticəsidir ki, BND-in Anti-ADR şöbəsinin rəhbəri Klaus Kuron, Sovet bölümünün analitiki Qabriel Gest, hərbi əks-kəşfiyyatın rəhbər müavini Yoaxim Kras kimi önəmli şəxsləri əməkdaşlığa cəlb etməyi bacarmışdı. Ümumi fəaliyyəti nəzərə aldığımızda ”Anmeldunq” (qeydiyyat) kod adlı əməliyyat Qərbi Alman xüsusi xidmət orqanlarının, bəlkə də, ŞTAZİ qarşısındakı ən mötəbər uğurlarından biridir. Bir neçə agentin deşifrə olunması ilə nəticələnən əməliyyatların heç biri Markusu və onun əzmini sarsıtmırdı.

O, Qərbi Almaniyanı öz oyun meydançasına çevirmişdi. "Hər şey bir nöqtədə cəmlənmişdi: Biz onların (Qərbi Almaniyanın) sisteminə necə olur olsun daxil olmalı idik”- Volf xatirələrində yazırdı. Bəlkə də bu əzmin nəticəsidir ki, Volf Qərbi Almaniya kansleri Villi Barndtın ofisinə qədər yüksəlməyi bacaran Günter Qaulime kimi cəsusuları yaratmağı bacarmışdı.

ABŞ-a sərt sillə, NATO – "açıq kitab”…

Zaman irəlilədikcə və ŞTAZİ daha da böyüyərək qüdrətləndikcə Volfun da maraqları Qərbi Almaniya ilə kifayətlənmirdi. Hədəfdə daha böyük qüvvələr – NATO və ABŞ var idi. Volf burda da uğurlu idi. Hələ 70-ci illərin ortalarından Berlinin Britaniyaya aid olan sektorunda xüsusi dinləmə üçün nəzərdə tutulmuş Sahə stansiyası fəaliyyət göstərirdi. Stansiya öz dövrünün ən güclü radar və antennaları ilə təmin edilmişdi ki, bu da qərbli müttəfiqlərə Varşava paktı ölkələrinin hərbi qüvvələri haqqında müfəssəl məlumatlar əldə etməyə imkan verirdi. Radarların gücü Qərbi Rusiyaya qədər olan hər danışığı izləməyə imkan verirdi. Bütövlükdə sosialist bloku üçün həyati əhəmiyyətə malik olan bu sistemə sızma işini Volf öz üzərinə götürdü.

1980-ci illərin əvvəllərində Volfun HV A qrupu amerikan 766-cı hərbi kəşfiyyat batalyonunun serjantı Jeyms Hallı əməkdaşlığa cəlb edə bildi. Bunula da bir sıra qərbli müəlliflərin təbirincə desək ŞTAZİ "kəşfiyyatın kitabını yazdı”. Hallın verdiyi məlumatlar sayəsində ŞTAZİ və onun bir sıra sosialist müttəfiqləri Qərb blokunun əlində olan məlumatların xarakteri haqqında anlayış qazandılar. Bundan sonra isə düşmənin aldadılması kampaniyası başlandı. Kampaniya Hallın deşifrə olunduğu günə qədər öz axarında davam etdi. Volf bu hadisəni yükək qiymətləndirərək qeyd edirdi: "Hallın xəyanəti bizə 6 il ərzində amerikan elektronik izləmə qurğularını şikəst etməyə imkan verdi”.

Kəşfiyyat sahəsindəki "Romeo” əməliyyatları isə bəlkə də Markus Volfu öz sahəsində məhşurlaşdıran ən əsas amillərdəndir.

Kəşfiyyatda qadınların xüsusi önəmə sahib kişilərə qarşı istifadə olunması adəti hamıya bəllidir. Ancaq, Volf burda məxsusi dəyişiklik edib, kişiləri qadınlara qarşı istifadə etməyə başladı. Gənc və gözəl alman oğlanların Qərb müəssisələrində rəhbər şəxslərin katibələrinə qarşı istifadəsi keçmiş bir adətin yeni versiyada uğurlu davamı idi. Elə buna görə Volf "Əgər bir gün kəşfiyyat tarixinə keçəcəyəmsə bu, cəsusuluqda seksdən istifadə etməyim sayəsində olacaq” deyirdi.

Eyni zamanda Volf təkcə xarici kəşfiyyatı deyil həm də əks-kəşfiyyat fəaliyyətini formalaşdıran əsas simalardan biri idi. O, bütövlükdə Soyuq Müharibə dövrü ərzində ABŞ-Şərqi Almaniya əlaqələrindən bəhs edərkən təvəzökarlıqla etiraf edirdi: "80-ci illərin sonların biz qibtə olunacaq mövqedə idik, ona görə ki, Şərqi Almaniyada bizim əks-kəşfiyyatımız tərəfindən ikili agentə çevrilmiş və ya ən əvvəldən bizim üçün çalışanlardan başqa bir nəfər belə CİA agenti yox idi. Onların hamısı bizim sifarişimizlə diqqətlə seçilmiş informasiya və dezinformasiya ötürürdü”. İşin qəribə tərəfi isə o idi ki, Qərbin xüsusi xidmət orqanlarının başlarına bu qədər oyun açan adam haqqında ən qısa məlumatları belə yox idi.

Volf artıq Qərb üçün "görünməz adam” idi. Uzun müddətli bu mif onun şöhrətini daha da artırmış və xüsusilə də öz sahəsində qorxulan bir obraza çevirmişdi. Lakin 1978-də İsveç səfəri zamanı təsadüfi bir çəkiliş əsnasında "var olduğu” sübuta yetirilmişdi. Həmin vaxtlarda Qərbə iltica edən bir alman onun kimliyini təsdiqləmişdi. Bir sıra mənbələr isə həmin vaxta qədər CİA-in Nurnberq konfransına jurnalist kimi qatılan Volfun şəklini əldə etdiyini qeyd edir. Volf özü isə hadisələrə tamamilə fərqli yanaşırdı. Ona bir reportajı zamanı "görünməz adam” mifi ilə bağlı verilən suala "Əslində mən heç vaxt üzümü gizlətməmişəm. Hər zaman dövlət tədbirlərində iştirak etmişəm. Bu, qərbli agentlərin bacarıqsızlığından başqa bir şey deyil”,– deyə cavab vermişdi.

Moskva göz yaşlarına inanmır

1986-da Volf çox kritik və simvolik bir zamanda uzun illər işlədiyi təşkilatdan təqaüdə çıxdı. Fəaliyyətini Moskvadakı günlərini və yetişdirilməsini izah edən kitab yazmaqla davam etdirdi. "Troyka” adlanan kitabı hər iki Almaniyada eyni gündə nəşr edildi. Hər nə qədər Qorbaçovun siyasi xəttini dəstəkləmiş olsa da, Almaniyanın birləşməsinin gətirdiyi qorxu ilə o da seçim etmək qarşısında qalmışdı. Volf kimi bir sıra şərqi almanlar Sovetdən minnətdarlıq gözləyirdi, lakin onlar da məyusluğa düçar oldular. Yeni yaranan alman sisteminin mahiyyətini başa düşən Volfun iki seçmi vardı: Özünün qeyd etdiyi kimi ya CİA-dən bir təklif və yüksək pul müqabilində ABŞ-a getmək, ya da Moskvanı seçmək. Özünün də haqqında danışdığı kimi "uşaqlığının şəhəri idi Moskva… Ürəyinin böyük bir hissəsi hər zaman orada idi”. 

Volf ikinci yolu seçdi. Lakin bu qədər vaxt ərzində xidmət etdiyi və birgə çalışdığı KQB ona köməklik göstərmədi. Volf bu dövrü belə xatırlayırdı: "Bu illər yalançı əbədi qardaşlıq eynəyini gözümüzdən qaldırmışdı, geridə isə yazıq bir dəstə qalmışdı”. Daha sonra Volf birbaşa Qorbaçova müraciət edir: "Biz sizin təhlükəsizliyiniz üçün böyük tövhələr vermişik, indi isə bizim üçün kömək saatı çatıb. Mən inanıram ki, bizə gərəkən köməkliyi göstərməkdən imtina etməyəcəksiniz”. Qorbaçov bu məktuba heç vaxt cavab vermədi.

Ən nəhayətində Markus Volf öz vətənində "vətənə xəyanətdən, işgəncə və adam qaçırtma” kimi cinayətlərdən mühakimə edilərək iki il həbsə məhkum edildi. İstər məhkəmədə olsun, istərsə də dövlət orqanlarının təkliflərində vaxtilə özü ilə birlikdə işləyən agentlərin heç birini deşifrə etmədi. Hətta xatirələrində atom cəsusuluğunda rolu olan şəxslər haqqında belə şahidlik etməkdən imtina etdi. Sonralar belə iradəli bir insanın necə olub xüsusi xidmətdə uzun illər çalışdığı sualı veriləndə, Volf çox sadə cavab verməklə kifayətlənmişdi: "Çünki, mən inanclı bir kommunist idim”!

Soyuq müharibənin "görünməz adamı” Markus Volf 83 yaşında əslində heç gizlətmədiyi və Berlin divarının yıxılması ilə itirdiyi sosialist üzü ilə elə Berlin divarının yıxıldığı gündə, öz ölkəsində vəfat etdi…

Mənbə: konkret.az





Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook