SON XƏBƏR

Gömrük Komitəsi "dostlarını" ələ vermir... - Əvəzində "günah keçisi" axtarır...

Yanvar 07
10:07 2019
Ölkəmizdə pirotexniki vasitələrin satışına 2001-ci ildən qadağa qoyulsa da, ötən illər olduğu kimi, bu il bayram günlərində də qadağaya məhəl qoyulmadı. Bu bayram da pirotexniki qurğular açıq satışda oldu və kütləvi istifadə edildi. Xatırladaq ki, Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) başçısının 17 dekabr 2001-ci il tarixli sərəncamı ilə partlayıcı oyuncaqların, fişənglərin satışı və istifadəsi qadağandır. Amma hələ bayram ərəfəsində məhz BŞİH-in təşkil etdiyi yarmarkalarda bu vaisitələrin açıq satışı diqqəti cəlb edirdi.

Bu il də Fövqəladə Hallar Nazirliyi tərəfindən də priotexniki vasitələrin təhlükəli olması ilə bağlı xəbərdarlıq edildi. Amma partlayıcıların istifadəsi təhlükəsiz ötüşmədi. Uşaqların, gənclərin xəsarət alması ilə bağlı xəbərlər yayıldı. Yeni il axşamı Bakıda olan əcnəbi turist də pirotexniki vasitələrdən ciddi xəsarət aldı. Partlayış nəticəsində 34 yaşlı Türkmənistan vətəndaşı sağ əlinin iki barmağını itirdi. Həkimlər həmin şəxsin pirotexniki vasitəni düzgün istifadə etmədiyi üçün bədbəxt hadisənin baş verdiyini bildirdi.

Sual doğuran başlıca məsələ qadağan olduğu halda bu cür vasitələrin ölkəmizə kimlər tərəfindən və necə gətirlməsiylə bağlıdır. Dövlət Gömrük Komitəsindən bununla bağlı gömrük orqanlarına qarşı irəli sürülən iddiaları əsassız adlandırıb. Komitənin Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsindən verilən məlumatda pirotexniki vasitələrin qanunsuz yolla ölkə ərazisinə gətirildiyi bildirilib və Komitənin buna qarşı mübarizə apardığı qeyd olunub:

"Sözügedən məmulatların gömrük sərhədindən qanunsuz yollarla keçirilməsi üçün əsasən nəqliyyat vasitələrinin müxtəlif hissələri gizli saxlanc yerləri kimi istifadə edilib. Aşkar edilən faktlar üzrə saxlanılan xeyli miqdarda pirotexniki vasitələr məhz, ötən ilin dekabr ayında media nümayəndələrinin iştirakı ilə yandırılaraq zərərsizləşdirilib. Həmin məhsulların gömrük sərhədindən keçirilməsinə gəlincə isə bu yalnız qaçaqmalçılıq yolu ilə və ya qanunvericilikdə nəzərdə tutulan xüsusi icazə əsasında mümkündür. Qaçaqmalçılıq yolu ilə ölkənin gömrük sərhədindən keçirilməsinə cəhd göstərilən və gömrük orqanları tərəfində saxlanılan məhsulların sonradan qeyri-qanuni yolla sərbəst dövriyyəyə buraxılması barədə deyilənlər isə gömrük orqanlarına qarşı aparılan qaralama kampaniyasının tərkib hissədidir və əsla həqiqətəuyğun deyil”.

Açıqlama bir sıra ziddiyyətli məqamları ortaya çıxarır. Priotexniki vasitələr qaçamalçılıq yolu ilə ölkəyə gətirilirsə, onların açıq-aşkar və kütləvi satışı necə mümkün olur?

Bir məqamı da qeyd edək ki, bu il qiymətlərin ötən illərdən daha baha olduğu müşahidə olunub. Keçən il 1 AZN-ə olan kiçik partlayıçılar bu il 2.50 AZN təklif olunub. Bir qədər böyük fişənglərin qiyməti isə daha baha olub. Satıcılar isə bunun səbəbini icazə üçün 50 manat ödəmələri ilə izah etsələr də vəsaitin kimə, nə məqsədlə verildiyi açıqlanmayıb.

İqtisadçı-ekspert Nazim Bəydəmirli "Cümhuriyət” qəzetinə açıqlamasında bildirib ki, qadağalar olduğu üçün bu sahədə korrupsiya da istisna deyil:

"Gömrük Komitəsinin açıqlaması heç kimi qane etmir. Çünki Komitənin icazəsi olmadan bu vasitələrin bu həcmdə ölkəyə gətirilməsi qeyri- mümkündür. Görünür, bunu gətirən şirkət malı başqa adla bəyan edərək gömrükdən keçirir. Gömrük orqanları da buna göz yumur. Təbii ki, burada qarşılıqlı "anlaşma” mövcuddur”.

Nazim Bəydəmirli deyib ki, bir sıra xarici ölkələrdə bu vasitələrin istifadəsi reqlamentasiya olunub:

"Avropa ölkələrinin bəzilərində yeni il ərəfəsində bu vasitələrin istifadəsi qadağan deyil, amma müəyyən saat məhdudiyyəti qoyulur. Qaçaqmalçılıq da yoxdur. Ona görə də hesab edirəm ki, bizdə bunun tam qadağan edilməsi doğru deyil və korrupsiya yaradan amildir. İcazə vermək lazımdır. Xüsusi lisenziya əsasında icazəsi olan şirkətlər gətirməli və vergilərini tam ödəməlidirlər. Spirtli içki və tütün məmulatları kimi bu vasitələr da müxtəlif qaydalar qoyulmaqla satışa buraxılmalıdır. Uşaqların istifadəsinə valideynlər nəzarət etməlidirlər. Uşaqların sağlamlığını da düşünmək, cəmiyyətin bayramı normal keçirmə haqqını da tanımaq lazımdır. Digər hallarda ölkədə qaçaqmalçılığın, monopoliyanın olmadığını bəyan edən Dövlət Gömrük Komitəsi rəhbərləri adi bir vəziyyətdə bunu reqlamentə salmaq istəmirlər. Və ya əlavə, gizli gəlir mənbəyidir deyə, bunun üstünə getmirlər”.

Qlobal.az



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook