SON XƏBƏR

Gömrük rüsumlarını artırmaqla iqtisadiyyatı inkişaf etdirmək olmaz

İyun 08
12:34 2020
Bu günlərdə elektron KİV-də belə bir məlumat yayıldı ki, Azərbaycana gətirilən bahalı avtomobillər və lüks əşyalar üçün gömrük rüsumu artırılacaq. "Bunlar əsasən lüks malların istifadəçilərinə, tütün, eləcə də avtomobillərin idxal edilməsinə aiddir. Söhbət minik maşınlarından gedir, onların daha yüsək aksizlər və vergilər nəzərdə tutulur ki, bunun hesabına dövlət büdcəsinə əlavə vəsaitlər daxil olsun” – deyə Maliyyə naziri Samir Şərifov bildirib. Nazirin sözlərinə görə, bununla bağlı təkliflər artıq hazırdır və layihə hökumətdə müzakirə olunur.

Cəmiyyətimizdə tez-tez rastlaşdığımız bu tip xəbərlər hər zaman məndə dərin təəssüf yaradır. Axı nə vaxtadək büdcənin əyər-əskiyini əhalinin boyuna biçəcəyik. Daha məqbul və alternativ variantlar olduğu halda nəyə görə inzibati yollara əl atırıq? Bax, bunu heç cür anlamıram.

Elektrik enerjisinin qiymətini qaldırırıq, səbəb kimi büdcə kəsirini göstəririk. Yanacağın qiymətini qaldırırıq, bəhanəmiz büdcə kəsiri. Gömrük rüsumunu qaldırırıq, yenə səbəb büdcə kəsiridir. Təbii ki, bizdə də bir dəfə qalxan qiymət heç zaman enmir. Xatırladım ki, bu tip vergi toplama yöntəmi yalnız bizdədir. Dünyada bunun daha sivil və sərfəli variantı da var.

Bu da dövriyyədən yığılan vergidir. Daha çox vergi toplamaq üçün dövriyyəni daha çox artırmaq gərəkir. Fikrimin təsdiqi üçün bir neçə nümunə göstərmək istəyirəm.

Birinci misalı bir növ bizim dövlətin və xalqın tör-töküntülərindən büdcə formalaşdıran Gürcüstanın timsalında göstərmək istəyirəm. Bildiyimiz kimi, gürcüstanlıların əsas məşğulluq mərkəzlərindən biri Rustavi maşın bazarıdır. Bu bazar eyni zamanda, qonşu dövlətlər, eləcə də Azərbaycan üçün əsas istehlak məntəqəsədir. Bu bazara dünyanın dörd bir tərəfindən avtomobillər gətirilir. Özü də su qiymətinə. Bəyəm onların gömrük-maliyyə orqanları, dövlət büdcəsi yoxdur?! Var, təbii ki. Bəs onda nəyə görə Gürcüstanda avtomobillərə tətbiq olunan gömrük rüsumu qəpik-quruşdur, bizdə isə od qiymətinə?! Məsələn, 2015-ci il istehsalı olan, mühərrikin gücü 2,8 kb/sm, bəyannamədə qiyməti 31 min ABŞ dollar göstərilən BMW avtomobili üçün qonşu dövlətdə 3 min 388 lari (1952 manat), Azərbaycanda isə 21 min 960 manat gömrük rüsumu tələb olunur. Gömrük rəsmiləşməsində fərq nə az, nə çox düz 10 dəfədən çoxdur. Və yaxud 2018-ci il istehsalı olan, mühərrikin gücü 2,5 kb/sm, bəyənnamə qiyməti 15 min 500 ABŞ dollar göstərilən RAV4 avtomobili üçün Gürcüstanda 4 min lari (2 min 305 manat), bizdə isə 14 min 631 manat gömrük rüsumu tələb olunur. Fərq göz qabağındadır.

Xatırladım ki, bizim büdcəmizin gəlirlərinin 70-80 faizi neft gəlirlərindən formalaşır. Gürcüstan isə belə bir xoşbəxtlikdən məhrumdur. Bəs onda nəyə görə Gürcüstan gömrüyündə liberal, bizdə isə inzibati siyasət yürüdülür?! Sualımın cavabını mən bilirəm (bəzi səbəblərdən dolayı deyə bilmirəm), lakin sevimli oxucum bunu öyrənmək istəyirsə, onda zəhmət çəkib, Maliyyə Nazirliyinə və Gömrük Komitəsinə müraciət etsin.

Başqa bir misalı qardaş Türkiyədən deyək. Dünyanın ən böyük turizm ölkələrindən biri olan bu dövlətdə 4 ulduzlu mehmanxanada təklif olunan qiymətlər Azərbaycandan ən azı 30-40 faiz ucuzdur. Hələ demirəm ki, Türkiyədə mehmanxanalarda təklif olunan qida rasionu və xidmətlər bizdən xeyli artıq və yüksəkdir .Ona görə də onlarda iynə atsan turist əlindən yerə düşmür, bizdə isə günün günorta vaxtı turisti əli çıraqlı gəzirik.

Göründüyü kimi türklər, gürcülər və digər xalqlar dövriyyədən pul qazanmağa daha çox üstünlük verirlər. Yəni bir gündə 100 adama xidmət edib, onların hər birindən 1 manat qazanmaq ən məqbul variantdır. Bu, əslində ticarətin qızıl qaydasıdır. Bu həm də ticarətin ən halal və gəlirli yoludur. Bizdə isə gün ərzində 1 adama xidmət edib ondan 100 manat almağa üstünlük veririk. Bu isə Azərbaycansayağı ticarətdir. Çünki Azərbaycan yeganə ölkədir ki, burda "xozeyin” həmişə haqlıdır. Dünyada isə müştəri həmişə haqlıdır. Bax, avtomobillərə və antikvar əşyalara təklif olunan yeni gömrük rüsumu da məhz yuxarıda dediyim Azərbaycansayağı yanaşmanın məntiqi nəticəsidir.

KONKRET.az


Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook