SON XƏBƏR

Gürcüstan azərbaycanlılarının dövlət dilini bilməməsi böyük problem olaraq qalır - Dövlət Dili Departamenti

İyun 11
12:50 2019
"Gürcüstan azərbaycanlılarının dövlət dilini bilməməsi böyük problem olaraq qalır”.

Bunu "Report”un yerli bürosuna açıqlamasında Gürcüstanın Dövlət Dili Departamentinin sədri, filoloq, professor Giorgi Alibeqaşvili bildirib.

Onun sözlərinə görə, Gürcüstan hökuməti azərbaycanlı vətəndaşların dövlət dilini öyrənməsi və vətəndaş cəmiyyətinə inteqrasiyası üçün çalışır: "Gürcü dilini bilmədən dövlət qurumlarında işlə təmin olunmaq mümkün deyil. Təəssüflər olsun ki, azərbaycanlıların sıx yaşadıqları Kvemo Kartli bölgəsində gürcü dilini bilmək səviyyəsi aşağıdır”.

G.Alibeqaşvili ictimai məktəblərdə gürcü dilinin tədris səviyyəsinin də artırılmasına ehtiyac olduğunu deyib: "Hazırda müəllimlərin motivasiyası yoxdur, çünki onların əməkhaqqları yüksək deyil. Bu problemlərin mərhələli şəkildə həll olunacağına ümid edirəm. Bundan sonra gənclərin müəllim peşəsinə marağı artacaq”.

Departament rəhbəri hesab edir ki, dövlət dilini öyrənmək insanın şəxsiyyətindən asılıdır: "Şəxsiyyət güclü olanda həmin şəxs həm dövlət dilini, həm də öz dilini öyrənir. Kvemo Kartlidə yaşayan azərbaycanlılar yalnız gürcü dilini deyil, öz doğma dillərini də yaxşı bilmirlər. Mən Azərbaycan dilinin ədəbi və qrammatik normalarını nəzərdə tuturam”.

G.Alibeqaşvilinin fikrincə, milli azlıqlar arasında dövlət dilinin tədrisi və öyrənilməsi ilə bağlı mövcud problemlərin həlli üçün minimum 5, maksimum isə 10 il tələb olunur.

Qeyd edək ki, Gürcüstanın Dövlət Dili Departamentinin əsas fəaliyyət istiqamətləri gürcü dilinin qorunması, populyarlaşdırılması və ölkədə linqvistik müxtəlifliyin inkişaf etdirilməsidir. 


Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook