SON XƏBƏR

Gömrükdə generalların nüfuz və "korrupsiya savaşı"

Oktyabr 19
00:33 2016
Azərbaycanda ərzaq və digər məhsulların qonşu ölkələrlə müqayisədə dəfələrlə baha olması hamıya aydındır.
 
Bu fakt Prezident səviyyəsində təsdiqlənsə də, hələ ki, problemin aradan qaldırılmağı istiqamətində ciddi nailiyyət əldə olunmayıb. Səbəb isə ölkənin daxili bazarının böyük vəzifə sahiblərinin himayəsi altında fəaliyyət göstərən monopolist qrupun əlində cəmlənməsi və dövlət gömrük sistemində monolitləşmiş korrupsiyadır.
 
Dövlətin əsas sütunlarından sayılan gömrük sisteminin təkmilləşdirilməsi istiqamətində Respublika Prezidenti İlham Əliyev cənablarının bu ilin mart ayında imzaladığı sərəncam sahibkarlarda böyük ümidlər oyatsa da, hələ ki, sahibkarlar bu sərəncamdan irəli gələn üstünlüklərdən yararlana bilməyiblər.
 
Qeyd edək ki, ölkə rəhbərinin imzaladığı sərəncamda məcburi sertifikatlaşdırılmalı olan malların siyahısının azaldılması nəzərdə tutulurdu.
 
Əldə etdiyimiz məlumatlara görə, uzun illərdən bəri gömrük sistemində oturuşmuş - şəbəkələşmiş monopolist sistem malik olduqları geniş imkanlardan istifadə edərək dövlətin gömrük sisteminin sadələşdirilməsi siyasətinə qarşı ciddi mübarizəyə başlayıblar. Kənardan vahid sistem olaraq görünən, əslində isə müəyyən qruplarda təmsil olunan gömrük generalitetinin böyük ustalıqla dövlət başçısının iradəsinə zidd olaraq apardıqları mübarizədə əlbəttə ki, ən böyük ziyan çəkən orta ranqlı sahibkarlar və istehlakçı vətəndaşlardır. Gömrük sistemində sahibkarların qəsdən incidilməsi və aparılan yaxud gətirilən malların gecikdirilməsi son zamanlar artmaqdadır.
 
 
 
Gömrük generallarının "broker müharibəsi”
 
Azərbaycan gömrüyünün "qara broker bazarı”nda milyardlarla vəsaitin dövr etdiyi haqqında mətbuatda dəfələrlə yazılıb. Məhz gizli dövr edən milyardlarla manat vəsaitə görədir ki, alıcılar və satıcılar arasında vasitəçilik edən broker şirkətlərin kimlikləri və qaranlıq fəaliyyətləri himayəçiləri tərəfindən dövlət əhəmiyyətli sirr kimi qorunaraq saxlanılır. Bir çox hallarda sifarişçi olan iş adamları da real tarifindən 5-10 qat baha pul ödədikləri "xidmətçi şirkətlərin”- brokerlərin üzünü görmür. Sahibkarların iş birliyində olduqları brokerlərdən narazılıq etmələri və yaxud brokerin xidmətindən imtina etməsi isə o sahibkarın ən yaxşı halda müflis olması ilə nəticələnə bilər.
 
Əslində, işi sadəcə, daşımalarla məşğul olmaqdan ibarət olan broker şirkətlərin bu qədər nəhəng kapitala sahiblənməsi və sirr pərdəsinə bürünməsinin səbəbi yuxarıda qeyd etdiyimiz kimi, arxalarında duran yüksək vəzifə sahiblərinə bağlılıqlarını gizlətmək istəkləridir. Yanvar ayında Respublika Prezidentinin özünə iqtisadi məsələlər üzrə yeni köməkçi təyin etməsi və bu köməkçinin az bir müddətdən sonra gömrükdə baş verən neqativ halları televiziya ekranlarında dilə gətirməsi gömrük generaltitetini hərəkətə keçirdi. İllərdən bəri gizli aparılan gömrükdaxili savaş artıq açıq müstəviyə keçdi. Və beləliklə də mətbuat orqanları gömrük generallarının "döyüş poliqonu"na çevrildi.
 
"Sabiq sədr”in varisləri
 
Azərbaycan Respublikası müstəqillik əldə etdikdən sonra yeni yaranan qurumlardan biri də gömrük oldu. 1995-2006-cı illərdə Dövlət Gömrük Komitəsinə rəhbərlik edən indiki Fövqəladə hallar naziri Kəmaləddin Heydərov gömrük sistemini formalaşdırmağı bacardı. Gömruyə rəhbərlik etdiyi dönəmdə özünə yaxın şəxsləri, yerlilərini və sədaqətinə şübhə etmədiyi digər insanları gömrükdə mühüm vəzifələrə yerləşdirə bildi. Bunların içərisində sədaqətlilikləri və bacarıqları ilə xüsusi fərqlənənləri isə daha böyük vəzifələrə və general rütbələrinə çatdırdı. Bu gün gömrük sistemində çalışan insanların böyük əksəriyyəti hələ də özlərini sabiq komitə sədrinə (əslində indi də gömrük sistemi Kəmaləddin Heydərovun çətiri altındadır) borclu sayır və onun "çörəyini” yediklərini açıq-aydın söyləyirlər. Gömrük generalitetinin iştirak etdiyi mühüm tədbirlərdə, yığıncaq və şənliklərdə nümayişkaranə formada Ağsaqqalın- Kəmaləddin Heydərovun şərəfinə badələr qaldırılır. Məlumatlara görə, reallıqda burada baş verənlər üzdə görünən kimi deyil. Əslində, iqtisadçı olmalı olan bu generallar keçmiş əməllərinə və gələcək talelərinə görə aktiv siyasətçilərdən heç də fərqlənmir, əsl siyasətçiləri də aldada biləcək hiyləyə sahibdirlər. Əlbəttə, əksəriyyəti isə savadsızdır.
 
Uzun illərdən bəri yüksək peşəkarlıq və praqmatik siyasi keyfiyyəti ilə özünü təsdiqləmiş Kəmaləddin Heydərovun heç zaman çalışdığı qurumda intellektual müavinə və idarə rəislərinə ehtiyacı olmayıb. Kəmaləddin Heydərov üçün onların savadsız olmaqları idarəetmənin asanlaşması və gələcək perspektivlərin hədəfdən qaçmaması üçün vacib amillərdən olub. Və buna görədir ki, bu gün gömrükdə "sabiq sədr”in varisləri tv-lərdə ölkədə aparılan iqtisadi islahatlar barədə 5 dəqiqəlik davamlı çıxışlar edə bilmirlər.
 
Sədrlik uğrunda generalların savaşı - qurban verilən brokerlər
 
Əldə etdiyimiz məlumatlara görə gömrük generallarının arasında ən iddialılılar Komitə sədrinin birinci müavini gömrük general- leytenantı Səfər Mehdiyev və Bakı Şəhər baş Gömrük İdarəsinin rəisi general- mayor Vüsal Novruzovdur. Qeyd edək ki, hər iki şəxs uzun illərdən bəri gömrük sistemində çalışırlar. Oxşarlıqları çoxdur- həmyerlidirlər, "sabiq sədr”ə yaxındırlar, gənc və iddialıdırlar. Tək fərqlənməyən cəhətləri isə birincinin, daha doğrusu birinci müavinin nisbətən intellektual olması və bununla öyünməsidir. Əldə etdiyimiz məlumatlara görə Səfər Mehdiyev rus və ingilis dillərini bilir.
 
 
 
Səfər Mehdiyev
 
Qeyd edək ki, Dövlət Gömrük Komitəsinin birinci müavini vəzifəsində 10 ildən artıq çalışan Səfər Mehdiyev böyük təcrübəyə malik olduğu deyilir. Özünə idealı saydığı "sabiq sədr” kimi qarşılaşdığı situasiyaları analiz edə bilir. Təsir trayektoriyasında olan mətbuat orqanlarının vasitəsi ilə mövcud hadisələrdən lehinə istifadə etməyi bacarır. Gizlində gedən proseslərə müvafiq olaraq mətbuat səhifələrində gah özünü vurdurur, gah da rəqiblərini. Əlbəttə ki, bu məlumatlar sonradan Səfər Mehdiyev tərəfindən toplanaraq dosye halında lazım olan MƏQAMa çatdırılır.
 
Uzun illərdən bəri gömrük sistemində brokerlik fəaliyyəti ilə məşğul olan "Broker” MMC-nin rəhbəri Əbülfəz Məlikovunun əleyhinə son zamanlar mətbuatda ardıcıl olaraq məlumatların tirajlanması da qaynağımızın bildirdiyinə görə, Səfər Mehdiyevlə Vüsal Novruzovun arasında gedən gərgin mübarizənin nəticəsidir. Belə ki, qanunla broker fəaliyyəti ilə məşğul olan müəssisələr birinci müavinin- Səfər Mehdiyevin kurasiya etdiyi Gömrük Nəzarətinin Təşkili Baş İdarəsinin və Maliyyə - Taarif və Valyuta Nəzarəti Baş İdarəsinin nəzarəti altında fəaliyyət göstərirlər. Broker şirkətlərin sahibkarlara təklif etdiyi qiymət və zaman mexanizmi bu idarələrlə ilkin olaraq razılaşdırılır. Adıçəkilən hər iki baş idarəyə rəhbərlik edən şəxslərin də Səfər Mehdiyevə xüsusi yaxınlığı olduğu söylənilir.
 
Qlobal.az-a verilən məlumata görə, ölkədə tüğyan edən bahaçılığın və gömrükdə formalaşmış monopoliyaya səbəbkar kimi broker şirkətlərin ünvan göstərilməsi Səfər Mehdiyevin çoxşaxəli planının tərkib hissəssidir. Belə ki, son iki ildə neftin qiymətinin kəskin azalmasına görə baş verən iqtisadi böhranın nəticəsində daxili bazarda kapital əhəmiyyətli dərəcədə azalıb. Ona görə də sahibkarlara baha qiymətlərə xidmət təklif edən "köhnəlmiş” broker şirkətlərinin əvvəlki kimi qazanc gətirmək ehtimalı sıfıra bərabərdir. Və illərdən bəri sahibkarların canını boğaza yığmış sistem bir gün ölkənin ali rəhbərliyinin qəzəbinə tuş gəlməklə bərabər birinci müavini də arxivə gömə bilər.
 
 
 
Vüsal Novruzov
 
Məlumata görə, Səfər Mehdiyevin ikinci planı isə xeyli vaxtdı broker şirkətlərlə düşmən mövqedə olan, onlardan daim "sabiq sədr”ə şikayət edən Vüsal Novruzovun böyük qüvvəyə çevrildiyinin görüntüsünü yaratmaqdır. Qeyd edək ki, hətta zaman-zaman mətbuat orqanlarında gömrük generallarına məxsus milyonlarla dəyərində olan obyektlərin tirajlanmasının arxasında Vüsal Novruzov olduğu yazılıb. İndi də broker şirkətlərin mətbuatda "vurulmasının” arxasında Vüsal Novruzovun dayandığı barədə aidiyyəti kluarlarda şaiyələr yayılmaqdadır. Hətta Komitə sədri postunun bir addımlığında olan Səfər Mehdiyev Vüsal Novruzovun gömrük rəhbərliyinə iddialı olduğunu əlində qalxan edərək əsl niyyətini gizlətməyi bacarır.
 
Yaxın ətrafını və qohum- əqrabalarını əhəmiyyətli vəzifələrə yerləşdirməklə böyük sistem yaratmış Səfər Mehdiyevin yaxın zamanlarda Gömrük Komitəsinin sədri vəzifəsinə təyin olunacağı barədə gömrük işçiləri arasında məlumatlar dolaşır. Görünür, Səfər Mehdiyev bu məlumatı yaydırmaqla ona sədaqətli olan insanları test edərək gələcək dost və düşmənlərini müəyyənləşdirir...
 
Yazıda adıçəkilən şəxslərin də mövqeyini işıqlandırmağa hazırıq.

Qlobal.az





















Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook