SON XƏBƏR

Gömrük Komitəsi qaçaq siqaret idxalına şərait yaradır?

Sentyabr 06
09:45 2016
Eyyub Hüseynov: "Səhiyyə Nazirliyi "Mehdi” firması və "Azəri” Korporasiyasının zərərli tütün məhsullarına sertifikat verib”
 
Xaçmaz Gömrük İdarəsinin "Xanoba” gömrük postunda Rusiyadan Azərbaycana gələn Azərbaycan Respublikasının vətəndaşının idarə etdiyi nəqliyyat vasitəsinə gömrük baxışı keçirilib. Dövlət Gömrük Komitəsinin Mətbuat Xidmətindən verilən məlumata görə, baxış zamanı həmin nəqliyyat vasitəsində gömrük nəzarətindən gizlədilmiş şəkildə 1000 ədəd "Marlboro” və 13 200 ədəd "NZ” markalı siqaretlər aşkar edilib. "Xanoba” gömrük postunda Rusiyadan Azərbaycana gələn digər Azərbaycan Respublikasının vətəndaşının idarə etdiyi nəqliyyat vasitəsinə baxış nəticəsində isə həmin avtomobildən 2000 ədəd "NZ” markalı siqaret aşkar edilərək götürülüb. Hər iki faktla bağlı araşdırma aparılır (APA).
 
Vaxtaşırı mətbuatdan bu cür "növbətçi” xəbərləri oxuduqda, bir anlıq bizdə elə təsəvvür yaranır ki, həqiqətən də ölkədə qaçaq siqaret idxalına qarşı fəal mübarizə aparılır. Lakin fevralın 21-də baş verən ikinci devalvasiyadan sonra, piştaxtalarda daha çox qaçaq siqaret satılmasını müşahidə edirik. Məsələn, bir neçə ay əvvəl "Pirveli” siqaretlərinə Bakının az qala bütün qəzet köşklərində rast gəlmək olardı. Hazırda isə daha çox İrandan və Rusiyadan gələn qaçaq siqaretlər "dəbə düşüb”. Aydındır ki, daxili bazarda bu və digər qaçaq mal satışına qarşı Vergilər Nazirliyi mübarizə aparmalıdır. Lakin bu mövzuda ilk məsuliyyət Dövlət Gömrük Komitəsinin üzərinə də düşür ki, "mübarizənin aparıldığı” halda bazarın qaçaq siqaretlə dolması xeyli suallar yaradır.
 
Bu barədə Qafqaznews.az-a danışan Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov bildirdi ki, Azərbaycanda artıq 15 ildən çoxdur qaçaq siqaret satışı müşahidə olunur. "Son zamanlar bu hallar xeyli artıb. Çox güman ki, Dövlət Gömrük Komitəsində bəzi məmurlar müxtəlif qaçaq siqaret məhsullarının idxalına şərait yaradır”, – deyə E.Hüseynov vurğulayıb.
 
O qeyd edib ki, Azərbaycana qaçaq idxal edilən siqaretlərin əksəriyyəti keyfiyyətsiz və zərərli olur. Elə ölkəmizdə də son zamanlar imkanı az olan vətəndaşların çox alması üçün ucuz, amma zərərli siqaretlər istehsal olunur. Səhiyyə Nazirliyi "Mehdi” firması və "Azəri” Korporasiyasının zərərli tütün məhsullarına sertifikat verib, lakin bu siqaretlər ciddi təhlükə yaradır. Biz bu məhsulları xaricdə ekspertiza etdirdik, məlum oldu ki, sözügedən şirkətlərin siqaretləri insanlarda qeyri-infeksiyon xəstəliklərə yol açır. Filtersiz siqaret də satmaq olar, lakin mən dediyim məhsulların tərkibində zərərli maddələr daha çoxdur. Mənə maraqlıdır ki, Səhiyyə Nazirliyi təhlükəli siqaretlərə hansı əsasla sertifikat verib? Çox təəssüf ki, bu halların qarşısını ala bilmirik, amma müxtəlif dairələrdə davamlı olaraq məsələ qaldırırıq”, – deyə AİB sədri qeyd edib. O əlavə edib ki, bu məsələdə Dövlət Gömrük Komitəsinin də üzərinə böyük məsuliyyət düşür. "Gömrük orqanları istəsələr, bu kimi halların kökünü birdəfəlik kəsə bilərlər. Lakin hansısa məmurlar qaçaq siqaret idxalına şərait yaradır, hansısa maraqları səbəbindən görməzdən gəlirlər”, – deyə E.Hüseynov bildirib.
 
Qlobal.az





Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook